Rus sülhməramlılar qanunsuz silahlıları tərksilah etmələri yerinə... HİDDƏT+FOTOLAR

Rusiya sülhməramlıları kontingenti “hərbi hazırlıq üzrə planlı məşğələ” adı altında Dağlıq Qarabağda nəzarət etdikləri ərazilərdə müxtəlif silahlardan atış təlimləri aparıblar. SİA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin saytında da qeyd olunur. Maraqlıdır ki, Rusiya sülhməramlıları kontingentinin hərbi təlimləri “Stepanakert” adlandırılan poliqonda baş tutub.

Digər tərəfdən, onların fəaliyyətdə olan yüksək rütbəli zabitləri hesabat xarakterli çıxışları zamanı gah Qarabağ yerinə “Artsax” ifadəsini işlədir, gah da mövcud olmayan qurumun fəaliyyəti ilə bağlı danışarkən, “DQR”in “dövlət strukturları” kəlmələrini səsləndirirlər. Bütün bu kimi hadisələr isə söz yox ki, Azərbaycan cəmiyyətində suallar, narahatlıqlar yaradır. Daha dəqiq desək, bənzər məsələlərin, hətta Rusiyanın müdafiə nazirliyinin saytında da yer alması ölkə ictimaiyyətini qıcıqlandırır.

Haqlı olaraq sual edilə bilər ki, Rusiya sülhməramlıları nəyə görə hələ də üzərlərinə düşən əsas vəzifələrin – qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilməsi, Ermənistandan Qarabağa sızan erməni hərbçilərinin, yüksək rütbəli zabitlərin, müxtəlif texnikaların qanunsuz səfərlərinin və keçirilməsinin qarşısının alınması və s. kimi narahatlıq doğuran faktların qarşısını almaları yerinə vaxtlarını hərbi təlimlər keçirməyə sərf edirlər? Onlar Azərbaycana buna görəmi dəvət ediliblər?

Xatırladaq ki, bir müddət əvvəl mövcud olmayan “DQR”in saxta “bayrağı” Rusiya Federasiyasının bayrağı ilə yanaşı qoyulmuşdu və Azərbaycanın ciddi etirazından sonra həmin foto Rusiyanın müdafiə nazirliyinin saytından yığışdırılmışdı.

Qeyd edək ki, qəbul olunmuş üçtərəfli bəyanata görə, münaqişə tərəflərindən hər biri Rusiya sülhməramlılarının Dağlıq Qarabağda nəzərdə tutulan beşillik fəaliyyətlərinin dayandırılmasını vaxtından əvvəl tələb edə bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə