Ankarada 20 Yanvar faciəsi ilə əlaqədar videokonfrans keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə "Sovetlər dövründə ilk milli-azadlıq hərəkatı: Azərbaycandakı 20 Yanvar hadisələri" mövzusunda videokonfrans keçirilib. SİA xəbər verir ki, fondun rəhbəri, professor Aygün Əttarın sədrliyi ilə keçirilən videokonfransda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, doktor İsmayıl Safi, İstanbul Universitetinin prorektoru, professoru İlyas Topsakal çıxış ediblər. Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi ağır hərbi cinayətin motivləri və hazırda regionda baş verən proseslər arasında paralellər aparılıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda başlanan milli-azadlıq hərəkatı keçmiş sovet imperiyasının sütunlarını laxladıb. 20 Yanvar faciəsindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev o vaxtkı sovet rəhbərliyinin ikiüzlü siyasətini ifşa edərək xalqımızın haqq səsini dünyaya çatdırıb. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə yenilməz Azərbaycan Ordusunun ləyaqətlə başa çatdırdığı 44 günlük şanlı Vətən müharibəsinin nəticələrinə geniş yer ayrılıb. Alimlər əsaslandırıblar ki, Azərbaycan böyük rəşadətlə işğal altındakı torpaqlarını mənfur düşməndən azad edərək regionda yeni bir geopolitik inkişaf mərhələsinin əsasını qoyub. Bu Qələbədə Azərbaycan-Türkiyə qardaşlığı və qətiyyətli siyasət böyük rol oynayıb. Əminliklə ifadə olunub ki, hazırda davam edən nizamlama prosesi regionda sülhü və inkişafı təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə