İnsan Hüquqları komitəsi bu ilin ilk iclasını keçirib - FOTOLAR

Yanvarın 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitənin sədri Zahid Oruc yaz sessiyasının başlaması münasibətilə komitə üzvlərini təbrik edib. SİA xəbər verir ki, əvvəlcə iclasda komitə sədrinin təklifi ilə 44 günlük müharibə zamanı torpaqlarımızın Ermənistanın işğalından azad olunması zamanı həlak olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, deputatlar həlak olanlara Allahdan rəhmət, qazilərimizə isə tezliklə şəfa arzu ediblər.

Sonra komitənin sədri Zahid Oruc gündəliyin birinci məsələsini - Milli Məclisin İnsan hüquqları komitəsinin 2020-ci il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı diqqətə çatdırıb. Bildirib ki, 2020-ci ilin payız sessiyası dünyada hökm sürən bəşəri təhlükə şəraitində keçib. Buna baxmayaraq, parlamentimiz uğurlu platformalar taparaq fəaliyyətini bütün müstəvilərdə davam etdirib.

Payız sessiyasında komitənin 6 iclası keçirilib, 8 məsələ müzakirə olunub. Həmin dövrdə komitənin gördüyü vacib işlərdən biri Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan tarixində hər zaman müqəddəs bir dövr kimi xatırlanacaq 44 günlük müharibəyə və onun nəticələrinə həsr olunmuş böyük toplantının keçirilməsi olub. Sessiya dövründə parlament üzvləri, o cümlədən komitə təmsilçiləri bütün platformalarda - informasiya, siyasi və diplomatik cəbhədə, o cümlədən vətəndaşlarımızla müxtəlif formatlı görüşlər keçirərək aktiv fəaliyyət göstəriblər. Komitə üzlərinin qeyri-hökumət təşkilatları nümayəndələri və hüquq müdafiə xarakterində çalışan qurumlarla görüşləri olub. O cümlədən Vəkillər Kollegiyası tarixində ilk dəfə olaraq, Milli Məclisin İnsan haqları komitəsinin üzvləri ilə görüş keçirilib.

Görüşdə hüquq qanunvericiliyi istiqamətində, praktiki fəaliyyət və xüsusilə də məhkəmə sistemində aparılan islahatların qiymətləndirilməsi baxımından müzakirələr aparılıb. Payız sessiyası dövründə Azərbaycan və Türkiyənin bütün hakimiyyət qollarının birgə fəaliyyəti kontekstində Milli Məclisin Sədri Sahibə Qafarovanın dəvəti ilə Türkiyə Böyük Millət Məclisinin rəhbəri Mustafa Şentop və TBMM-in İnsan haqları komitəsinin sədri Hakan Çavuşoğlu ölkəmizdə səfərdə olublar. Və Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbərliyi, o cümlədən bir nümayəndəsi TBMM-in müvafiq komitəsinin sədri Hakan Çavuşoğlu ilə Bərdə və Tərtər rayonuna səfər etmişik və onlar orada bir gün ərzində 500-dən artıq insanla görüş keçiriblər, xüsusilə də erməni vandalizminə və terroruna məruz qalan insanlarla görüşlərdə olublar. Bunun nəticəsi olaraq, Azərbaycan və Türkiyə parlamentlərinin insan haqları komitələrinin birgə istiqamətdə fəaliyyətə dair anlaşması var və bu fəaliyyət davam etdiriləcək. Komitə sədri diqqətə çatdırıb ki, payız sessiyası dövründə komitəyə 450-yə yaxın vətəndaşdan müraciətlər daxil olub, 200-dən artıq müraciət ayrı-ayrı hökumət strukturlarına, dövlət strukturlarına göndərilib.

İclasda komitə üzvləri Fazil Mustafa, Hikmət Məmmədov, Elman Nəsirov və Naqif Həmzəyevin fikirləri dinlənildikdən sonra hesabat səsə qoyularaq məqbul hesab edilib. Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planı barədə məlumat verib. Bildirib ki, yaz sessiyasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzələri dinləniləcək, "Diaspora haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Həmçinin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərinin cəzalandırılması, diffamasiya və "nifrət dili" haqda qanunvericilik sahəsində dünya təcrübəsinin təhlili istiqamətində işlər aparılacaqdır.

Müzakirələr zamanı komitə üzvləri Bəhruz Məhərrəmov, Elşad Mirbəşiroğlu, Fazil Mustafa, Razi Nurullayev, Hikmət Məmmədov, Jalə Əhmədova, Tahir Kərimli və Naqif Həmzəyev çıxış edərək iş planı barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, Milli Məclisin Sədrinin təşəbbüsü əsasında Milli Məclisin komitələri və deputatları arasında informasiya mübadiləsi çox yüksək səviyyədə və effektiv təşkil olunub ki, bu da işin keyfiyyətinə öz müsbət təsirini göstərir. Sonra komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib. İclasda "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə də baxılıb.

Komitənin sədri Zahid Oruc bildirib ki, Türkiyə mediasının tərkib hissəsini böyük media quruluşları təşkil edir və Türkiyə mediası qlobal medianın tərkib hissəsidir. Biz bunu praktiki olaraq 44 günlük müharibə dövründə bir daha gördük. Türkiyə mediası bizim haqq səsimizin dünyaya çatdırılmasında böyük rol oynadı. Cənab Prezident İlham Əliyevin müsahibələrinin də dünyaya yayılması Türkiyə mediası üzərindən oldu. Ona görə də bu Memorandum bizim üçün mühüm əhəmiyyət kəsb edir.

Çıxış edən komitə üzvləri Hikmət Məmmədov, Elman Nəsirov və Elşad Mirbəşiroğlu bildiriblər ki, sənəd Azərbaycan-Türkiyə əməkdaşlığının yeni bir istiqamətini təyin etmək baxımından çox önəmlidir. Sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə