“Joxovurd”: “Ermənistan hüquqi müstəvidə də qaçılmaz məğlubiyyətə doğru gedir” TƏZMİNAT+ZƏNGƏZUR!

“Azərbaycan Ermənistanı müharibə dövründə zərər çəkən vətəndaşlarının azadlıqlarının və hüquqlarının pozulması ilə bağlı Avropa insan haqları məhkəməsinə beynəlxalq səviyyədə şikayət edib”.

SİA xəbər verir ki, bu haqda Ermənistanın “Joxovurd” qəzeti "Zəngəzur faktiki təhlükə qarşısında qalıb: məsələ Avropa insan haqları məhkəməsində baxılır", sərlövhəli məqaləsində yazır.

“Azərbaycan KİV-lərinin yazdıqlarına görə, şikayət yanvarın 15-də təqdim edilib və onu beynəlxalq hüquq sahəsində fəaliyyət göstərən tanınmış ekspertlər, hüquqşünaslar hazırlayıb. Şikayətdə Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması faktları yer alıb. Azərbaycan Prezidenti İlham Əliyevin adından təqdim edilən sənəddə bildirilir ki, əvvəllər Ermənistanın işğal elədiyi ərazilərdə kütləvi sayda minalar quraşdırılıb, Azərbaycanın kənd və şəhərləri yer üzündən silinib və Azərbaycan vətəndaşları öz evlərinə geri qayıtmaq imkanlarını itiriblər”, deyə ölkəmizin KİV-lərinə istinad edən “Joxovurd” hələ ötən ilin 21 noyabr tarixində Azərbaycan tərəfinin 50 milyard dollarlıq təzminat barədə fikir yürütməsi barədə narahatedici məqalə ilə çıxış etdiyini xatırladır və qeyd edir ki, bu rəqəm Ermənistan üçün katastrofikdir.

Erməni nəşri bununla yanaşı qeyd edir ki, Azərbaycanın Beynəlxalq insan hüquqları komitəsindəki nümayəndəsi tələb edilən vəsaitin yerinə Zəngəzurun verilməsi barədə fikir irəli sürdüyünü də xatırladıb.

“Bundan əlavə, dekabrın 8-də Türkiyə televiziyasında Zəngəzurun maddi vəsaitlərin yerinə qaytarpılması ilə bağlı tələb irəli sürülüb və həmin materilada Türkiyə prokurorluğu Ermənistanın Azərbaycana vurduğu zərəri 820 milyon dollar olaraq dəyərləndirib”, deyə yazan “Joxovurd” bildirir ki, iki il əvvəl Ermənistanın keçmiş baş prokuroru Gevorq Kostanyan Azərbaycan hökumətinin Avropanın müxtəlif ölkələrində hüquqşünaslar tutduğunu və Ermənistanın Azərbaycana vurduğu ziyanın ödənilməsi üçün hərəkətə keçdiyini qeyd edib və həmin vaxt bu bəyanata Ermənistanda çox az adam reaksiya göstərib.

“İndi isə 9 noyabr bəyanatının ardınca Azərbaycanın Ermənistandan kompensasiya tələb etmək üçün hüquqi əsasları yaranıb və bunu artıq rəsmi şəkildə ediblər. Maraqlıdır ki, mətbuat və müxtəlif siyasilər Azərbaycanın bu kimi mümkün addımlar atacağı barədə danışdıqları halda, Ermənistanın Avropa insan haqları məhkəməsindəki nümayəndəsi Yeqişe Kirakosyan bu iddia ilə bağlı yalnız Gevorq Kostanyanın danışdığını bildirib. Bundan əlavə, Kirakosyan 2021-ci ilin 16 yanvarında bəyan edib ki, erməni tərəfi də Avropa insan haqları məhkəməsinə ərizə verməyə hazırlaşır. Belə çıxır ki, erməni tərəfi hələ iddia ərizəsi verməyə hazırlaşdığı bir vaxtda, Azərbaycan tərəfi bir addım öndədir və artıq iddia ərizəsini təqdim edib. Və erməni tərəfinin Azərbaycanın nəyə görə bir addım irəlidə olması ilə bağlı verilən suala da cavabı yoxdur. Bu ərəfələrdə Kirakosyan gün boyunca bizim telefon zənglərimizə cavab verməyib və biz anlamırıq ki, o son günlər hansı işlə məşğuldur”, “Joxovurd” yazır.

Erməni nəşri sonda qeyd edir ki, ölkə müharibədə uduzduğu kimi, diplomatik və hüquqi müstəvidə də qaçılmaz məğlubiyyətə doğru gedir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə