YAP-ın videoformatda ümumrespublika müşavirəsi keçirilib FOTOLAR

Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, son bir neçə ay ərzində Azərbaycanın həyatında çox ciddi dəyişikliklər baş verib. Onun fikrincə, sözün həqiqi mənasında Azərbaycan tarixinin yeni mərhələsinin yaşamaqdayıq: "Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altında olan torpaqlarımızı, Qarabağımızı azad etdi. Artıq dünya birliyi də qəbul edir ki, Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Uzun illər problemi danışıqlar yolu ilə həll etməyə çalışsaq da, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi nəticəsində bu baş vermədi. Bu problemi Azərbaycan Ordusu həll etdi. Beləliklə, öz yurdlarından məcburi köçkün vəziyyətinə düşmüş insanların torpaq həsrətinə son qoyuldu. Azərbaycanda 30 il ərzində hamımız üçün üzüntülü ifadə olan məcburi köçkün ifadəsi, bu statusu daşıyan insanlar yoxdur".

Əli Əhmədovun sözlərinə görə, bütün bu amillər cəmiyyətimizin, insanlarımızın həyatında yeni mənəvi-psixoloji məqamlar yaradır. Azərbaycan 30 ildən sonra, ötən il noyabrın 10-dan etibarən qalib dövlət statusuna nail olub. Bu, hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir.

Ölkəmizin qarşısında yeni reallıqlar dayandığını deyən Baş nazirin müavini söyləyib ki, bu reallıqlara uyğun şəkildə gələcək həyatımız quruculacaq: "İşğaldan azad olunmuş Qarabağ torpaqlarında həyatın canlandırılması, infrastrukturun qurulması, insanların bu torpaqlara köçürülməsi üçün zəruri şəraitin yaradılması bizim qarşımızda duran dövr ərzində həyata keçirməli olduğumuz vacib vəzifələrdir. Nəticə etibarilə Prezidentimizin rəhbərliyi ilə qarşıya qoyulan vəzifələr layiqincə həyata keçirildiyi kimi, o cümlədən Qarabağın işğaldan azad olunması kimi çox çətin vəzifə uğurla reallaşdırıldığı kimi, işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlandırılması istiqamətində də nəzərdə tutulan proqramlar böyük müvəffəqiyyətlə həyata keçiriləcək. Çox yaxın zamanlarda Azərbaycan tamamilə yeni simada olacaq".

Əli Əhmədov diqqətə çatdırıb ki, bütün bunlar Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələrə də öz təsirini göstərir. Onun sözlərinə görə, YAP müharibə dövründə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyi kimi, bundan sonrakı quruculuq dövründə də qarşıda duran işləri uğurla yerinə yetirəcək. İnanırıq ki,partiyamızın fəalları bu prosesdə yaxından iştirak edəcək, quruculuq işlərinə öz töhfələrini verəcəklər.

Bununla belə YAP Sədrinin müavini qeyd edib ki, müharibənin nəticəsində qazanılan zəfər dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi məyus edib: "Onlar ənənəvi əməllərindən əl çəkmirlər. Prezidentin qeyd etdiyi kimi, müxtəlif yerlərdə müharibənin nəticələrinin təftiş edilməsinə cəhdləri səslənir. Əlbəttə ki, bütün bunların hamısı əbəsdir. Amma eyni zamanda, ideoloji cəbhədə, təbliğat sferasında bizim qarşımızda çox ciddi məsələlər dayanır və YAP ideoloji təbliğat sahəsində də yeni şəraitin irəli sürdüyü vəzifələrin həyata keçirilməsi istaqamətində öz səylərini səfərbər edəcək".

Daha sonra müşavirədə YAP-ın rayon və şəhər təşkilatlarının sədrlərinə qarşıda dayanan vəzifələrlə əlaqədar tövsiyə və tapşırıqlar verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...