Alçalanlar və rəzalətə sürüklənənlər TƏHLİL

İndi onların səhv iş gördüyünə və bu səhvin ucbatından ermənilərin qəzəbinə tuş gəldiyinə, onların getməsini tələb etdiyinə Nikol və Annanı kim inandıracaq? Yaxud, kimsə inandıra biləcəkmi? Ölkəsinin müharibə astanasında, dövlətinin təhlükələrlə üz-üzə qaldığı zamanda, taleyüklü məsələlərinin olduğu ərəfədə baş nazir Nikol Paşinyan gedib Qarabağda sərxoş halda çəpık çalıb oynayırdısa, müharibə dönəmində də baş nazirin arvadı gedib döyüş meydanlarında çürbəcür pozlarda şəkil çəkdirir və bununla da bir növ, erməni hərbi personalını ələ salırdısa, bu cütlükdən nə gözləyə bilər erməni toplumu? Həqiqətən də, Ermənistan dövlətinin bağlı, hətta asılı olduğu şəxslərin hərəkətlərini qiymətləndirmək üçün özünü ələ almaq, ədəbi, senzuralı sözləri axtarmaq, tapmaq və istifadə etmək çox çətindir.

İşğalçı ölkənin birinci şəxsi müharibədən əvvəl hədə dili ilə danışdığı, şərtlər qoyduğu halda, müharibə dönəmində rəzil duruma düşür, acınacaq məğlubiyyətdən yaxa qurtarmaq üçün, dünya dövlətlərinin liderlərinə yalvarmaq məqsədi ilə telefon dəstəyindən əlini buraxmırdı. Çünki, rüsvayçı məğlubiyyətləri fonunda nə axmaqlıq elədiyini çox yaxşı anlamışdı və hərbçilərini mümkün qədər qorumaq, hətta özünü sığortalamaq üçün dəridən qabıqdan çıxırdı. Özü də hansısa diplomatik yolla, danışıqlar yolu ilə deyil, məhz yalvarışları hesabına kömək istəyirdi. Paşinyanın müharibədən əvvəlki tərzi və müharibə dönəmindəki halı hansı simasızlıq dərəcəsinə sığır, bunu təyin etmək bizim üçün çətindir və qoy elə onun mənsub olduğu erməni cəmiyyəti bu simasızlıq səviyyəsini, dərəcəsini özü təyin etsin, çünki, mənsubiyyət özlərinindir axı.
Adam çox çalışır ki, mümkün qədər senzuraya riayət etsin, amma bu sifətsiz, simasızlarla əlaqədar fikir bildirəndə heç cür buna nail olmaq olmur və bu baxımdan oxucular bacardığı qədər buna görə bağışlasın. Məsələ burasındadır ki, insan nə qədər simasız olmalıdır ki, ikicə ay bundan qabaq hansı durumda olduğunu, necə yalvarışlar edərək, ondan-bundan xilas umduğunu unutsun. Bəli, ola bilər ki, söylədiyi yalanlara görə, müharibə dövründə, guya Ermənistanın qələbələr qazandığı barədə daxili auditoriyaya verdiyi yanlış məlumatlara görə, bu ölkə vətəndaşları hələ də eyforiyadadırlar. Niyə və necə məğlub olduqlarını təsəvvür edə, həmçinin qəbul edə bilmirlər. Amma, Nikol və onun yan-yörəsindəkilər, işğalçı ölkənin siyasi-hərbi rəhbərliyi məgər həqiqətlərin nədən ibarət olduğunu, onların acı məğlubiyyətlərinin, uğursuzluqlarının, silahlı qüvvələrinin Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədiyinin və rüsvayçı şəkildə qaçdığının şahidi deyilmi? Elə isə, Cənab Prezident, Ali Baş Komandan tərəfindən lap yerindəcə, “təlxək” adlandırılan bu simasız özünü niyə bu şəkildə aparır? Məsələn, Moskva görüşündə qorxudan və xəcalətdən rəngi qaçan erməni baş nazir, status barədə öz ölkəsində, daxili auditoriyaya hesablanmış olsa belə, mızıldanmağa necə cəsarət və ən əsası üz tapır? Yaxud da, nə qədər simasız olmaq lazımdır ki, müharibə qurtarandan sonra kol-kos içində dovşan kimi gizlənib, xəlvətdə çaqqal kimi diversiya cəhdi edənlər, hansı ki, Azərbaycan əsgəri zərərsizləşdirib, hərbi əsir adlandırılsın? Bu cinayətkarlar müharibə dönəmində yox, müharibədən sonra təxribatla, cinayət əməlləri ilə məşğul olurlarsa, deməli, cinayətkardırlar və Azərbaycan ərazisində yaxalandıqları səbəbilə, ölkəmizin qanunları ilə hüquqi cəzalarını almalıdırlar. Bunu Nikol bilmir, yoxsa, özünü qanmazlığa qoyub? Yaxud, vətəndaşlarının Azərbaycan tərəfindən saxlanılmasını istəmirdisə, niyə axmaqcasına “revanşizm”, və ya “intiqam” deyə, yuyulmamış çömçə kimi ortalığa atılan, əslində isə, heç müharibə dönəmində ortalıqda olmayanların cavabını verib, yerində niyə otuzdurmurdu vaxtında? Buna səlahiyyəti çatmırdı, yoxsa cəsarəti? İstənilən halda bu erməni baş nazir dilini qarnına qoymalı və daxili auditoruyanı aldadaraq hakimiyyətini uzatmaqdansa, reallıqları, həqiqətləri öz xalqı qarşısında etiraf etməli, onları da düz yola dəvət etməlidir, azdırmalı yox. Əgər bunu etmirsə, özünü sığortalamaq xatirinə fikir bildirirsə, daha da kütləni qızışdırıb yanlışlığa sürükləyirsə deməli, Paşinyan özü öz xalqını alçaldır, özləri-özlərini rəzalətə sürükləyirlər. Mənsub olduqları xalqı da təhqir etməkdə davam edirlər.
İş orasındadır ki, təhqir etməkdə Nikol heç də tək deyil və onun ailəsi də, şəxsən arvadı Anna Akopyan da ondan geri qalmır. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyanın və qızlarının “Köhnə Yeni ili” Moskvadakı Puşkin restoranında qeyd etmələri barədə məlumatlar var və işğalçı ölkənin istər mətbuat səhifələrində, istərsə də, sosial şəbəkələrin erməni seqmentində bu faktlar müzakirə olunur. Xatırladaq ki, Mediaport Telegram kanalı bir video yayımlayaraq bu barədə, yəni baş nazir arvadının qızları ilə Rusiya restoranlarının birində öz kefində olduğu barədə məlumat verib. Yayımlanan videoda Annanın avtomobilinin restoranın girişində dayandığı öz əksini tapır. Eləcə də, Akobyanı çox sayda təhlükəsizlik işçisi, habelə Nikol Paşinyanın həyat yoldaşına xidmət edən Rusiyadakı bütün Ermənistan səfirliyinin müşayiət etdiyi də görünür. Qeyd edək ki, bir qədər əvvəl, eyni mənbə, baş nazirin ailəsinin yeni bir mənzil axtarmaq üçün Moskvaya gəldiyini bildirib. Bütün bunlara erməni cəmiyyəti necə reaksiya göstərməli idi? Bəyənməli idimi bu cəmiyyət baş nazir arvadının bu hərəkətlərini? Ermənistanın bu boyda məğlubiyyətinin, acılarının fonunda baş nazir arvadının öz kefində olması normal təzahür hesab oluna bilərmi? Xeyr, olmaz.
Üstəlik, baş nazir arvadının kinikası, sanki, yüksək əhval-ruhiyyədə olduğunu nümayiş etdirən tərzi də burada təəccüb doğurur. O, müharibədə minlərlə erməni döyüşçüsünün öldüyündən, on minlərlə yaralanan, itgin düşən əsgər talelərindən xəbərsizdirmi? Xeyr, xəbərdardır və bu da o deməkdir ki, baş nazirin arvadı dövlətinin, ərinin məğlubiyyətlərinə, ölkə vətəndaşlarının faciələrinə laqeyiddir. Eləcə də bütün bu acılara saymazyana yanaşır. Bu isə ondan xəbər verir ki, baş nazir arvadı da öz əri kimi, öz dövlətini, dövlət başçısını, ölən, zərərçəkən əsgərlərini, valideyin və qohumları olmaqla, onlara görə iztirab çəkən ölkə vətəndaşlarını alçaldır.
Annanın müharibə zamanı qərar vermə prosesinə necə müdaxilə etdiyinə dair kifayət qədər dəlillər var. Deməli, bütün bunlar, müharibədə, ondan əvvəl, müharibə dövründə və ondan sonra baş nazir arvadı tərəfindən edilənlər özü üçün, öz dividentləri üçün bir təşviqat, bir reklam imiş. Üstəlik, başqalarının hesabına əylənmək üçün səbəb nə idi və buna əsas olduğuna özü belə inanırmı?
Ermənistanın baş nazirinin arvadı Moskvada bir mənzil seçir, bəyənir, onu almaq qərarı verir. Maraqlıdır, o bunu nə ilə, hansı vəsaitlərlə satın alır? Hardandır bu qədər vəsait məğlub və səfil durumda olan ölkənin bu baş nazir arvadında? Yaxud, ölkəsinin bu qədər açılarla qarşılaşdığı dönəmdə baş nazir arvadında bu nə əhval-ruhiyyə, bu nə həvəsdir? İndi acılarına görə bəzən Rusiyanı, bəzən Fransanı, bəzən də Qərbi günahkar hesab edən erməni cəmiyyətinə sual oluna bilər ki, siz öz baş nazirinizin arvadından hesab soruşdunuzmu onun bu əməllərinə görə? Soruşuldumu ki, onları alçaldan, rəzalətə sürükləyən günahkar bildikləri ölkələrdir, yoxsa elə bu hökumət başçısının özü və ailəsi? Nikol və Annanın özləri özləri üçün mənzil hədiyyə etmələri bir çox məqamlardan xəbər vermirmi? Suallar çoxdur, amma cavabları da aydındır.
Nikol Paşinyan və arvadı özlərini xalqa hesabatlı hesab etmirlər. Rusiya, Fransa, hətta Azərbaycan Prezidentləri onları hesabat verməyə məcbur edə bilər, ancaq erməni xalqı edə bilmir. Dünya ictimaiyyəti də bunun iki aydan çoxdur ki, şahididir. Şahididir ki, Paşinyan da, onun arvadı da bütün erməni cəmiyyətini sanki barmağına dolayıb və heç hesabat niyyətində belə deyil. Rusiya paytaxtında mənzil alan, sonra da Moskva restoranlarında öz kefində olan Paşinyan ailəsinin halı bunu təsdiq edir.
Əslində, bu hal, nəinki hərhansı bir ölkə vətəndaşı, hətta özünə hörmət edən hər bir erməni üçün ayıb sayılır. Bu faktlar bir daha təsdiq edir ki, öz-özünü alçaldan və rəzalətə sürükləyənlər elə özləridir. Amma, bunu onlara inandıracaq kimsənin bu erməni cəmiyyətində olduğu inandırıcı görünmür. Əks halda, Moskvada almaq istədikləri mənzilə görə erməni xalqının pullarını verməzdilər, erməni cəmiyyəti qarşısında cavab verərdilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə