İstefalar davam edir Ermənistanda

David Sanasaryan Dövlət Nəzarət Xidmətinin rəhbəri vəzifəsindən istefa ərizəsini yazıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, o özü bunu şəxsi Facebook səhifəsində elan edib.
Onun sözlərinə görə, qanunsuz cinayət işi, ölkəni korrupsiyadan təmizləmək üçün iş aparmağa imkan verməyib.
“Təxminən iki il əvvəl, qanunsuz bir cinayət işi nəticəsində sizə Dövlət Nəzarət Xidmətinin rəisi kimi xidmət etmək fürsətindən kənarlaşdırıldım və müttəhim olaraq mənimlə heç bir əlaqəsi olmayan cinayət işində iştirak edirəm. Bu, ölkəmi korrupsiyadan qurtarmaq üçün öhdəliklərimi yerinə yetirməyə imkan vermədi”, deyə Sanasaryan yazdı.
O, qeyd edib ki, artıq çoxdan belə qərar verib, ancaq müharibədən sonrakı sarsıntıların yaratdığı təhlükələri nəzərə alıb və "əvvəlki rejimin nümayəndələrinin geri dönmə ehtimalını artırmamaq üçün" bunu təxirə salıb. Sanasaryan, özündən asılı olmayan səbəblərdən, böhranlı vəziyyətlərdə olan səlahiyyətlilərin dəstəyinə baxmayaraq, baş nazir ilə görüşə bilməməsindən təəssüfləndiyini də dilə gətirib.
Xatırladaq ki, David Sanasaryan aktivistlərdən biri olduğu “məxməri inqilab”dan dərhal sonra 2018-ci ilin mayında Dövlət Nəzarət Xidmətinin rəhbəri vəzifəsinə təyin olunmuşdu. 2019-cu ilin aprelində Sanasaryan cinayət korrupsiya işində şübhəli bilinərək mühakimə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə