"Trampın impiçmentinə cəhdlər mənasızdır" - AÇIQLAMA ÖZƏL

"Trampın impiçmentinə cəhdlər mənasızdır" - AÇIQLAMA ÖZƏL

"Çox maraqlıdır ki, yeni ABŞ prezidentinin inaqurasiyasına cəmi 10 gün qalsa da, demokratlar Trampın impiçmentinə ciddi cəhd göstərirlər. Mənasız cəhdlərdi, siyasi motivlidir və təbii ki, səbəbləri var". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, əvvala, impiçmentin baş tutması üçün Senat da səs verməlidir: "Lakin respublikaçı çoxluq da daxil olmaqla Senat yanvarın 19-dək məzuniyyətdədir. Həm də məqsədli şəkildə. İkinci, impiçmentin nə əsasla edilə biləcəyi də perspektivsizdir. Deyə bilməyəcəklər ki, seçkinin nəticələri ilə razılaşmadığı üçün impiçment edilir. Üçüncü, konstitusiyaya əlavənin 25-ci maddəsi də çətin ki, işləsin. ABŞ tarixində cəmi bir dəfə - 1963-cü ildə Kennedi öldürüləndə bu maddə tətbiq edilərək hakimiyyət vitse-prezidentə verildi. İndiki halda Trampa qarşı 25-ci maddəyə uyğun olaraq hansı əsasla "prezidentlik qabiliyyətində deyil" ittihamının irəli sürüləcəyi də qeyri ciddi görsənir".

A.Quliyev vurğulayıb ki, demokratların onu sonadək əzmək cəhdlərinin səbəbinə gəldikdə isə bu qətiyyətlə belədir: "Cəmi 4 ildən sonrakı seçkidə Trampın yenidən böyük maneəyə çevrilə bilməsinin qarşısını indidən kəsmək istəyirlər. Boş yerə... Tramp böyük populyarlığa malikdir və cəmiyyət isə faktiki iki yerə bölünüb. Bu siyasi konfiqurasiya 2024-cü ilədək dəyişməyə bilər".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə