“Cənab Prezidentin çıxışı inam yaradır, gələcək vəzifələrə aydınlıq gətirir” ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Republikasının Prezidenti Cənab İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışı ölkədəki ictimai, siyasi, iqtisadi vəziyyəti qiymətləndirmək baxımından xarakterik olmaqla bərabər, həm də gələcək vəzifələrə də mühüm aydınlıq gətirir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, müşavirədə səsləndirilən fikirlər dövlətimizin rəhbərinin uzaqgörənliyini, humanizmini, bəşəri düşüncələrini ifadə etməklə, həm də qətiyyətini, düşmənə qarşı barışmazlığını da ortaya qoyur və dövlətçiliyimizin, müstəqilliyimizin qorunması üçün aparılan mübarizə hər bir vətəndaşda böyük inam yaradır.
“Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. “Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır”, ifadələrini səsləndirən Cənab Prezident İlham Əliyev öz qənaətində haqlıdır. Çünki, bu gün torpaqlarımız azğın düşməndən azad olunmuş, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulmuş, vahid Azərbaycan dövləti yaranmışdır. Prezidentimizin, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz zəfər salnaməsi yazmış, düşmən üzərində tarixi qələbə qazanılmış, erməni faşistləri diz çökdürülmüşdür. Rəhbərin xatırlatdığı kimi dünya Azərbaycan xalqının gücünü, şanlı ordumuzun cəsarətini, şücaətini gördü və hiss etdi. Cənab İlham Əliyev düşmənə qarşı nə qədər amansızdırsa, insanlara, sadə erməni xalqına bir o qədər ədalətli, humanistdir.
Prezidentimizin çıxışındakı, “Qışdır, soyuqdur, imkan yaratdıq ki, sülhməramlılar ermənilərə köməkliklər göstərsinlər və onlar əziyyət çəkməsinlər”, ifadələri hər birimizi təsirləndirir və erməni xalqı da elə bilirəm bu humanizmdən ibrət götürməlidir. Müharibənin gedişində də Azərbaycan Prezidenti bu mövqedə idi. Erməni faşistləri Gəncəni, Bərdəni, Tərtəri, Ağcabədini və digər bir çox cəbhədən uzaq yaşayış məskənlərini top, raket atəşinə tutaraq günahkar insanları qətlə yetirdikləri halda, Cənab Prezident dinc erməni əhalisinə toxunmamaq, yaşayış məntəqələrinə atəş açmamaq əmri vermişdi və döyüşçülərimiz də son ana kimi bu əmrə sadiq qaldılar.
Azərbaycan Prezidenti ölkəmizdə sakit yaşamaq istəyən hər bir ermənini öz vətəndaşı hesab edir və ilk gündən bu fikirləri səsləndirir. O, təcavüzün, terrorun, separatçılığın əleyhinədir və erməni xalqına ağır vəziyyətdən çıxmaq üçün təcavüzə, millətçiliyə son qoymağı məsləhət bilir. Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə kəskin etirazını bildirməklə, ərazilərimizə belə səfərlərin yolverilməz olduğunu bildirən və buna son qoyulmasını tələb edən Prezidentimiz, əks halda düşmənə yenidən gücümüzü göstərə biləcəyimiz mesajını verir. Bu təbiidir, çünki bu gün öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan yeni bir reallıqla yaşayır və qarşıda olan bəzi problemlərin aradan qaldırılması istiqamətində lazımi tədbirlər görülür. Ölkə rəhbərinin səsləndirdiyi kimi, “Torpaqlarımız bütövdür, dövlət vahiddir, xalq güclüdür”. Bu birliyi, gücü isə heç kim bizim əlimizdən ala bilməz”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB