“Prezidentin gördüyü işlərə boş danışıqlarla heç kəs kölgə sala bilməz” ÖZƏL-MÜNASİBƏT

“Prezidentin gördüyü işlərə boş danışıqlarla heç kəs kölgə sala bilməz” ÖZƏL-MÜNASİBƏT

“Cənab Prezidentin gördüyü işlərə kölgə salmağa çalışanlar Azərbaycan üçün bu günə kimi əllərini tərpətməyib”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanın müstəqillik tarixində bu günə kimi bir qarış torpaq ala bilməmişdi.
“Azərbaycana qarşı Fransa, Belçika, Lüksenburq krallığı, Niderland danışanda adamı bu qədər yandırıb tökmür. Heç olmasa “Qərbin ikili standartları” deyib qınayırıq. Öz soydaşlarımızdan belə danışanlar olanda qalırsan belə. Buna nə deyəsən? Bir soruşan yoxdur ki, müharibə vaxtı harda idi bunlar? Səslərini çıxarmırdılar ki, birdən əlinə silah alıb cəbhəyə getmək gərəkər. Qeyd edilir ki, “Ermənistan tam təslim olması ərəfəsində”, əcaba onu təslim olmağa məhkum edən kim idi? Bəlkə beynəlxalq mediaya müsahibə verəndə bunlar olub, bizim xəbərimiz yoxdur? 30 ildə müxalifət Dağlıq Qarabağla bağlı nə iş görüb axı? Hansı daşı daş üstünə qoyub ki, bu gün hakimiyyətin etdiklərini bəyənmir? Adam əvvəlcə özü 1% nə isə edər ki, başqasını qınamağa ən azından üzü olsun. Axı biz müxalifətin qarayaxma ilə, gərəksiz yürüşlər təşkil edərək hakimiyyət üstündə savaşmalarından başqa onlardan nə görmüşük? Dilqəm və Şahbazın geri qaytarılmasında bəlkə müxalifət bir iş gördü? Dünyada ən bəsit iş “məsləhət vermək” və hər kəsi qınamaqdır. Müxalifətin işi bundan ibarətdir. Hesab edirlər bu fəaliyyətlə müxalifətçilik oyunu oynaya biləcəklər.
Qalibiyyətimiz üçün birmənalı olaraq güclü ordumuza borcluyuq. Amma Azərbaycanın güclü ordusunun olması üçün Prezidentə borcluyuq. Paşinyan kimi dövlətin pulunu yeyib, üstündən də su içib, “metallomu” ordunu təchiz etmək adı ilə dövlətə sırımaq daha yaxşı olardımı? O zaman da axı bu günkü sözləri deyəcəkdilər? Bilirsiniz, müxalifət varlığını sübut etmək üçün bir hərəkət etməlidir. Bu gün də pandemiyadır. Mitinq təşkil edib, gəncləri öz maraqları çərçivəsində istifadə edə də, bilmirlər. O üzdən tək çarə qınamağa və bunu mətbuata daşımağa qalır. Onlarda bunu edirlər. Xalq artıq əvvəlki xalq deyil. Pisi və yaxşını çox yaxşı seçə bilir. Ona görə də, xalq da, bilir ki, onun qəhrəmanı Cənab Prezident İlham Əliyevdir. Xalq bilir ki, onun torpaqlarını işğaldan Cənab Prezident azad etdi. Xalq onu da bilir ki, bütün dünyaya Azərbaycanın gücünü və siyasi iradəsini göstərməyə müvəffəq olan şəxsiyyətin gördüyü işlərə belə boş danışıqlarla heç kəs kölgə sala bilməz!”, deyə partiya sədri Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə