Dağlıq Qarabağda Azərbaycanın suveren hüquqları gözlənilməlidir - AÇIQLAMA
"Rusiyanın bütün səyləri Cənubi Qafqazda, xüsusən də Azərbaycanda maraqlarının təmin edilməsinə hesablanıb. Rusiya hələ XIX əsrdə - 1828-ci ildə Qacarlarla Türkmənçay müqaviləsini imzaladıqdan sonra Azərbaycanda maraqlarını təmin etmək üçün erməniləri Qarabağ və Naxçıvan ərazilərinə köçürüb. Bu baxımdan, Vətən müharibəsindən sonra Azərbaycan ərazilərində erməni faktorunun aradan qaldırılması Rusiyanın bölgə ilə bağlı maraqlarına cavab vermirdi. Rusların burada təmsil olunması və bölgədə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya zaman-zaman statusla bağlı məsələləri müzakirəyə çıxarmağa çalışacaq. Noyabrın 10-da əldə edilmiş anlaşma həm də Rusiya sülhməramlılarının bölgəyə gətirilməsini ehtiva edirdi. Beynəlxalq hüququn müddəalarına istinad etsək, sülhməramlıların qarşısında mühüm vəzifələr durur: sülhü qorumaq, sülhü yaratmaq və ya sülhə məcbur etmək. Amma görürük ki, sülhməramlılar beynəlxalq hüquqla onların üzərinə qoyulmuş problemlərin həlli istiqamətində addımlar atmaqdansa birtərəfli mövqe sərgiləyirlər. Bu yolverilməzdir". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
Politoloqun sözlərinə görə, Rusiya sülhməramlıları Azərbaycanla razılaşdırmadan müharibə vaxtı qaçan erməniləri Ermənistan ərazilərindən yenidən Xankəndinə qaytarır: "Ermənilərin təhlükəsizliklərinin təmin edilməsi istiqamətində Rusiyanın atdığı addımlar anlaşılan olsa da, sosial problemlərin həlli ilə bağlı məsələləri öz üzərinə götürməsi anlaşılan deyil. Çünki Dağlıq Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və onların sosial problemlərinin həlli Azərbaycan dövlətinin üzərinə düşən missiyadır. Həmin məsələlər o zaman Azərbaycan dövlət tərəfindən həll ediləcək ki, onlar Azərbaycan dövlətinin qanunlarını tanıyacaq və ölkəmizin suveren hüquqlarını qəbul edəcəklər. Hələlik ermənilər anlaşmada əksini tapmış bu müddəalara əməl etmirlər. Nə erməni xalqı, nə Ermənistan iqtidarı, nə də hakimiyyətə can atan erməni müxalifəti kapitulyasiya ilə bağlı fikirləri yaxın buraxırlar. Bunlar da Ermənistana havadarlıq edən və erməni təmsilçiliyinin Qarabağda qalmasında maraqlı olan məlum güc mərkəzlərinin təhriki ilə baş verir".
Ekspert qeyd edib ki, ermənilərin Qarabağda qalması ilə bağlı məsələlər Rusiya ilə yanaşı Fransanın da gündəmindədir: "Rusiya və Fransa prezidentləri arasında baş tutan son danışıqlarda da Qarabağdakı ermənilərin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub. Təəssüflər olsun ki, noyabrın 10-da əldə edilmiş anlaşmanın şərtləri Rusiya tərəfindən pozulur. Rusiyanın siyasi rəhbərliyi bunu etiraf etmir. Vladimir Putin mətbuat konfransında da xüsusi eyhamla vurğuladı ki, Dağlıq Qarabağ beynəxalq hüquqa görə Azərbaycan ərazisidir. Əgər Dağlıq Qarabağ Azərbaycan ərazisidirsə, o zaman həmin ərazilərdə Azərbaycanın suveren hüquqları gözlənilməli, Azərbaycan özünün suveren hakimiyyətini orada bərqərar etməlidir. Amma biz hələlik Rusiya tərəfindən bu istiqamətdə addımların atıldığını görmürük. Məlumdur ki, Rusiya Cənubi Qafqazdakı təsir və nüfuz dairəsini saxlamaq istəyir. Bunun üçün də ABŞ-ın Cənubi Qafqaza müdaxiləsi və burada özünə yer etmək səylərinin qarşısını almaq üçün əlindən gələn hər şeyi edir. Nəzərə almaq lazımdır ki, Türkiyə NATO üzvüdür, onun Cənubi Qafqazda və perspektivdə Mərkəzi Asiyada mövqelərinin güclənməsi, eyni zamanda NATO və ABŞ-ın adıçəkilən bölgələrdə nüfuz dairəsinin genişlənməsi anlamında qəbul olunur".
E.Manafov vurğulayıb ki, Rusiya geosiyasi maraqları baxımından buna yol vermək istəmir: "Çünki bu, Rusiya tərəfindən NATO-nun Cənub sərhədlərinə yaxınlaşması kimi qəbul edilir. Rusiya bu məsələlərə münasibətdə İranla eyni mövqedən çıxış edir. Təsadüfi deyil ki, İran parlamentinin bir üzvü bu yaxınlarda belə bir fikir səsləndirdi ki, Tehran Ermənistanın yanında olmalıdır. Bu da onu göstərir ki, İran Türkiyənin Azərbaycanda öz mövqelərini gücləndirməsindən narahatdır. Çünki İran üçün Türkiyə təkcə regional dövlət deyil, eyni zamanda ona NATO siyasətini bölgəyə yeridən və bərqərar edən dövlət kimi baxır. Buna görə də, regional kontekstdə İran və Rusiyanın maraqları üst-üstə düşür. Təbii ki, adıçəkilən dövlətlər Türkiyənin bölgədə mövqelərini gücləndirməsinin qarşısını almaq üçün əllərindən gələn hər şeyi edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB