"Hər 3 variant Paşinyan üçün keçərlidir" ÖZƏL-MÜNASİBƏT

"Hər 3 variant Paşinyan üçün keçərlidir" ÖZƏL-MÜNASİBƏT
"Ermənistanın baş naziri Nikol Paşinyan gələn il erkən parlament seçkilərinə qərar verib. Onun başqa alternativi yox idi. O məğlub ölkənin baş nazir kimi vəziyyətdən çıxış yolu tapmalıydı. Müxalifət nə parlamentdə, nə də küçədə onu istefaya məcbur etdi. Bu baxımdan Paşinyan son statusunda ölkə vətəndaşlarının müxalifətin istefası tələbini dəstəkləmədiyini qeyd etməkdə haqlıdır. Müxalifət meydanlara 5-6 mindən çox insan toplaya bilmədi. Bəs onda Paşinyan erkən parlament seçkilərinə niyə ehtiyac duydu?". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib. "Görünür, Paşinyan müxalifətdən güclü olduğunu bilsə də, güc strukturlarının mümkün itaətsizliyindən və güc yoluyla çevriliş ssenarisindən çəkinir. Ona görə də seçkilərə gedir. 3 ssenari mümkündür. Birinci ssenari odur ki, Paşinyanın partiyası seçki nəticəsinə görə yenə birinci partiya olur və o yenidən baş nazir seçilir. İkincisi ssenari odur ki, onun partiyası üstünlük qazansa da, koalisyon hökumət qurulur və baş nazir bir başqası olur, ancaq Paşinyanın tərəfdarlarının səsi hökumətin qurulması üçün həlledici olur. Üçüncü ssenarisi odur ki, Paşinyanın partiyası az səslə parlamentdə müxalifətə keçir. Hər 3 variant Paşinyan üçün keçərlidir. Paşinyan erkən parlament seçkisinin nəticəsinə görə baş nazir kürsüsünü qorusa, bu baş naziri çarmıxa çəkmək istəyən Ermənistan müxalifətinə dəhşətli zərbə olacaq. Belə çıxacaq ki, Ermənistan vətəndaşları müharibənin ağır nəticəsinə və kapitulyasiya aktına görə Paşinyanı günahkar saymır və Azərbaycanın qələbəsini həzm etməyə hazırdır. Paşinyan müxalifətdə də özünü diskomfort hiss etməyəcək. Bu gün onu devirmək istəyənlərin cəminin reytinqi Paşinyanın reytinqindən üstün deyil".
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə