Müzəffər Ali Baş Komandanımızın Qələbə yürüşü

Müzəffər Ali Baş Komandanımızın Qələbə yürüşü

Prezident İlham Əliyev: "Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim"

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında səfərdə olublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bundan əvvəl Cəbrayıl və Füzuli rayonlarına səfəri olub. 44 günlük müharibənin zəfərlə bitən sonunda Müzəffər Ali Baş Komandanın dərhal işğaldan azad edilən bu bölgələrə səfəri çox qürurverici hadisə olmaqla yanaşı, həm də vətəndaşların böyük sevincinə səbəb olmuşdu. Çünki bu səfərlər Müzəffər Ali Baş Komandanımızın Qələbə yürüşüdür. Dövlət-xalq-ordu birliyinin yürüşüdür. Bu Qalib Komandanın öz sevincini xalqı ilə paylaşması məqsədi daşıyan səfərləridir. Ali Baş Komandanımızın qalibiyyət sevincini xalqı ilə bölüşməsi, həm də "Mən hər bir azərbaycanlının Prezidentiyəm!",-deyən İlham Əliyevin xalqına olan sevgisinin təzahürü idi.

Qeyd edək ki, bu müddət ərzində istər Prezident İlham Əliyev, istərsə də Birinci vitse-Prezident Mehriban Əliyeva mütəmadi olaraq yaralı əsgər və zabitlərimizlə, şəhid və qazi ailələri ilə görüşlər keçirdilər, onların bütün qayğı və problemlərini diqqətdə saxladılar, hər zaman yanlarında olduqlarını nümayiş etdirdilər. Növbəti səfər də bir daha işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb...Qarabağ Azərbaycandır!

Dövlət başçısı İlham Əliyev və birinx ci Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.

"Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı"

"Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb". Bunu dekabrın 23-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı rayonuna səfəri zamanı çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi: "Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir".

Dövlət başçısı Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdiyini deyərək bildirib: "Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. İndi şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcəkdir".

Prezident İlham Əliyev çıxışı zamanı onu da deyib ki, Qubadlını azad etmək üçün, ilk növbədə, biz bu yüksəklikləri götürməli idik: "Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Eyni zamanda, Ermənistan ərazisindən bizə atəş açılırdı. Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi və mən bunu müharibə zamanı dəfələrlə bildirmişdim. Onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısını ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax, o istiqamətdən 5 kilometr məsafədir. Həm oradan ağır artilleriya ilə, həm də bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşə tutmuşlar. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər".

"Müharibə zamanı gördüyümüz işlər aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir"

"Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır". Bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı rayonuna səfəri zamanı çıxışında deyib.

Azərbaycan Prezidenti bildirib ki, bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib: "Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu. Biz sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, sonra hücum əməliyyatına keçdik. Çünki biz torpaqlarımızı azad etməli idik. Ermənistanın təxribatlarına son qoyulmalı idi. Günahsız insanların həlak olmasına son qoyulmalı idi və əks-hücumdan sonra hücum edən tərəf, adətən, daha çox itki verir. Ancaq bizim itkilərimiz müharibənin miqyasına görə həddindən çox aşağıdır".

Dövlər başçısı deyib ki, hər bir şəhidimiz əvəzolunmazdır, hər bir insanın həlak olması böyük faciədir, onun özü üçün, yaxınları üçün, qohumları üçün, xalq üçün: "Ancaq onu da bildirməliyik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Məhz buna görə ola bilər bəziləri hesab edir ki, bu məsələ daha da tez həll oluna bilərdi. Halbuki 44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır".

"Biz çalışırdıq, öz taktikamızı elə quraq ki, itkilər az olsun. Eyni zamanda, bizim taktikamızda gözlənilməz addımlar da kifayət qədər çox idi",-deyən Ali Baş Komandan vurğulayıb ki, istifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir: "Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək. Ancaq bu gün də artıq xarici mətbuata sızılan məlumatlar da onu göstərir ki, bu müharibə hərbi ekspertlər tərəfindən çox ciddi təhlil edilirdi və edilir. Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi. Hər gün biz irəliyə gedirdik, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Bir gün də olmayıb ki, hansısa məsələni biz həll etməyək. Hər gün səhər mənim tərəfimdən hər günün döyüş-əməliyyat planı təsdiq edilirdi, günün sonunda da təhlil olunurdu. Biz bunun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana bilmişik, öz doğma torpaqlarımızı düşməndən azad edə bilmişik".

"Düşmənə elə sarsıdıcı zərbələr endirmişik ki, bu günə qədər özünə gələ bilmir"

"Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Hər gün döyüş əməliyyatı planları mənim tərəfimdən təsdiq edilirdi və hər gün görülmüş işlərə yekun vurularaq məsələ təhlil edilirdi - gün ərzində görülmüş işlər bizim planlarımıza hansı dərəcədə uyğundur və biz hansı nailiyyətlərə çata bilmişik",-deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş Qubadlı rayonuna səfəri zamanı çıxışında deyib.

Dövlət başçısı əlavə edib ki, Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi: "Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir, orada məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndi, Səfiyan kəndi, Türklər kəndi azad edilib və eyni zamanda, strateji yüksəkliklər ələ keçiriləndən sonra bu, bizə imkan verdi ki, Laçın dəhlizi artıq atəş altına düşsün".

"Düşmən bizi bu tərəfdən gözləyirdi. Çünki təbii ki, düşmən bilirdi Şuşa azad edilməmiş müharibə dayana bilməz. Düşmən hesab edirdi ki, biz Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyik. Biz də bilirdik ki, düşmən bizi orada gözləyir. Biz Şuşaya başqa yolla getdik, onların gözləmədiyi yoldan keçdik. Bu günə qədər də onlar inana bilmirlər ki, bizim qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər",-deyən Prezident İlham Əliyev bildirib ki, onlar bizi buradan gözləyirdilər, eyni zamanda, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində gözləyirdilər: "Biz isə Şuşaya başqa yolla getdik. Şuşaya yaxınlaşaraq bir neçə kəndi azad etdik, o cümlədən Sığnaq, Çanaxçı və Daşaltı kəndini azad etdik. Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu".

"Ermənistan təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü"

"Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyası idi. Ermənistan təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü. Ondan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atmadan bizə qaytarıldı",-deyən Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan əsgəri bu rayonlarda xidmət göstərir: "Bu da böyük nailiyyətdir. Biz mütləq o bölgələri də, o rayonları da döyüşərək alacaqdıq. Amma çox itkilər verə bilərdik, xüsusilə Ağdam istiqamətində, hər tərəf minalanmışdı və bir neçə müdafiə xətti var idi. Eyni zamanda, xüsusilə hava şəraitini nəzərə alsaq, Kəlbəcər, Laçın rayonlarının döyüşlə azad edilməsi də böyük itkilərə gətirib çıxaracaqdı. Artıq qış başlamışdı, yolları buz bağlamışdı. Kəlbəcərə Göygöl rayonundan keçmək üçün saatlarla vaxt lazımdır".

Dövlət başçısı bildirib ki, noyabrın 10-da imzalanmış Bəyanatın çox böyük əhəmiyyəti var: "Təbii ki, əgər biz o günə qədər böyük ərazini işğalçılardan azad etməsəydik, düşmənin belini qırmasaydıq, düşmən ordusunun məhv edilməsində istədiyimizə nail olmasaydıq, əlbəttə, düşmən onun üçün bu alçaldıcı sənədə qol qoymazdı. Biz onu məcbur etdik, torpaqlarımızdan qovduq və mən verdiyim sözə həmişə olduğu kimi sadiq qaldım. Müharibənin ilk günlərindən demişdim, Ermənistan rəhbərliyi açıq-aşkar bəyan etməlidir ki, nə vaxt, hansı tarixdə bizim torpaqlarımızdan çıxır. Tarix verməlidir bizə. Əgər bu olarsa, biz müharibəni dayandırarıq. Amma bizə tarix verilmədi. Çalışırdılar ki, müxtəlif yollarla xarici ölkələri bu işlərə qoşaraq öz çirkin əməllərini davam etdirsinlər, işğalı davam etdirsinlər. Əgər Ermənistan rəhbərliyi o vaxt mənim sözümə baxıb düzgün addım atsaydı, belə alçaldıcı vəziyyətə düşməzdi. Mən demişdim ki, axıra qədər gedəcəyik və axıra qədər də getdik, lazım olan anda dayandıq, üç rayonu bir güllə atmadan, bir itki vermədən qaytardıq, ərazi bütövlüyümüzü bərpa etdik".

"O tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, öz adlarını unudarlar"

"Bu gün vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Bu gün Ali Baş Komandan kimi, mən azad edilmiş bu torpaqlarda əsgərlərlə görüşürəm". Prezident İlham Əliyev onu da deyib ki, artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanıb: "Mənfur düşmən hər şeyi dağıdıb. Yol boyunca Cəbrayıl rayonundan, azad edilmiş torpaqlardan başlayaraq, bax, Qubadlıya qədər hər tərəf dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Təkcə Qubadlıda bir neçə bina qalıb ki, burada hərbçilər və onların ailə üzvləri yaşayıblar. Bütün binalar, bütün evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Bu cinayətlərin hamısı sənədləşdirilir".

"Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır",-deyən dövlət başçısı bildirib ki, Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır".

"Heç kim təminat verə bilməz ki, erməni faşizmi bir neçə ildən sonra yenə baş qaldırmayacaq"

"Biz öz istəyimizə nail olduq. Dekabrın 10-da Zəfər paradı keçirildi. Zəfər paradında biz düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikasını nümayiş etdirdik və öz hərbi potensialımızı nümayiş etdirdik. Biz bundan sonra da ordumuzu gücləndirəcəyik»,- deyən Prezident İlham Əliyev bildirib ki, indi gələn ilin büdcəsi müzakirə olunur: "Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur".

Dövlət başçısı deyib ki, bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaq və biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq: "Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmayacaq. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar".

"Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və qısa müddət ərzində lazım olan bütün bərpa işləri də nəzərdə tutulur. Xarici ekspertlər cəlb olunub, dəvət edilib, onlar bütün qiymətləndirmə işlərini aparacaqlar", -deyən Prezident İlham Əliyev bildirib ki, videosənədlər, fotosənədlər toplanır, bütün dəymiş ziyan hesablanacaq: "Bizim torpaqlarımız istismar edilirdi, təbii ehtiyatlarımız istismar edilirdi. Zəngilan rayonunda qızıl yatağı istismar edilirdi. Azad edilmiş digər ərazilərdə də, həmçinin. Bütün bunların hesabını Ermənistan dövləti verəcək».

Dövlət başçısı qeyd edib ki, bununla paralel olaraq bütün bərpa işləri təmin ediləcək: "Biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz".

"Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməyib"

"Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim",-deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməyib, tarixdə heç vaxt indiki qədər güclü olmayıb: "Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!". "Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın",- deyən dövlət başçısı bildirib ki, sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır: "Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər".

"Xaricdə yaşayan ermənilər cinayət törədiblər"

"Qubadlının Xanlıq kəndi. Xanlıq kəndi uğrunda şiddətli döyüşlər gedirdi. Ermənilər bizim bu tarixi, qədim kəndimizə eybəcər ad veriblər",-deyən dövlət başçısı xatırladıb ki, Xanlıq kəndi Qubadlı rayonunun ərazisində yerləşir: "Biz indi Qubadlı rayonunun ərazisindəyik. Ermənilər Xanlıq kəndində özləri üçün hərbi istehkam, hərbi baza qurmuşdular. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Baxın, xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb".

Xaricdə yaşayan ermənilərin cinayət törətdiyini, xaricdən erməniləri gətirib bizim torpaqlarımızda məskunlaşdırdığını deyən dövlət başçısı bildirib ki, Xanlıq qəsəbəsində azərbaycanlıların evlərini söküb sonra ermənilər üçün evlər tikiblər: "Bu da ermənilərin maşını. Bax, bu maşınları sürürdülər onlar. Bu da bizim qəhrəman əsgərlərimizin adları. Öz adlarını yazıblar bu evlərin üzərində. Biləsuvar, Şabran, Sabirabad, Şuşa, Oğuz. Bax, qanunsuz məskunlaşma budur. Bu da ermənilərin növbəti maşınları, baxın".

"30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik ki, məscidlərimiz, tarixi abidələrimiz dağıdılır, erməniləşdirilir, bir dəfə missiya göndərildimi?"

"Düşmən Zəngilanda da hər şeyi dağıdıb. Baxın, dağılmış evlər. Baxın, bu evi nə günə qoyublar»,-deyən dövlət başçısı İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda mənfur düşmən tərəfindən dağıdılan məscidə gəliblər.

Prezident İlham Əliyev məscidin qarşısında çıxış edərək mənfur ermənilərin dini abidələrimizi necə dağıtdıqlarını deyib: «Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib. Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar", - deyən dövlət başçısı bildirib ki, indi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb: "Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör".

"Mədəni adam məsciddə donuz saxlayar?", - deyən Prezident İlham Əliyev bildirib ki, Avropa Şurası səssiz qalma, gəl gör buranı: "Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək?".

Dövlət başçısı vurğulayıb ki, özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər: "Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər. Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər? Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Bu «dost ölkəyə» 20 il rəhbərlik etmiş cəlladlar bunu dağıdıblar. Onlar gəlib dağıdıblar bizim məscidimizi, təhqir ediblər. Bütün dünya bunu görməlidir. Əgər bizə qarşı hər hansı bir irad irəli sürüləcəksə, cavabını verəcəyik".

"Qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu"

"Görün şəhərlərimizi nə günə salıblar. Bir dənə də salamat bina yoxdur. Cəbrayıldan başlayaraq ta Qubadlıya qədər, Zəngilana qədər azad edilmiş torpaqlardan gəlmişəm. Bir dənə də salamat bina yoxdur. Bütün binalar sökülüb, dağıdılıb, kəndlərimizin adları dəyişdirilib, eybəcər adlar verilib, məscidimiz bax, bu günə düşüb",-deyən Prezident İlham Əliyev bildirib ki, cavabını verəcək Ermənistan, cavabını verəcək: "Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu. Əminəm ki, bu görüntülərdən sonra bizə irad tutmağa çalışan "beynəlxalq məmurlar» öz dillərini qarınlarına qoyacaqlar. Biz isə bu məscidi bərpa edəcəyik və bizim vətəndaşlar gəlib burada ibadət edəcəklər, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq".

"Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməyib, tarixdə heç vaxt indiki qədər güclü olmayıb"

"Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim",-deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməyib, tarixdə heç vaxt indiki qədər güclü olmayıb: «Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə