“Prezidentimiz fatehlik zirvəsinə ucalaraq, adını xalqın qəlbində əbədiləşdirdi” ÖZƏL-MÜNASİBƏT

“Prezidentimiz fatehlik zirvəsinə ucalaraq, adını xalqın qəlbində əbədiləşdirdi” ÖZƏL-MÜNASİBƏT

“Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin ad günüdür və sözsüz ki, hər bir vətəndaş üçün, dünya azərbaycanlıları, hətta türk dünyası üçün əziz gündür. Ad günü münasibəti ilə hörmətli Prezidentimizi ürəkdən təbrik edirik, xalqımızın xoşbəxtliyi, dövlətimizin təhlükəsizliyi və inkişafı uğrunda fəaliyyətində ona uğurlar, can sağlığı, uzun ömür arzulayırıq.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Cənab İlham Əliyev 17 illik fəaliyyəti ilə Azərbaycanın iqtisadi, siyasi, mənəvi həyatında bir tarix yaratmış, dövlətimizi əbədi etmiş, xalqımızı ucaltmış, təhlükəsizliyimizi möhkəmləndirmişdir.
“Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdirilmiş, mühüm layihələr, proqramlar həyata keçirilmiş, ixrac potensialı yüksəlmiş, iqtisadi münasibətlər möhkəmlənmiş, ölkəmiz dünyanın iqtisadi cəhətdən inkişaf edən və islahatlar aparan ölkələrindən birinə çevrilmişdir. Əhalinin sosial rifah halı durmadan yüksəlmişdir. Pensiyalar, əmək haqları, müavinətlər bir neçə dəfə artırılmışdır. Ölkəmizdə 2 milyondan çox iş yeri yaradılmış, işsizliyin səviyyəsi 4 faizə qədər düşmüşdür. Şəhid ailələri, əlillər, imkansızlar, qaçqın və köçkünlər dövlət qayğısı ilə təmin olunmuş, bu qəbildən olan minlərlə insana ev, maşın verilmiş, onların sağlamlığı, istirahəti, məişəti üçün milyardlarla vəsait ayrılmışdır.

Cənab Prezident insanlara xidməti, vətəndaşların sosial-rifah halının yaxşılaşmasını birinci dərəcəli vəzifəsi hesab etmiş və bu sahədə çox mühüm tədbirlər həyata keçirilmişdir. O, ən çətin anlarda, atəşkəs pozulan, zəlzələ baş verən, insanlar əziyyət çəkən zaman onların yanında olmuş, ömür-gün yoldaşı birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə hər bir insanın dərdinə şərik olmağa çalışmış və bunu əməli köməyi, qayğısı ilə göstərmişdir. Bu insani keyfiyyətlər dövlətimizin başçısını insanların gözündə qat-qat ucaltmış, ona böyük hörmət qazandırmışdır. Ölkə rəhbəri özünün 50 yaşını səbəbsiz deyil ki, Ağcabədi rayonunda Laçından olan qaçqın və köçkünlərlə bir yerdə keçirmiş, onları yeni evlərlə sevindirmişdir.
Azərbaycan Respublikasının Prezidentinin başlıca xidmətlərindən biri dövlətimizi beynəlxalq aləmdə tanıtdırmasıdır. Bu gün Azərbaycan dünyaya açılan və əksər ölkələr tərəfindən sevilən bir məkandır. Beynəlxalq əlaqələrin möhkəmlənməsi, bir çox beynəlxalq konfransların, tədbirlərin, musiqi festivallarının, idman yarışlarının paytaxtımızda keçirilməsi, humanitar tədbirlərə geniş dəstək verilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna dəstək verən amillərdir və bu bilavasitə Cənab İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Cənab Prezidentimiz tərəfindən uğurla həyata keçirilir və öz parlaq nəticələrini verir.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev 30 il işqal altında olan torpaqlarımızı erməni təcavüzkarlarından, terrorçulardan azad etməklə yeni bir tarix yazdı və adını Azərbaycan xalqının qəlbində əbədiləşdirdi, Türk dünyasına yeni bir qələbə töhfəsi verdi. O, fatehlik zirvəsinə ucalaraq Azərbaycan xalqının, əsgər və zabitlərimizin şücaətini, qəhrəmanlığını bəşəriyyətə göstərdi. Öz rəhbərlik, sərkərdəlik məharəti ilə xalqımızın yenilməzliyini, düşmənə qarşı barışmamazlığını sübut etdi, zalıma, qatilə haqqın-ədalətin üzünü göstərdi.
Prezidentimizi bir daha təbrik edirik, Allah köməyiniz olsun deyirik. “Yaşa, min yaşa” sədaları hər bir Azərbaycan vətəndaşının ürək səsidir, arzusudur, ehtiramıdır. Hörmətli Prezidentimiz, ad gününüz mübarək”, deyə Tahir Rzayev bilirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə