Erməni KİV-i İlham Əliyevin sözündən necə ibrət götürür? SİYASİ RAKURS+ÖZƏL

Erməni KİV-i İlham Əliyevin sözündən necə ibrət götürür? SİYASİ RAKURS+ÖZƏL

“Aysor” yazır: “Azərbaycan Ordusu obyektiv vəziyyətdə qələbə əldə etdi və ermənilər bu qələbəni öz liderlərinin keyfiyyətlərindən, şəxsiyyətindən asılı olmayaraq dayandıra bilməzdilər... Bunu inkar etməyin mənası yoxdur, sadəcə düzgün nəticələr çıxarmaq lazımdır”

Prezident İlham Əliyevin MDB ölkələri dövlət başçıları sammitindəki çıxışı zamanı Ermənistanın müharibədə uduzması və mövcud vəziyyətə düşməsinin əsl səbəbkarlarının əvvəlki prezidentləri – Robert Koçaryan və Serj Sarqsyanın olduğunu vurğulaması, Nikol Paşinyanın isə bu məğlubiyyətdə köklü məsuliyyət daşımaması ətrafındakı fikirləri Ermənistan ictimaiyyətində, eləcə də KİV-lərində çoxsaylı müzakirələrə və fikir mübadilələrinə səbəb olub.

“Aysor.am” saytının analitiki Boqdan Atanesyan məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən fikirlərini şərh edərək yazıb ki, həmin bəyanat sensasiya yaratması ilə yanaşı, həm də məşhur oldu.

Erməni analitiki: “Əliyev demək istəyib ki, mən Paşinyana deyil, 30 il müddətində ölkəni, ordunu quran erməni liderlərinə qalib gəldim...”

Belə ki, ölkə başçımızın müharibədən sonra ilk dəfə Paşinyana yönəlik müdafiə xarakterli fikirləri işlətdiyini, yəni Ermənistan ordusunun məğlubiyyətinin bilavasitə Paşinyanın şəxsinə görə baş vermədiyini yazan erməni analitiki bundan əvvəl baş nazirin istehza obyektinə çevrildiyini də xatırladıb və qeyd edib ki, MDB ölkə liderlərinin onlayn iclası opponenti təhqir etmək meydançası deyil, əskinə, bu platforma bəyanatların ağırlığını göstərən məna daşıyır.

SİTAT: “Faktiki olaraq Əliyev erməni ictimaiyyətinin diqqətinə və öz vətəndaşlarına çatdırmaq istədi ki, Azərbaycan Ordusu obyektiv vəziyyətdə qələbə əldə etdi və ermənilər bu qələbəni öz liderlərinin keyfiyyətlərindən, şəxsiyyətindən asılı olmayaraq dayandıra bilməzdilər. Məhz buna görə də o, ikinci və üçüncü prezidentlərin (Koçaryanın və Sarqsyanın) adlarını çəkdi. Yəni mövcud vəziyyətdə mən Paşinyana deyil, 30 il müddətində ölkəni, ordunu quran erməni liderlərinə qalib gəldim...”

Təbii ki, erməni olan və əsasən də rüsvayçı məğlubiyyətə düçar olan kəs qalib və müzəffər Azərbaycanı tərif atəşinə tuta bilməz, tutsa belə, onu məhz erməni xüsusiyyətlərinə aid olan tərzdə edər, yəni bacardığı qədər çirkablar atmaqla, qərəzli, siyasi həyasız mövqeyi nümayiş etdirməklə. Ona görə də, həmin tərəflərə toxunmadan, analitik yazının digər - bizim üçün əhəmiyyətli olan tərəfinə keçid edirik.

Yekun və acı etiraf: “Əliyev İrəvanın daxili gündəminə müdaxilə edir və tarixi mövcudluğu nəzərə alaraq, Qarabağ epopeyasında erməniləri fakt qarşısında qoymaqla qələbə qazanmağa nail olmuş şəxs kimi onun bunu etməyə tam haqqı var”

Beləliklə, fakt budur ki, Prezident İlham Əliyevin məşhur və düşmən tərəfinə sensasiya yaradan bəyanatı ermənilərin dərs götürmələrinə, ibrət almalarına geniş şərait yaradıb. Məsələn, məqalənin müəllifi iddia edir ki, Əliyev dəryanın dibinə batan Paşinyanı xilas etmək istəyir. Belə ki, Paşinyan bir çox münasibətlərdə rahat adamdır, amma Azərbaycan Prezidenti başqa tərəfdən onu ikiqat güclə dəryada batırır.

“Əliyev bir tərəfdən erməni cəmiyyətinin düşüncəsindən zamanında həmin düşüncələrdə yer etmiş Koçaryan və Saqsyanı silmək istəyir, digər tərəfdən onları ayıran xətləri daha çox vurğulayır”, deyə qeyd edən müəllif bildirib ki, Azərbaycanda Paşinyanın hakimiyyətdə qalması marağı mövcuddur.

Daha bir maraqlı məqam: erməni müəllif etiraf edir ki, nəticədən asılı olmayaraq, Prezident Əliyevin kəlməsi artıq Ermənistanın daxili siyasi aləmində əhəmiyyətli bir amilə çevrilib. SİTAT: “Əliyev İrəvanın daxili gündəminə müdaxilə edir və tarixi mövcudluğu nəzərə alaraq, Qarabağ epopeyasında erməniləri fakt qarşısında qoymaqla, qələbə qazanmağa nail olmuş şəxs kimi onun bunu etməyə tam haqqı var. Bunu inkar etməyin mənası yoxdur, sadəcə, düzgün nəticələr çıxarmaq lazımdır”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə