Azərbaycan beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdaş kimi tanınır

Prezident İlham Əliyev: "Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib"

Hər bir suveren dövlət beynəlxalq münasibətlərin subyekti kimi, özünün xarici siyasətini həyata keçirir. Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Xüsusilə də, ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət sayəsində Azərbaycan öz ətrafında əlverişli xarici mühit formalaşdırıb, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirib.

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasda çıxış edərək bildirib ki, biz Azərbaycana münasibətdə illər boyu yaranmış müəyyən neqativ fonu aramsız səylərimiz sayəsində aradan qaldırmağa və həqiqəti dünya birliyinə çatdırmağa nail olduq.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış zamanı bildirib ki, Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada pandemiyaya qarşı mübarizə ilə bağlı operativ tədbirlər görüb: "Qısa müddətdə laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırılıb. Qısa müddətdə 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. Beləliklə biz COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim etmişik. Həkimlərin çatışmaması da ümumi problem idi, çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi. Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb".

"Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir. İndi dünyada vaksinləmə prosesinin başlandığı vaxtda biz də bu prosesə qoşuluruq»,-deyən dövlət başçısı bildirib ki, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək: "Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb. Onu da qeyd etmək istəyirəm ki, pandemiyaya qarşı mübarizəyə gəldikdə, Yeri gəlmişkən, Azərbaycan Qoşulmama Hərəkatının sədri olan ölkə kimi bu mövzunu daim diqqət mərkəzində saxlayırdı. Biz həmişə bütün beynəlxalq forumlarda deyirdik ki, kifayət qədər maliyyə resurslarına malik olmayan ölkələrin də vaksinlərdən istifadə etmək imkanı inkişaf etmiş ölkələr kimi olsun, bu məsələdə ayrı-seçkilik olmasın. Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Nəzərdə tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək".

"Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib"

"Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edib və edir. Bizim təşəbbüsümüzlə bir neçə beynəlxalq tədbir keçirilib»,-deyən Prezident İlham Əliyev bildirib ki, dövlət başçıları səviyyəsində BMT-nin Baş Assambleyasının xüsusi sessiyalarının çağırılması təşəbbüsümüz 150-dən çox dövlət tərəfindən dəstəkləndi: "Onların sırasında bu ilin aprel ayında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının pandemiyaya qarşı mübarizəyə həsr edilmiş Zirvə görüşünü göstərmək olar. Azərbaycan Şuranın sədridir. May ayında bizim təşəbbüsümüzlə Qoşulmama Hərəkatının yenə həmin mövzuya həsr edilmiş Zirvə görüşü keçirilib. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Mən Qoşulmama Hərəkatının sədri kimi bu mövzunun müzakirə edilməsi üçün hökumət və dövlət başçıları səviyyəsində BMT-nin Baş Assambleyasının xüsusi sessiyalarının çağırılması təşəbbüsünü irəli sürdüm. Bu təklif 150-dən çox dövlət tərəfindən dəstəkləndi. Beləliklə, dekabrın 3-də və 4-də Azərbaycanın təşəbbüsü ilə 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi". Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, biz bir sıra ölkələrə və beynəlxalq təşkilatlara maliyyə yardımı və humanitar yardım göstərilməsi proqramında da fəal iştirak etmişik: "Biz Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Beləliklə, üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisata – Qoşulmama Hərəkatına başçılıq etməklə Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir".

Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi

Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan ilə Ermənistan arasında baş verən İkinci Vətən Müharibəsi ilə bağlı məlumat verərək bildirib ki, Azərbaycana münasibətdə illər boyu yaranmış müəyyən neqativ fonu aradan qaldırmağa və həqiqəti dünya birliyinə çatdırmağa nail olduq: "Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi. 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonu işğal edildi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağın hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı. Nəticədə 1993-cü ildə Azərbaycan əhalinin sayına görə ən yüksək qaçqın faizinə malik idi: Azərbaycanın o vaxtkı 8 milyon əhalisindən 1 milyonu köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanın işğal edilmiş əraziləri tamamilə dağıdılmış, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılmışdı".

"1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi"

Dövlət başçısı bu gün xarici diplomatlar və jurnalistlər Ağdama, Füzuliyə, Cəbrayıla və vaxtilə işğal edilmiş digər ərazilərə səfər edərkən orada nələr edildiyini deyərək bildirib ki, ermənilər bizim torpaqlarda necə vandalizm törədildiyini öz gözləri ilə görürlər: "Şəhərlər, kəndlər, xalqımızın tarixi, dini abidələri dağıdılıb. Biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində, BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik. ATƏT-in Minsk qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi. Status-kvonun saxlanılmasına yönəlmiş bütün cəhdlər Ermənistan rəhbərliyinin danışıqlar trekində imitasiya xarakterli hərəkətləri ilə maskalanırdı. Əslində, təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdılar. Üzə çıxmış yeni informasiya, xüsusən işğal edilmiş ərazilərdə aparılmış mühəndis-istehkam işləri nəzərə alınmaqla məlum olur ki, Ermənistan işğal etdiyi ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmırdı. Beləliklə, bütün bu 28 il ərzində Ermənistan rəhbərliyi onun ali vəzifəli şəxslərinin timsalında beynəlxalq birliyi çaşdırırdı".

"Vasitəçilərin bu prosesi irəlilətmək barədə xüsusi yeni ideyaları yoxdur"

Prezident İlham Əliyev bildirib ki, 2019-cu ilə qədər danışıqlar prosesi imitasiya şəklində olsa da davam etdiyi halda, 2019-cu ildən başlayaraq bu proses, əslində, dayanmışdı: "ATƏT-in Minsk qrupunun nümayəndələri ilə mənim çoxsaylı görüşlərim, əslində onu göstərdi ki, vasitəçilərin bu prosesi irəlilətmək barədə xüsusi yeni ideyaları yoxdur. Çünki Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq və mahiyyət etibarilə hər şeyi olduğu kimi – status-kvonu saxlamaq üçün əllərindən gələni edirdilər, xüsusən ona görə ki, onlar işğal edilmiş ərazilərin qeyri-qanuni məskunlaşdırılması ilə fəal məşğul olurdular. Bu, Cenevrə konvensiyalarına görə hərbi cinayətdir".

"Beləliklə, Ermənistan rəhbərliyi 2019-cu ildən etibarən yeni taktikaya əl atmağa başladı. Əslində, bu, danışıqlar prosesini pozmağa yönəlmiş imitasiyasından imtina demək idi. Mənim bu sözlərimin təsdiqini həm Ermənistanın ali hərbi-siyasi rəhbərliyinin rəsmi bəyanatlarında, həm də onların təxribatçı hərəkətlərində tapmaq olar",- deyən dövlət baş8çısı bildirib ki, çıxışlarımda da bildirmişdim ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır: "Yalnız bir neçə misal gətirəcəyəm. Zənnimcə, bu misallar mənim sözlərimin təsdiqi baxımından hamınız üçün çox əyani olacaq. Beləliklə, Ermənistanın müdafiə naziri, artıq keçmiş nazir, Amerika Birləşmiş Ştatlarında səfərdə olarkən açıq bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Əslində, Ermənistanın ali hərbi rəhbərinin bu bəyanatı Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini tamamilə açıqlayır. Görünür, milyonlarla azərbaycanlıya əzab-əziyyət vermələri onlar üçün kifayət deyilmiş, onlara hələ yeni ərazilər də lazım imiş. Bu, istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından yolverilməzdir. Özü də bu bəyanat məhz ABŞ-da verilmişdi. Bu, yeganə bəyanat olub, daha belə bəyanat olmayıb, amma hər halda, bu bəyanat olub".

"Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə"…cavabında mən dedim ki, "Qarabağ Azərbaycandır və Nida işarəsi"

Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanın baş naziri Paşinyanın 2019-cu ildə işğal edilmiş ərazilərdə olarkən "Qarabağ Ermənistandır və nöqtə" deməsinin cavabı "Qarabağ Azərbaycandır və nida işarəsi" olmalıdır: «Nəticədə kimin haqlı olduğunu tarix göstərdi. Özlüyündə Azərbaycana qarşı, təkcə ona qarşı yox ATƏT-in Minsk qrupuna qarşı bu nümayişkaranə təhdid, onların fəaliyyətinə hörmətsizlik onu göstərir ki, Ermənistan danışıqlar prosesini bilərəkdən və nümayişkaranə şəkildə pozurdu və əslində, pozmuşdu. Ona görə ki, bu məntiqi əsas götürsək onun dediyi kimi əgər "Qarabağ Ermənistandır"sa, onda danışıqlar aparmağa mövzu yoxdur. Ona görə ki, masa üzərində Minsk qrupunun həmsədrləri tərəfindən işlənib hazırlanmış, Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən danışıqlar üçün əsas kimi qəbul edilmiş Madrid prinsipləri vardı. Həmin prinsiplərdə açıq-aydın göstərilmişdi ki, işğal edilmiş bütün ərazilər Azərbaycana qaytarılmalıdır. Buna görə də həmin bəyanatlar və bir sıra başqa bəyanatlar, - mən sadəcə olaraq, həmkarlarımın vaxtını çox almaq istəmirəm, - onu göstərirdi ki, Ermənistan danışıqları qəsdən pozur".

"Ermənistan rəhbərliyi uzun illər boyu işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirməyə çalışıb. Bu, hərbi cinayətdir"

Dövlət başçısı Ermənistan rəhbərliyinin uzun illər işğal altında olan ərazilərində qanunsuz məskunlaşma aparmasını hərbi cinayət olduğunu deyib: "Daha sonra, bizə məlum idi ki, Ermənistan rəhbərliyi uzun illər boyu işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirməyə çalışıb. Bu, hərbi cinayətdir, lakin insan və maliyyə resursları olmadığına görə onlar bu niyyətlərini tam həcmdə həyata keçirə bilmirdilər.

Ermənistanın indiki rəhbərliyinə gəldikdə isə onlar bütün istiqamətlər üzrə öz siyasətinin həyata keçirilməsində daha çox Qərbdəki erməni diasporunun köməyinə ümid edərək işğal olunmuş ərazilərin, ilk növbədə, Azərbaycanın qədim Şuşa şəhərinin zorla məskunlaşdırılması planını hazırlamışdılar. Bu, açıq-aşkar, nümayişkaranə şəkildə həyata keçirilir, televiziyada göstərilirdi. Azərbaycan xalqının səbir kasasını daşdıran başqa hərəkətlərdən biri qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamentinin Xankəndidən Şuşaya köçürülməsi barədə qərarı idi. Buna azərbaycanlıların heysiyyətinin təhqir edilməsindən başqa ad vermək olmaz".

"Azərbaycanın qədim Şuşa şəhəri işğal edildiyi vaxtdan sonra ilk dəfə Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısının qondarma inauqurasiyası da bu qəbildəndir",-deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyinin hərəkətləri və addımları vəziyyəti kəskinləşdirməyə, Azərbaycan tərəfini cavab tədbirləri görməyə təhrik etməyə və danışıqlar prosesini pozmağa yönəlmişdi: "Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü".

"Ermənistan rəhbərliyinin yeni ərazilər ələ keçirilməsinə dair qondarma hərbi konsepsiyası çərçivəsində bizim postları və yeni əraziləri tutmaq cəhdi idi"

"Hərbi xarakterli provokasiyaya gəldikdə, bu il ərzində, ilk növbədə, iyul ayında Dağlıq Qarabağda münaqişə zonasında deyil, dövlət sərhədində törədilmiş təxribatdır",-deyən Prezident İlham Əliyev bildirib ki, Ermənistan qoşunları Tovuz rayonunda Azərbaycan Ordusunun mövqelərinə hücum etməsi işğalçı dövlət rəhbərliyinin yeni əraziləri tutmaq cəhdi idi: "O vaxt Ermənistan qoşunları Tovuz rayonunda Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdilər. Bu, tamamilə əsassız təxribat idi. Ermənistan rəhbərliyinin yeni ərazilər ələ keçirilməsinə dair qondarma hərbi konsepsiyası çərçivəsində bizim postları və yeni əraziləri tutmaq cəhdi idi. Biz dinc əhali və hərbi qulluqçular arasında itkiyə məruz qaldıq. Biz Ermənistan qoşunlarının layiqli cavabını verdik, onları ilkin mövqelərinə qaytardıq. Erməni tərəfin bu insidenti əsaslandırması, sadəcə, gülünc idi. Bəlkə çoxları unudub, sadəcə, xatırladıram ki, guya Azərbaycanın üç hərbi qulluqçusu “UAZ” avtomobilində ermənilərin postlarına hücum edib. Ümumiyyətlə, hərbi quruculuqla bağlı məsələlərdən uzaq olan insanlara da aydındır ki, müharibəni bu şəkildə - “UAZ” avtomobilində başlamırlar. Təəssüf ki, həmin adamlar erməni təcavüzünün qurbanı oldular. Deməliyəm ki, hərbi toqquşma bir neçə gün davam etdi və mən o vaxt bəyan etmişdim ki, bizim Ermənistan dövlətinin ərazisinə girmək barədə heç bir planımız olmayıb və yoxdur. Əgər belə planlar olsaydı, onda Tovuz istiqamətində bunu etmək çox asan idi, çünki bunun üçün imkan vardı. Beləliklə, biz cavab verməkdən uzağa getməyib dayandıq".

Prezident İlham Əliyev onu da bildirib ki, ardıcıl olaraq təxribatların - çoxsaylı erməni hərbi qulluqçulardan ibarət təxribat qrupu qoşunların təmas xətti zonasında Goranboy rayonuna girməyə cəhdləri, nəhayət, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə Tərtər, Ağdam, Füzuli rayonlarının yaşayış məntəqələrinə hücum etmələri, dinc əhali və hərbi qulluqçulara qarşı atəşlərin açılması bir daha Ermənistanın faşist xislətini təsdiqlədi: "Münaqişənin 44 günü ərzində Azərbaycanın 94 nəfər dinc vətəndaşı, o cümlədən 11 uşaq öldürüldü, 400-dən çox dinc sakin yaralandı, 5 mindən çox ev tamamilə dağıdıldı və ya ciddi zədə aldı. Erməni silahlı qüvvələri münaqişə zonasından uzaqda yerləşən şəhərlərə, o cümlədən Gəncə şəhərinə hücum etdilər, Qəbələ, Bakıdan təqribən 100 kilometr məsafədə yerləşən Siyəzən, Xızı şəhərlərinə ballistik raket zərbələri böyük tələfata səbəb oldu. Başqa sözlə desək, dinc əhalini məhv etməyə və beləliklə, günahsız insanları öldürməklə təşviş yaratmağa yönəlmiş hərəkətlər və ermənilərin döyüş meydanında məruz qaldığı itkiləri bir növ kompensasiya etmək cəhdləri göstərilirdi".

"Bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi"

"Sentyabrın 27-də, ermənilərin xaincəsinə hücumundan sonra mən Ali Baş Komandan kimi «İrəli!» əmrini verdim. Biz öz xalqımızı, öz ölkəmizi müdafiə etməli idik",-deyən dövlət başçısı bildirib ki, bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi: "Bu müddət ərzində biz 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdik. Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin alınmasından və azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi və hərbi əməliyyatların davam etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi. Çünki erməni ordusu darmadağın edilmiş və mənəvi cəhətdən sarsıdılmışdı, onun bir hissəsi mühasirədə idi".

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fəal iştirakı ilə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatını ilə bağlı məlumat verərək deyib ki, dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir hissəsinin azad edilməsi nəzərdə tutulurdu, razılaşmanın bəndləri yerinə yetirilib: "Təəssüf ki, bu cür qüvvələr var və bu, həmin bəyanatın yerinə yetirilməsinə mane olmağa çalışanların hamısı üçün çox ciddi siqnaldır. Belə cəhdləri biz müharibə dövründə də görmüşük, bəyanat imzalanandan sonra da. Təfsilata varmaq istəmirəm. Biz müəyyən xarici dairələrin cəhdlərini görmüşük. Onlar bu məsələdən bir növ kənarda qaldıqlarına görə narazı idilər. Onlar narazıdırlar ki, atəşin dayandırılmasında aparıcı rolu Rusiya oynayıb. Hər vasitə ilə çalışırdılar və təəssüf ki, indiyə qədər çalışırlar ki, Ermənistan cəmiyyətində müəyyən iğtişaşlar törətmək və əslində, bu bəyanatı pozmaq üçün müəyyən qarışıqlıq yaratsınlar. Xüsusən Ermənistanda vəziyyətlə bağlı müxtəlif vasitələrdən, Ermənistanda yaradılmış müxtəlif infrastrukturlardan, o cümlədən Soros infrastrukturundan istifadə etsinlər".

Azərbaycan Prezidenti, həmçinin Rusiya Federasiyasının sülhməramlı missiyası barədə də danışaraq bildirib ki, bu bəyanatın bir hissəsidir və missiya çox uğurla həyata keçirilir. Dövlət başçısı onu da deyib ki, Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək.

"Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib"

Dövlət başçısı işğaldan azad olunun toraqlarımızın tamamilə dağıdıldığını, viran qoyulduğunu da deyib: "Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın “Xirosima”sı adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri də onun kimi məqsədyönlü şəkildə dağıdılıb. Biz onu azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib. Eyni sözlər Cəbrayıl şəhərinə də aiddir". "Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur",- deyən Prezident İlham Əliyev bildirib ki, bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o, belə göstərişlər verməyib: "Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Koçaryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik. İndi, müharibə başa çatandan sonra biz vurulmuş ziyanın həcmini qiymətləndiririk".

"Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik"

"Yaxın vaxtlarda bərpa işləri başlanacaq. Bu işlər praktiki olaraq artıq başlanıb. Lakin əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik",-deyən dövlət başçısı bildirib ki, bununla paralel olaraq infrastruktur layihələri üzrə proseslər artıq başlanıb: "Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə