“Ermənistanın siyasi xəritədən silinmək qorxusu var” Vazgen Manukyan

“Ermənistanın siyasi xəritədən silinmək qorxusu var” Vazgen Manukyan

Ermənistan bu gün dünya siyasi xəritəsindən yox olmağa, silinməyə doğru gedir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, müxalifət tərəfindən baş nazir postuna namizəd olaraq irəli sürülən Vazgen Manukyan bu sözləri şənbə günü İrəvanda keçirilən mitinqdə deyib.

Manukyanın fikrincə, Qarabağda müharibə ololmaya da bilərdi.

“Bütün danışıqlarda uğursuz olmaq və bütün müttəfiqləri itirmək üçün ya böyük cəhalətə, ya da böyük xəyanətə sahib olmaq lazım idi”, deyə Manukyan bəyan edib.

O, diqqətə çatdırıb ki, Ermənistanın müharibəyə hazır olmaması fonunda müharibəni daha tez sona çatdırmaq da olardı ki, itgilər az olsun. Xatırladıb ki, əgər belə olsaydı, indi Yerablurda qəbristanlıqda basdırılanların çoxu, minlərlə gənc ailələrinə qayıda biləcəkdilər.

“Bu edilmədi. Özümüzü hansı vəziyyətə saldıq? Anarxiyaya və tabesizliyə. Müharibə yoxdur, amma biz torpaqları verməyə və qaytarmağa davam edirik. Belə davam edərsə, tezliklə Ermənistan ya dünya siyasi xəritəsindən yox olacaq, ya da heç kimin buna əhəmiyyət verməyəcəyi qədər acınacaqlı kiçik bir vəziyyətə düşəcək. Belə bir dövlət isə xalqının rifahını təmin edə bilməz. İndi bu yolda irəliləmək istəyirik”, deyə müxalifət namizədi fikirlərini açıqlayıb.

Manukyan ermənilərin yenidən ayaq üstə qalxacağına inanmaq istədiyini deyib.

“Biz itirdiyimiz əsgərlərin istəyini, azad və güclü bir ölkəyə sahib olmaq istəyini yerinə yetirməliyik. Bu itirdiklərimizin vəsiyyətidir. Bunu reallaşdıracağıməza and içməliyik”, deyə o siyasətçilərə çağırış edib.
Qeyd edək ki, bu gün də müxalifət nümayəndələri İrəvanın mərkəzində Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb edən növbəti mitinq keçiriblər.

Xatırladaq ki, ötən həftə ərzində müxalifət hər gün İrəvanda “Ləyaqət yürüşləri” keçirir və bu müddət ərzində iştirakçılar Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın “Xəyanət” maddəsi ilə tutulması üçün Ermənistan Baş Prokurorluğuna tələblərini bildirirdilər. Təşkilatçılar yürüşlərin Paşinyan Ermənistanın baş naziri postundan gedənə qədər davam edəcəyini bildirdilər.

Nəzərə çatdıraq ki, 19 dekabr tarixindən, Ermənistanda Dağlıq Qarabağdakı müharibədə ölənlər üçün üç günlük matəm elan edilib və günortadan sonra Nikol Paşinyanın rəhbərlik etdiyi Yerablur hərbi panteonuna xatirə yürüşünə digər səlahiyyətlilər də qoşulublar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə