İlham Əliyev ATƏT-ə icrası mümkün olan bir fəaliyyət planı verdi - ŞƏRH ÖZƏL

İlham Əliyev ATƏT-ə icrası mümkün olan bir fəaliyyət planı verdi - ŞƏRH ÖZƏL

"Əslində Azərbaycan Prezidenti Minsk Qrupunun həmsədrlərinin 28 illik nəticəsiz fəaliyyətinə çox dəqiq bir təyinat verdi. Bu 28 ildə yalnız ideya-fikir istehsalı ilə məşğul olmaq və bu ideya-fikirlərin həyata keçirilməsini isə tamamilə kənara buraxmaqdır. Bu da elə son nəticədə mənasız bir fəaliyyət anlamına gəlir. Ancaq Azərbaycan Prezidenti Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrlərinə bu ölkələrin Qafqazdakı sülh proseslərinin bundan sonrakı mərhələsində necə iştirak edəcəkləri ilə bağlı da dəqiq formul verdi". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspert bildirib ki, status-kvonun aradan qaldırıldığı, Azərbaycanın Qarabağ ətrafındakı, üstəlik Şuşa və Xocavəndin böyük bir hissəsinin azad etdiyi, təmas xətti anlayışının ortadan tamamilə çıxdığı bir vaxtda, Madrid prinsipləri adlanan bir zamanların ən gurutulu sənədinin artıq masa üzərindən kənara atıldığı bir şəraitdə Minsk Qrupu üçlüyünün görəcəyi elə bir iş qalmayıb: "Ancaq Azərbaycan Prezidenti hesab edirəm ki, ABŞ və Fransa həmsədrlərinə son dəfə Qafqazdakı sülh proseslərinin bundan sonrakı mərhələsinə qoşulmaq şansı verdi və aydın bir çərçivə də göstərdi. Bunlar xalqların sülhə hazırlanması, etimadın möhkəmləndirilməsi, etnik düşmənçiliyin izlərinin silinməsi, kommunikasiyaların bərpası və s. kimi sahələrdə iştirak etmək barədə düşüməyə şans verdi. Təbii ki, Azərbaycan özü də bunları həyata keçirə bilər. Yəni, Ermənistanın bundan sonra Azərbaycanla düşmənçilik aparmağa çalışması, onun öz xalqını sülhə hazırlamaması, əksinə öz xalqı içərisində qisasçılıq meyillərini yenidən qızışdırması prinsipcə Azərbaycan üçün heç nəyi dəyişməyəcək. Bu kimi əməllər Ermənistanın özünə zərər verəcək".

A.Quliyev vurğulayıb ki, bütün bunlara baxmayaraq Azərbaycan Prezidenti Ermənistanla sülh proseslərinin bundan sonrakı mərhələsində iştirak etmək üçün ABŞ və Fransadan olan həmsədrlərə yeni şans hazırladı: "Əgər bunların öhdəsindən gələcək və bu məsələlərə öz töfhələrini verəcəklərsə, ölkələrinin Cənubi Qafqazda mövcudluğu bir qədər möhkəmlənə bilər. Bununla da sonrakı proseslərdə iştirak edə bilərlər. Yox, əgər bunu da etməsələr onda Fransa və ABŞ üçün bu regionda manevr etmək çətin olacaq. Eyni zamanda cənab Prezident onlara daha bir şans da verdi ki, bu da Ermənistanın bundan sonra özünü ağıllı, normal şəkildə siyasət aparması üçün onlara təsir göstərməsi məsələsi. Düşünürəm ki, Fransa və ABŞ ən azından bunu yüksək səviyyədə həyata keçirə bilər. Çünki ABŞ və Fransada olan erməni lobbisinin vasitəçiliyi ilə Ermənistanı başa sala, düz yola dəvət edə bilərlər ki, aqressiv siyasətin davam etdiriləcəyi təqdirdə Azərbaycan tərəfdən Ermənistanı daha ağır zərbələr gözləyir. Ona görə, prezident İlham Əliyev onlara icrası mümkün olan bir fəaliyyət planı, yol xəritəsi verdi. İşin bundan sonrasının necə olacağı onların özündən asılıdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə