"Sabah bu bizə çox ciddi fəsadlar yarada bilər" ÖZƏL-MÜNASİBƏT

"Sabah bu bizə çox ciddi fəsadlar yarada bilər" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə informasiya dedikdə biz adətən yeni informasiya almağı nəzərdə tuturuq. Amma informasiya təkcə bundan ibarət deyil". Bunu SİA-ya AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib.

Onun sözlərinə görə, informasiya həm də ətraf dünyanın insan beynindəki bir obrazını yaratmaqdır: "Bu halda sizin beyininizə daxil olan informasiya çox böyük əhəmiyyət kəsb etməyə başlayır. Niyə? Çünki sizin beyinizdə ətraf dünyanın obyektiv olmayan bir obrazı, görünüşü yarana bilər. İnformasiya müharibəsi həmin o beyinlərin uğrunda beyinlərə daxil olmaq, beyinlərdə ətraf dünyanın əksini yaratmaq uğrunda mübarizədir. Hər kəs istəyər ki, özünün obrazını, özünə sərf edən obrazları çoxlu byinlərə yeritsin, başqa ölkələrin ictimai şüuruna, psixologiyasına müdaxilə etsin. Bu gün biz öz vətəndaşımızın şüurunu, düşüncəsini, dünya haqqında təsəvvürlərini bizə düşmən olan tərəflərin, əleyhimizə işləyən qüvvələrin informasiya, psixoloji müdaxiləsindən qorumalıyıq. Biz lazımdır ki, Azərbaycan xalqı, ictimai düşüncəsi dünyanı Azərbaycan dövlətinin maraqlarına uyğun formada dərk etsin. Hər kəs bunu bir cür yoza bilər. Problem ondadır ki, müasir dünyada istənilən mövqeni pis və yaxud yaxşı şəkildə əsaslandırmaq mümkündür. Bu halda artıq informasiya müharibəsinin bütün sərtliyi dövriyyəyə girir. Niyə? Çünki dövlət məcburdur ki, öz vətəndaşının psixologiyasını, şüurunu kənar qüvvələrin istədiyi kimi formalaşmaqdan qorusun. Sabah bu bizə çox ciddi fəsadlar yarada bilər. Bu səbəbdən də cəmiyyətin psixoloji sağlamlığının yolu onun informasiya təhlükəsizliyindən keçir. Biz gördük ki, Vətən müharibəsində bu nə qədər önəmlidir. Müharibə başlayanda ölkəmizdə sosial şəbəkələrin məhdudlaşdırılması bunun əhəmiyyətini göstərdi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə