Prezident İlham Əliyev güclü, təşkilatlanmış bir düşmən üzərində qələbə çaldı - ŞƏRH ÖZƏL

"44 günlük Vətən Müharibəsinin gedişatında reallıqlar hər gün daha da aydın şəkildə gün işığına çıxırdı. Nəticədə isə sübut olundu ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu və hər detalı ən incə məqamına qədər hesablayan və diqqətə alan uzaqgörən diplomatiyamız hər hansı bir zəif düşmən üzərində deyil, güclü təşkilatlanmış bir düşmən, eyni zamanda onu himayə edən qərəzli, məkirli qüvvələr üzərində qələbə çaldı. Müharibə bir neçə istiqamətdə qızğın xarakter alır, Azərbaycan isə bütün istiqamətlərdə Ermənistanı və onu himayə edən qüvvələri hər keçən gün bir az daha artıq məhv edirdi". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, əvvəlcə hərbi sahədə əldə etdiyimiz uğurları dəyərləndirərkən bir neçə məqamları vurğulamaq lazımdır: " Əvvəla hər rayonun, kəndin azad edilməsi ilə bölgədə aşkarlanan nəhəng hərbi istehkamlar, məhv edilmiş və ya götürülmüş hərbi texnika, silah-sursat açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan Ordusunun qarşısında illər ərzində yüksək dərəcədə təşkilatlanmış güclü düşmən olub. Belə ki, mənfur düşmən qarşı tərəfin maksimum itki verməsi məqsədilə işğal etdiyi ərazilərdə müasir texnologiyalara uyğun müdafiə sədləri qurub, istehkamlar tikib və bunun üçün böyük məbləğdə vəsait sərf edib. Eyni zamanda, Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik olmaqla yanaşı, Ermənistan ordusunun zabitləri Fransada, Rusiyada, Livanda və başqa ölkələrdə təhsil alıblar, xidmət ediblər və müasir hərbi texnologiyaları, yenilikləri öyrəniblər. 30 il ərzində Ermənistan hərbçiləri həmin ərazilərə dərindən bələd olublar. Qarabağı azad edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri isə ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular. Buna baxmayaraq, gənc zabit və əsgərlərimiz o dərəcədə əzmli və güclü, onların ürəklərində olan Vətən sevgisi isə o dərəcədə alovlu idi ki, bunun qarşısında heç bir silah-sursat tab gətirə bilmirdi. Bu baxımdan da Şuşanın azad edilməsi istiqamətində gedən əlbəyaxa döyüşlərdə hər bir erməni əsgər və zabiti fiziki cəhətdən elə məhv edilmişdi ki, sanki bu yolla mərd oğullarımız mənfur düşməndən Xocalı soyqırımının qisasını alırdı".

Politoloq bildirib ki, səngərdə əldə etdiyimiz uğurlar eynilə diplomatik masada da davam edirdi: "44 günlük Vətən müharibəsi dönəmində ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru aparırdı. Ölkə başçımız tərəfindən düşünülmüş siyasətin nəticəsidir ki, illər ərzində Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu qələbə sadəcə 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı. Əgər vaxtilə bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmir, işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilərsə bu gün bütün dünya Azərbaycan dövlətinin qalib dövlət, xalqımızın isə qürurlu, məğrur, yenilməz xalq olduğu reallığını görür və qəbul edir. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Belə ki, bu müddət ərzində isə döyüşlər sadəcə səngərdə və diplomatik masada deyil, informasiya məkanında da qızğın xarakter aldı. Ermənistanın əvvəlki dövrdə olduğu kimi, istər erməni lobbisinin, istərsə də xarici havadarlarının dəstəyi və köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmaq, öz yalan, ikiüzlü, riyakar siyasətini beynəlxalq ictimaiyyətə sırımaq üçün uğursuz cəhdlər göstərməsinə baxmayaraq informasiya məkanında da ən Ali vəzifəni öz üzərinə götürən və sanki informasiya məkanının da Ali Baş Komandanı funksiyasını məharətlə icra edən cənab Prezident 26 xarici mediaya müsahibələr verdi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla əsaslandırdı və sual doğuran məsələlərə aydınlıq gətirərək reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bütün cinahlarda gedən döyüşlərə şəxsən rəhbərlik edən Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı".

Ş.Həsənova vurğulayıb ki, Qələbəmiz isə təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil: "Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə həm də regionda tamamilə yeni bir reallıq yaratdı. Fransanın, qərəzli mövqe nümayiş etdirən dairələrin mövcud münaqişədən istifadə edərək Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz maraqlarını təmin etmək istiqamətində qurduğu planları Prezident İlham Əliyev kökündən məhv etdi".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...