Arif Paşa: “Bu gün Laçın şəhəri də daxil olmaqla, Laçın rayonu Azərbaycanın nəzarətindədir” RƏY

“Cəmiyyətdə Laçının mərkəzinin ermənilərdə qalması ilə bağlı narahatlıqlar əbəsdir. Laçın şəhəri və hər hansı kəndi ermənilərdə qalmır. Bu saat da orada Azərbaycan əsgəri var. Sadəcə, Laçında dəhliz məsələsi var, təbii ki, biz həmin dəhlizin də olmasını istəmirik. Amma müəyyən reallıqlar var ki, onlarla barışmağa məcburuq. Yeni dəhlizin parametrləri hazırlanıb gerçəkləşəndən sonra əhali tam şəkildə Laçın şəhərinə köçürüləcək”. SİA xəbər verir ki, bunu birinci Qarabağ müharibəsi zamanı Laçın batalyonunun komandiri olmuş Arif Paşa deyib.

Onun sözlərinə görə, bu gün Laçın şəhəri də daxil olmaqla, Laçın rayonu Azərbaycanın nəzarətindədir: “İnsanlar tələsir, tez bir zamanda Laçına getmək, köçmək istəkləri var içlərində. İnsanlar bu baxımdan narahatdırlar. İnsanlar bilsin ki, Laçın bizdədir, narahatlığa əsas yoxdur. İlk günlərdə məlumatsız idim, müəyyən narahatlıqlarım vardı. Amma sonradan birbaşa Laçından aldığım məlumatlar bir qədər rahat olmağa əsas verdi”.

"Türkiyədən gələn hərbi kontingent bu gün Rusiya sülhməramlıları Azərbaycanda hansı missiyanı yerinə yetirirlərsə, həmin missiyanı yerinə yetirəcəklər"

“Şükür Allaha ki, Türkiyə bizim yanımızdadır, Azərbaycana hərbi kontingent yollayır. Narahat olanlar bu məsələni də nəzərə almalıdır ki, bütün proseslər Azərbaycanın, Azərbaycan xalqının xeyrinə həll olunur”, deyən Arif Paşa bildirib ki, Türkiyədən gələn hərbi kontingent bu gün Rusiya sülhməramlıları Azərbaycanda hansı missiyanı yerinə yetirirlərsə, həmin missiyanı yerinə yetirəcəklər: “Üstəlik, türkiyəli hərbçilər patrul xidməti də həyata keçirəcəklər. Bu məsələ bizim istədiyimiz şəkildə həll olunacaq. Qarabağ əbədi, əzəli Azərbaycan torpağıdır, Azərbaycanın bütün dünya tərəfindən tanınan, qəbul edilən beynəlxalq sərhədləri daxilindədir. Azərbaycan öz ərazilərində istədiyi missiyanı buraxa və ya buraxmaya bilər. Bu ölkənin sahibi bizlərik”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə