“Yoluxmanı nəzarətə götürmək üçün əlavə tədbirlərə ehtiyac var” Akif Qurbanov

“Bu gün koronavirusa yoluxma sayının nəzarətə götürülməsi üçün əlavə tədbirlərə ehtiyac var”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bu gün keçirilən brifinqdə deyib.

Professor bildirib ki, pandemiya başlayandan indiyə qədər dövlət səviyyəsində ən yüksək tədbirlər görülməkdədir.

“Modul tipli xəstəxanalar tez bir zamanda istifadəyə verildi. Ən yeni preparatlar gətirildi ölkəyə, nəinki həkimlər səfərbər edildi, eləcə də, xarici mütəxəssislər cəlb olundu. Amma bütün bunlar görülən tədbirlərin yalnız bir hissəsidir. Nəzərə almaq lazımdır ki, hazırda dünyada yoluxma sayı 60 milyonu keçib. Bütün dünya hazırda xəstəliyə qarşı müxtəlif tədbirlər həyata keçirir. Bununla belə, ancaq yenə də pandemiyanın yayılması səngimək bilmir. Qorunma tədbirlərindən başqa hazırda çarəmiz yoxdur. Xəstəliyə qarşı vaksin, preparat yoxdur əlimizdə. Düzgün əməl etməliyik qorunma tədbirlərinə. Düzgün istifadə etməliyik maskadan. Maska tənəffüs yollarını bağlamalıdır. Ağız və burun eyni şəkildə bağlanılmalıdır. Çünki, hərhansı birinin bağlanmaması eyni dərəcədə risk deməkdir. Lazım olmadığı təqdirdə insanlar bir-birinə yaxınlaşmaqdan, təmasdan çəkinməlidir. Ələlxüsus, gigiyena qaydalarına əməl edilməsi, xüsusən də əllərin tez-tez yuyulması çox vacibdir”, deyə Akif Qurbanov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə