“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib

“CIFAL” qrupunun prezidenti Jil Remidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan və onun xalqı üçün bu şərəfli və xoşbəxt tarixi məqamda 25 ildən çox müddətdə işğal altında qalan ərazilərin azad edilməsi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu Qələbə öz xalqına arxalanan, uğurlu və parlaq hərbi və diplomatik əməliyyatı idarə edən dövlət xadiminin sayəsində əldə olundu.

Bu tarixi məqamda 1993-cü ildə Bakıya ilk səfərimi xatırlayıram. Həmin dövrdə çətin iqtisadi vəziyyətdə olan Azərbaycan doğma torpaqlarından qovulmuş minlərlə qaçqın və məcburi köçkünü qəbul etməli idi. Atanız sabitliyin yaranmasına nail oldu və bu gün Bakının timsalında şahidi olduğumuz iqtisadi inkişafın təməlini qoydu. Bu gün Siz atanızın ən ali məqsədi olan Azərbaycanın suverenliyini onun bütün ərazisi üzərində bərpa etdiniz. Siz onun layiqli davamçısısınız.

Ən mütərəqqi müsəlman mədəniyyətinə malik olan, eləcə də digər dinlərə ən çox hörmətlə yanaşılan ölkənizin həqiqətlərini 25 ildən artıq müddətdə tanıtmaq və təbliğ etməklə, bir çox sənaye layihələri irəli sürmək və icra etməklə Azərbaycan ilə Fransa arasında münasibətlərin inkişafına töhfəmi verməyə çalışmışam.

Bu son çətin dövrdə Fransada həm mətbuat sahəsində, həm də siyasi müstəvidə çox güclü anti-Azərbaycan dairələrlə mübarizə aparmaq asan olmadı. Lakin mənim üçün ən ağrılısı o oldu ki, hazırkı fransız hakim dairələri nəinki ölkəmizin Minsk qrupuna həmsədrliyi çərçivəsində münaqişənin həlli yolunu tapa bilmədilər, hətta beynəlxalq hüququ pozaraq Ermənistan hakimiyyətinin tərəfini tutdular.

Bilirəm ki, bu yanaşma əlaqələrimizi, o cümlədən iqtisadi münasibətlərimizi soyuda bilər. Lakin əminəm ki, Siz tarazlıq yaratmağa və zamanı gələndə həm siyasi, həm də iqtisadi münasibətlərimizin bərpasına və inkişafına nail olacaqsınız.

Hörmətli cənab Prezident, Sizi əmin etmək istərdim ki, mən və Bakıdakı bütün əməkdaşlarım ölkələrimiz arasında iqtisadi və siyasi münasibətlərin inkişafına töhfəmizi vermək üçün daha qətiyyətlə çalışacağıq.

Sizi yaxın zamanlarda Bakıda və ya Avropada şəxsən təbrik edə biləcəyimə ümid edərək, Zati-alinizə təbriklərimi və dərin ehtiramımı çatdırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...