Paşinyan: “Burada hər saat taleyüklü ola bilər, tez hərəkət etməliyik”

Qarabağda əldə edilmiş sülhün qorunması prioritetdir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

“Bu gün əsas hədəf, əldə edilmiş sülhü qorumaq, onu daimi hala gətirə bilmək, daha yaxşı etməkdir. Bu gün Ermənistan və Arsak (Azərbaycanın Qarabağ bölgəsi-red) ətrafında sabitlik və təhlükəsizliyin təmin edilməsi vacib bir vəzifədir. Bunun üçün 9 noyabrdakı razılaşmaları yerinə yetirmək lazımdır”- Paşinyan “Facebook” səhifəsində yayımlanan həmyerlilərinə tele müraciətində deyib.

Onun sözlərinə görə, bu razılaşmalarda “problemli məsələlər” var, lakin onların ətrafında “aktiv diplomatik iş” aparılır və həlli yolları mütləq tapılacaqdır.

Paşinyan qeyd edib ki, razılaşma arasında əsir və cəsədlərin mübadiləsi, itkin düşənlərin axtarışı da var.

"Burada hər saat, hər dəqiqə taleyüklü ola bilər. Tez hərəkət etməliyik, amma təəssüf ki, bu yalnız özümüzdən asılı deyil"- baş nazir deyib.

Paşinyan Ermənistanda öz hərəkətləri ilə iqtidara qayıdışını təmin etmək üçün ölkədə xaos səpmək istəyən qüvvələrin olduğunu da söyləyib: “Lakin buna imkan vermərik. Hakimiyyəti əlimizdə saxlamırıq, amma xalq onların geri dönməsini istəmir”.

Xatırladaq ki, Ermənistanda 10 noyabrdan bəri Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Müxalifət onu Qarabağın Azərbaycanın nəzarətinə keçməli olduğu üçtərəfli müqavilə imzalamaqda günahlandırır.

Bundan əlavə, Paşinyan təslim olmaqda və xalqa xəyanət etməkdə günahlandırılır.

Paşinyan isə müqaviləni imzalamaqdan başqa çıxış yolu olmadığını qeyd edib.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə