"Kəlbəcərdə də erməni vandalizminin növbəti nümayişinin şahidi olduq" ÖZƏL-MÜNASİBƏT

"Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü Qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ordumuz Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı, “güclü erməni ordusu” mifini darmadağın etdi və 30 ilə yaxındır ki, işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi. Ordumuz Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşanı və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir. Ərazisinə görə Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərin erməni işğalından azad edilməsi Ali Baş Komandanımızın, Azərbaycan xalqının və onun baş tacı olan Milli Ordumuzun nəhəng tarixi zəfəridir. Dünya da şahid oldu ki, XXI əsrin müharibəsini aparan Azərbaycan xalqı qalib və döyüşkəndir". Bunu SİA-ya millət vəkili Anar Məmmədov deyib.

Deputatın sözlərinə görə, həqiqətən də bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir: "Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət çıxışında dediyi kimi Kəlbəcərin Ermənistan tərəfindən işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Heç kəsə sirr deyil ki, Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olub. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən xaos, siyasi böhran yaranmışdı.1992-1993-cü illərdə rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdı. Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxarmışdı. Bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarı o vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir.

Əfsuslar olsun ki, işğaldan azad olunmuş digər Azərbaycan torpaqlarında olduğu kimi Kəlbəcərdə də erməni vandalizminin növbəti nümayişinin şahidi olduq. Barbar davranışları ilə diqqət çəkənlər mülki obyektləri yandırır, dini abidələri yararsız vəziyyətə salır, ətraf mühitə və oradakı obyektlərə zərər vuraraq ərazini tərk etdilər. Lakin heç kimdə şübhə olmasın ki, Azərbaycan multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərində dağıdılmış islam və qeyri-islam dininə mənsub bütün abidələri, infrastrukturu bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcəkdir. Cənab Prezidentin də dediyi kimi, İkinci Qarabağ Müharibəsi bir daha göstərdi ki, kim kimdir. Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya bəyan etdi - Ermənistan məğlub edilmiş ölkədir, Azərbaycan zəfər çalmış ölkədir! Qələbə bizimdir! Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə