Ermənistan Milli Elmlər Akademiyası Paşinyanın istefasını tələb etdi

Ermənistan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Ermənistanın Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 24 noyabr tarixli iclasında Azərbaycanın Ermənistanın silahlı qüvvələri tərəfindən 30 il işğalda saxladığı əraziləri azad etməsi nəticəsində yaranan vəziyyətlə bağlı qərar qəbul edilib.

Ermənistan Milli Elmlər Akademiyasından mətbuata təqdim olunan bəyanatın mətnində müharibə başlanandan sonra bölgədə, xüsusən də Ermənistanda yaranmış kritik durum geniş şərh edilib. Qeyd edilib ki, 9 Noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan bəyanat mənəvi və psixoloji ab-havanın hökm sürdüyü erməni xalqı üçün alçaldıcı sənəddir: "Bu vəziyyətdə, Rusiya Federasiyasının sülhməramlılarını Dağlıq Qarabağda yaşayan erməni xalqı üçün müstəsna qarant hesab edirik. Ermənistan Silahlı Qüvvələrinin mənəvi sarsıntılarını azaltmaq, onu möhkəmləndirmək və modernləşdirilmək üçün hər kəsi bu işə dəstək olmağa çağırırıq. Ermənistanın indiki rəhbərliyinin elmə passiv münasibətini, bunun nəticəsində ölkənin müdafiə sistemində müasir elmi və texnoloji nailiyyətlərin tətbiq edilməsinin qeyri-mümkün olduğunu şiddətlə qınayırıq. Düşmənçiliyin, inamsızlığın, nifrətin cəmiyyətdə yayılmasını yolverilməz hesab edirik və həmrəylik və birlik mühiti yaratmaq üçün qətiyyətli səy göstərməyə çağırırıq".

Rəyasət heyəti bəyanatın sonunda bu vəziyyətin davam edə bilməyəcəyini əsas gətirərək Paşinyana təklif edib: "Ermənistan hökumətinin sonrakı fəaliyyətini təsirsiz hesab edirik və Baş nazirinin rəhbərlik etdiyi hökumətin istefasını tələb edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə