Aqasi Yenkoyan: “Nikol nəyin başındadır?” İTTİHAM

“Siz hiss etdiniz ki, dövlət yoxdur? Yəni əvvəl olmayanlar indi də yoxdur”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Media advokat” təşəbbüsünün rəhbəri, hüquq müdafiəçisi Aqasi Yenkoyan özünün “Facebook” səhifəsində yazıb.

“Əvvəllər öncəkilərdən hər hansı irs qalırdı, bunlar bəs nə ediblər - dolların kursunu saxlayırdılar, mükafatlar verirdilər, dolma və kabab bayramları keçirirdilər, Robert Koçaryanı tuturdular, Hrayr Tovmasyanı istefaya göndərirdilər və onlara elə gəlirdi ki, bütün bunlar dövlətçilik anlamı daşıyır”, yazan erməni hüquq müdafiəçisi əlavə edib ki, baş nazir sosial şəbəkədə canlıya çıxaraq deyirdi ki, biz ən qürurlu xalqıq, bu vasitə ilə dövlətçilik imitasiyası təmin olunurdu.

Erməni hüquq müdafiəçisi: “Nikol yaxşı bilir ki, dövlət yoxdur, ümumiyyətlə yoxdur, hətta canlı efirlərə də çıxmır”

“Dövlətçiliyin olmaması şübhəsi COVID-19 epidemiyası zamanı yaranmağa başladı. Həmin vaxt dövlət insanları asfalta yatırdaraq onları Nikolun sexlərində hazırlanan maskaları zorla almağa, onu tənqid etməməyə məcbur edirdilər, daha heç bir işlər aparılmırdı”, yazan Yenkoyan qeyd edib ki, müharibə müddətində dövlət geri çəkilmək, torpaqları qaytarmaq, minlərlə qurban vermək və Artsrunun (MN-nin istefaya getmiş rəsmisi Artsrun Ovannisyan) yalanlarını yaymağı özünün işi bildi: “İndi müharibədən sonra dövlət hətta qaçqınların problemlərini həll etmir, yaralılarla, əlillərlə məşğul olmur, hər şey könüllülərin üzərində qalır. Könüllülərin üzərində əsirlərin axtarışı və dəyişdirilməsi variantları da qalır. Nikol yaxşı bilir ki, dövlət yoxdur, ümumiyyətlə yoxdur, hətta canlı efirlərə də çıxmır. Əgər dövlət yoxdursa, hansı baş nazirdən danışmaq olar, o nəyin başındadır, nə üçündür? Yəqin onlar könüllü olaraq toplaşmalı və yenidən dövlət qurmalıdırlar, kimə dövlət lazımdırsa, mütləq özlərinə baş nazir də tapacaqlar”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə