"Müzəffər Ordumuz Kəlbəcərə daxil oldu" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı bəyannaməyə və Ermənistan baş naziri Nikol Paşinyanın qəbul etdiyi kapitulyasiya aktına uyğun olaraq 25 noyabr 2020-ci il tarixdə Müzəffər Ordumuz Kəlbəcərə daxil oldu”. Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, son 27 il ərzində erməni işğalı altında qalmış Kəlbəcər müalicəvi “İstisuyu”, qızıl yataqları, əsrarəngiz təbiəti, təmiz dağ havası ilə məşhurdur: “Erməni daşnakları xəyallarında belə təsəvvür etməzdilər ki, Qarabağ iqtisadiyyatının əsasını təşkil edən bu təbii sərvətlərdən bir güllə belə atmadan çıxa bilərlər. Belə biabırçı hərbi-diplomatik məğlubiyyəti onlara yaşadan və beynəlxalq hüququn normalarına uyğun olaraq ədaləti bərpa edən Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevə eşq olsun!!!

Bir məqamı da qeyd etməyi özümə borc bilirəm. 1993-cü ildə erməni daşnakları, terrorçu Monte Melkonyanın rəhbərliyi ilə, kəlbəcərlilərin bölgəni tərk etməsi üçün cəmi 10 saat vaxt vermişdilər. Sonralar Qarabağda başı kəsilmiş bu qansız cəllad, 1981-ci ildə Türkiyənin Romadakı səfirini qətlə yetirmiş, erməni diasporasının təzyiqləri nəticəsində azadlığa çıxmış və Livan ərazisində türklərə, yəhudilərə qarşı çoxsaylı qətillər törətmişdir.

Ancaq bütün bu vəhşiliklərə rəğmən Azərbaycan, onlara bəyannamədə göstərilən müddətdən əlavə 10 sutka vaxt verdi. Rəmzi məna daşımaqla bərabər hər iki millətin insani keyfiyyətləri burada da özünü göstərir. Əlavə şərhə ehtiyac yoxdur. Bu gözəl gün münasibətilə xalqımızı, kəlbəcərliləri təbrik edirəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...