"Bir-birimizi qınamalı və nəzarət etməliyik" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan koronavirus pandemiyası başlayan ilk gündən çox ciddi tədbirlərə başladı. İnsanların maarifləndirilməsi, “evdə qal” kampaniyası və s. bu səpkidə görülən işlər idi. Bir çox iş yerləri, universitetlər, orta məktəblər bağlı qaldı. Azərbaycan dövlətinin, hökumətinin qarşısında yalnız bir məqsəd var idi o da insanlarımızı qorumağa hesablanmışdı". Bunu SİA-ya millət vəkili Müşfiq Cəfərov deyib.

"Təbii ki, insanlarımızın yaşaması üçün iqtisadiyyat da önəmlidir. Ancaq iqtisadiyyatdan öncə insanların səhhəti, sağlamlığı daha böyük önəm kəsb edir. Biz virus başlayan ilk günlərdən tez-tez mətbuat vasitəsilə çıxışlar edirdik və insanlarımızı maarifləndirirdik ki, “evdəqal” kampaniyasına qoşulsunlar. Həmin vaxtı da biz hər zaman ictimai qınaq, ictimai nəzarət məsələlərini gündəmə gətirirdik. Düşünürəm ki, bu günün özündə də həmin məsələlər gündəmə gəlməlidir. Çünki biz artıq tibbi maskadan açıq havada da istifadə etməliyik. Bunun üçün hətta cərimələr də tətbiq olunub. Düşünürəm ki, bu tibbi maskalardan bugünkü gündə istifadə etmək çox vacibdir. Koronavirusun qapalı məkanlarda yayılması daha çoxdur. Hətta fikir verirəm ki, yol polisləri avtomobildə olan 2-3 nəfəri saxlayaraq tibbi maskadan istifadə etmələrini tələb edirlər. Bunun özü də çox vacibdir. Çünki orada yoluxma şansı çox ola bilər. Biz bir-birimizdən tələb etməliyik, bir-birimizi qınamalıyıq və nəzarət etməliyik"-deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə