“Fransanın mövqeyi onun imicinə zərbə vurdu” ÖZƏL-MÜNASİBƏT

“Fransa Qarabağ müharibəsinin gedişatında ümumiyyətlə, Qarabağ probleminin həllində sərgilədiyi mövqe onun imicinə zərbə vurdu və ona olan gözləntilərə uyğun olmadı. Fransa qədim dövlətdir, Avropanın güclü və demokratik dövlətlərindən biridir. Bu baxımdan, Fransaya böyük ümidlər var idi ki, o tərəfsiz, qərəzsiz olaraq bu məsələlərə bir demokratik dövlət yönündən yanaşacaq və problemin həllində yardımçı olacaq”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

M.Ələsgərli təəssüflə bildirib ki, Fransa nə Minsk Qrupu həmsədri kimi, nə də ki, 44 günlük müharibənin gedişatında - sentyabr 27-dən sonrakı proseslərdə obyekt mövqe sərgiləyə bilmədi: “Azərbaycan haqqında iftira edici məlumatların əksəriyyəti məhz Fransanın rəsmi şəxslərinin dilindən çıxıb və oradan səslənib. Bu baxımdan, Fransanın mövqeyi xoşagələn və demokratik dövlətin davranışlarına uyğun davranış deyil. Amma bir məclisdə Fransa prezidentinin bu cür fikirlər səsləndirməsi ki, Qarabağ Azərbaycanın ərazisidir. Bu əslində həqiqətin etirafıdır və bir növü Fransanın bu məsələyə məcbur edilməsidir. Sentyabr 27-dən sonra Fransa Azərbaycana qarşı bir necə dəfə qərəzli mövqe sərgilədi. Məsələn bir dəfə vurğuladı ki, guya Azərbaycanda muzdlu qruplaşmaların nümayəndələri çalışırlar, sonra atəşkəsə nail olunduqdan, üç tərəfli sazişdən sonra bildirdi ki, Dağlıq Qarabağa status verilməlidir və. s. bu cür məsələlərlə Fransa çox ermənipərəst mövqe sərgiləyirdi. Amma Azərbaycan diplomatiyası, müttəfiq ölkələr, o cümlədən Türkiyə, Rusiya ona layiqli cavab verə bildilər və bir növü Fransa bu məsələdə təklənmiş duruma düşdü, artıq anladı ki, onun sərgilədiyi qeyri-obyektiv qərəzli münasibət Azərbaycanın haqq işinə təsir göstərmir, əksinə onun özünün imicinin korlanması, təcrid olunması üçün şərait yaradır. Bu baxımdan, Fransanın mövqeyinin bu fikrini alqışlayıram. Yəni Qarabağ Azərbaycanın ərazisi kimi təsdiqləyir, amma ümumi şəkildə götürən də ümid etmək istəyirəm ki, bu mövqeyində sona qədər davam etdirəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə