Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ili xüsusi önəm daşıyır - AÇIQLAMA ÖZƏL

Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ili xüsusi önəm daşıyır - AÇIQLAMA ÖZƏL

"Ümummilli lider Heydər Əliyev: "Yeni Azərbaycan Partiyası Azərbaycanın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə söykənən, ümumi bəşəri dəyərlərdən bəhrələnən ümumi xalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır. Bu bir milli çərçivədə olan partiya deyil. Millətindən, dinin, dilindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün Yeni Azərbaycan Partiyası doğma partiyadır". Əsası 550 nəfərlə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu gün isə sıralarında 760 mindən artıq insanı birləşdirən Yeni Azərbaycan Partiyasının təsis olunmasından 28 il ötür. Ötən 28 il ərzində Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin və xalqımızın inkişafı naminə misilsiz xidmətlər göstərib. Yeni Azərbaycan Partiyasının yaranması xalqın istəyi və zamanın tələbi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdısa indi partiya özünün ən parlaq dönəmlərindən birini yaşayır. Yeni Azərbaycan Partiyası üçün yaranmasının 28-ci ili xüsusi önəm daşıyır. Belə ki, ilk dəfədir ki, partiya Azərbaycanın ərazi bütövlüyü təmin olunmuş şəkildə yarandığı günü qeyd edir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyev sadəcə Dağlıq Qarabağ münaqişəsinə son qoymur, o, eyni zamanda regionun siyasi mənzərəsini yenidən formalaşdırır. Beləliklə də, sıraları günbəgün genişlənən Yeni Azərbaycan Partiyası da haqlı olaraq bütövlükdə regionun aparıcı siyasi qüvvəsinə çevrilir". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, YAP-ın konsepsiyasını, fəaliyyətinin gələcək prioritet istiqamətlərini böyük uzaqgörənlik və dəqiqliklə müəyyənləşdirən Ümummili liderin ideyalarını bu gün cənab Prezident İlham Əliyev mükəmməl şəkildə realizə edir: "YAP-ın nizamnaməsi o dərəcədə mükəmməl sənəddir ki, istənilən dar məqamda bütün xalqı bu siyasi təşkilat ətrafında sıx birləşdirə bilər. Vətən müharibəsi yaşadığımız ötən günlərdə biz bunun bir daha şahidi olduq. YAP-ın ideyalarının və nizamnaməsinin hər detalına qədər dəqiqliklə realizə edilməsinin nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyadan 50-si Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı təxribata dair birgə bəyanat yaydı və dövlətin ümumi maraqlarının qorunması, eyni zamanda cənab Prezidentin şəhidlərimizin qanlarının yerdə qalmaması istiqamətində atdığı addımları dəstəkləmək məqsədilə birlik nümayiş etdirdi. Bu birlik sadəcə xalq və hökumət həmrəyliyindən xəbər vermir, eyni zamanda Azərbaycanda siyasi birliyin mövcudluğundan xəbər verir. Bu birlik və vəhdət ictimaiyyət tərəfindən də müsbət qarşılandı və dövlətin təməl prinsiplərinin rəhbər tutulması xalqımızı daha da sevindirdi".

Politoloq bildirib ki, Ümummilli liderin ideyalarını əsas tutan cənab Prezident İlham Əliyev Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdığı üçün bu gün bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi: "44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Heç bir qan tökülmədən, şəhid vermədən, bir əsgərin belə yaralanmadan düşməndən torpaq alınması dünya tarixində də az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur".

Ş.Həsənova vurğulayıb ki, Ümummilli liderin işləyib hazırladığı əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsindən ibarətdir ki, "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyərək Azərbaycanın milli maraqlarını prioritet istiqamət kimi müəyyənləşdirən cənab Prezident bu vəzifələri ən ali şəkildə icra edir: "Bütün bunlarla yanaşı, Ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş şəkildə təbliğ olunaraq gələcək nəsillərə ötürülməsi missiyasını bu gün Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva layiqincə icra edir, təhsili, mədəniyyəti, sosial siyasət məsələlərini fəaliyyətinin ana xətlərindən biri hesab edərək hər bir azərbaycanlının səsinə səs verir və beləliklə də insanların həqiqi, səmimi və dərin sevgisini qazanır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə