İsmayıl Ömərov: “14 may Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı”-FOTOSESSİYA

İsmayıl Ömərov: “14 may Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı”-FOTOSESSİYA

Bu gün "Eurovision- 2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran təmsilçilərimiz Eldar Qasımov və Nigar Camalın ölkəyə qayıdışından sonra ilk mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, təmsilçilərimiz alqışlarla konfrans zalına daxil olublar.

İlk olaraq çıxış edən İctimai Televiziyanın (İTV) baş direktoru İsmayıl Ömərov bildirib ki, bu gün biz sevinc və bayram içindəyik: "Bu qələbə bütün Azərbaycan xalqının uğuru ilə yanaşı həmçinin türk xalqının nailiyyətidir. Bu uğur üçün təmsilçilərimizə öz təşəkkürümüzü bildirirəm. Sevincimizi təsvir etməyə gücümüz çatmaz. 14 may Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Bununla yanaşı, onlar bütün dünyanın diqqətini məhz Azərbaycana yönəldə bildilər. Bizim seçimimiz çox ideal oldu. Bunun bariz nümunəsi kimi də bu qələbəni misal gətirmək kifayətdir".

Daha sonra çıxış edən Eldar Qasımov çıxışında bildirib ki, bu qələbə üçün hər kəsə təşəkkürümü bildirirəm: "Bizə inanıb, bizə dəstək oldunuz, əlimizdən gələnləri etdik ki, sizin inamlarınızı doğruldaq".

Yerli mətbuatın yazdığı \"Nigar niyə Türk bayrağı ilə səhnəyə çıxdı\" sualına İ.Ömərovun cavabı belə oldu: "Əvvəlcədən qərarlaşdırılmışdı ki, Eldar Azərbaycan, Nigar isə Türkiyə bayrağı ilə səhnəyə çıxsın. Eldar Nigara nisbətən daha çox həyəcanlandığı üçün Azərbaycan bayrağını götürməyi unutmuşdu".

Eldar isə bu məsələyə münasibət bildirək qeyd edib ki, bizim üçün bayraqların heç bir fərqi yoxdur: "Biz bir millət, iki dövlətik. Buna görə də bizim üçün heç bir fərqi yoxdur".

Gələcəkdə görəcəkləri işləri barəsində də danışan Eldar Qasımov yeni beynəlxalq albomun hazırlanmasını xüsusi qeyd edib. Bununla yanaşı, gələcəkdə də əgər yenidən müsabiqəyə dəvət etsələr yenidən iştirak edib, qələbəyə nail ola bilərik.

Jurnalistlərdən birinin \"bundan sonra hansısa toy məclislərinə getməyi düşünürsünüzmü\" sualına təmsilçimiz Eldar Qasımov \"Nigar ancaq mənim toyumda ifa edəcək\" deyərək cavablandırıb.

Eurovision mahnı müsabiqəsinin Azərbaycanın nümayəndə heyətinin rəhbəri Adil Kərimli qeyd edib ki, \"Eurovision\" mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri üçün ayrılan vəsait keçən ildəki məbləğdən az olsa da qələbəni qazana bildik.

Orada dalğalanan bayraqlar içərisində ən çox Azərbaycan bayrağı idi.

Ermənistanın Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində iştirakına gəldikdə İsmayıl Ömərov hələlik bu barədə heç nə deyə bilməyəcəyini vurğulayıb: "Ermənistan təmsilçisinin bu yarışmada iştirakına gəldikdə, mənə məlumat veriblər ki, ermənilərə bununla bağlı sual verilib və onlar müsabiqəyə qatılmayacaqlarını bildiriblər. Əgər onlar bu fikirdədirsə, buna çox təəssüf edirəm. "Eurovision" yarışması insanları humanizmə çağıran bir müsabiqədir. Biz ayrıca heç kəsi dəvət etmirik. Bu, çox uzun bir prosesdir və burada ciddi qaydalar var və biz bütün bu qaydalara əməl edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə