“Cənab Prezidentin müraciəti xalqımıza böyük inam, ümid verir” ÖZƏL-MÜNASİBƏT

“Cənab Prezidentin müraciəti xalqımıza böyük inam, ümid verir” ÖZƏL-MÜNASİBƏT

“Bu güm Ağdamın işğaldan azad olunması günüdür. Əlbəttə ki, bu hər bir Azərbaycan vətəndaşını sevindirir. Hər bir insan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəşadəti, böyük iradəsi sayəsində torpaqlarımızın işğaldan azad olunmasını, hər qarış uğrunda gedən mübarizəni yüksək qiymətləndirir, dəyərləndirir və ölkəmizin rəhbərinə öz minnətdarlığını bildirir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri, Rusiya Federası prezidenti tərəfindən imzalanmış üçtərəfli bəyənata əsasən, Ağdam rayonunun işğaldan azad olunması və qoşunlarımızın Ağdam şəhərinə girməsi əlbəttə ki, qürürverici bir haldır və bu əsas verir ki, Kəlbəcər də, Laçın da, digər ərazilərimiz də daxil olmaqla, bütün torpaqlarımız tez bir zamanda düşməndən tamamilə azad olunacaq və Azərbaycan Respublikası öz ərazi bütövlüyünü tam təmin edəcək.

“Əlbəttə ki, bu qələbə, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Ali Baş Komandan kimi ordumuza dəstəyinin ifadəsidir, əsgər və zabitlərimizin böyük şücaətidir. Çünki, bu dəstək, bu şücaət, bu qəhrəmanlıq olmasaydı, ərazilərimizin bir hissəsi güc hesabına düşməndən azad olunmasaydı, biz bu gün öz sözümüzü deyə bilməzdik. Əlbəttə ki, bu işlərə ciddi hazırlıq görülmüşdü. Ölkə rəhbəri uzun illər həyata keçirdiyi siyasətin əsasında Azərbaycan Ordusunun möhkəmləndirilməsinə, əsgər və zabitlərimizin hazırlığının təkmilləşdirilməsinə böyük önəm verirdi və o hesablamışdı ki, hər bir vasitədən istifadə etməklə sülh yolu ilə mümkün olmasa, Azərbaycan torpaqları hərb yolu ilə düşməndən azad olunmalıdır. Cənab Prezident bu qənaətində haqlı idi, çünki erməni təcavüzkarlarının, onlara havadarlıq edənlərin hərəkətləri əməlləri göstərirdi ki, ermənilər, Ermənistanın hərbi-siyasi hakimiyyəti torpaqları sülh yolu ilə azad etmək fikrində deyillər, onlar nəinki işğal altında olan torpaqları azad etmək, eləcə də digər torpaqları işğal altına salmaq, mənfur niyyətlərini yerinə yetirmək istəyirdilər. Ancaq ölkə rəhbəri bütün bu gedişləri ətraflı təhlil etdikdən və bütün qüvvələri səfərbər etdikdən sonra hərb yoluna üstünlük verilməsi qərarına gəldi və torpaqlarımızın azad edilməsi ilə bağlı öz əmrini verdi”, deyə komitə sədri xatırladıb.

Millət vəkili vurğulayıb ki, bizim hər birimiz Azərbaycan Ordusunun az bir müddətdə öz sözünü deyə bilməsinə, öz şücaətini göstərə bilməsinə və Ermənistan Silahlı Qüvvələri üzərində, təcavüzkar erməni quldurları üzərində layiqli qələbəsini qazana bilməsinə sevinirik.

“Əlbəttə ki, imzamanmış bəyanat göstərir ki, dekabr ayının birinə kimi digər rayonlarımız da işğaldan azad oluna biləcək. Bu gün Azərbaycan Respublikasının Prezidenti bir daha xalqa müraciətində göstərdi ki, biz azğın düşmənlə üz-üzə idik, biz faşizmi təbliğ edən, faşizmə xidmət edən və faşist əməllərini yerinə yetirən bir dövlətlə, separatçılarla üz-üzə idik və bu qarşılaşmada, bu döyüşdə biz qalib gəldik. O, bildirdi ki, biz erməni xalqına qarşı vuruşmurduq, biz erməni xalqı ilə birgə yaşamağa, əməkdaşlığı möhkəmləndirməyə həmişə hazırıq. Biz erməni faşitlərinə qarşı vuruşurduq. Biz torpaqlarımızı işğal altında qoyan separatçılara qarşı vuruşurduq və bizim mübarizəmiz haqq mübarizəsi idi. Biz bundan sonra həmin o işğal altında olan torpaqlarda törədilmiş cinayətkarlıq hallarının aradan qaldırılması üçün qüvvələrimizi səfərbər etməliyik və həmin torpaqlar çiçəklənəcək, həmin torpaqlar abadlaşdırılacaq və xalqımız o torpaqlarda firavan həyat sürəcəklər. Ölkə rəhbəri dəfələrlə xatırlatmışdı və yenə də xatırlatdı ki, erməni xalqı əgər Azərbaycanla səmimi münasibətlərdə olmaq istəsə, biz gələcəkdə bu münasibətləri yaxşılaşdırmağa önəm verəcəyik və Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları olan ermənilər bu torpaqlarda xoşbəxt yaşaya bilərlər və onlar üçün heç bir maneə törədilməyək. Dövlət başçısı qətiyyətlə bildirdi ki, Azərbaycanda yaşayan ermənilərə daimi diqqət, qayğı göstərilib, illər boyu onlar bu torpaqlarda xoşbəxt yaşayıblar. Çox təəssüflər olsun ki, sonrakı illərdə erməni separatçıları, erməni faşistləri özlərini bədbəxt etdikləri kimi, həm də erməni xalqını da bədbəxtliyə sürükləyiblər və onlar erməni terrorizminin, erməni faşizminin qurbanlarına çevriliblər. Dövlətimizin başçısı Ermənistanda baş verən hallara diqqəti cəlb elədi, göstərdi ki, bu gün Ermənistan dövləti dağılmaq ərəfəsindədir, Ermənistanın baş naziri heç cür bu dövləti idarə edə bilmir, iğtişaşlar baş alıb gedir, orada, Ermənistanda diktatura cəmiyyəti yaradılıb və belə bir cəmiyyətdə də qarşıya qoyulan vəzifələri həyata keçirmək qeyri-mümkündür. Ancaq buna baxmayaraq Azərbaycan dövləti yenə də sülh məramı ilə ermənilərlə sülh şəraitində yaşamaq təklifinə razıdır və bu sahədə təşəbbüs göstərən hər bir ölkənin təşəbbüsü qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin bu müraciəti bir daha Azərbaycan xalqına gələcək qələbələr üçün böyük inam, ümid verir. Sözsüz ki, xalqımız öz rəhbərinin, Ali Baş Komandanının ətrafında birləşib, onu dəstəkləyir və bundan sonra da dinc quruculuq işlərində Azərbaycan Prezidentinə dəstək verməyə hazırdır. Qələbələr bizimlədir, biz qələbələrimizi təmin etməliyik və etmişik. Qarabağ Azərbaycandır!”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə