“Ordu belə bir qərar verməyə məcbur etdi” Nikol Paşinyan

“Ordu belə bir qərar verməyə məcbur etdi” Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, erməni baş nazir öz müraciətində ordunun məcburiyyəti ilə belə bir qərar verdiyini deyib.

“Dünən dedim ki, ordunun israr etməsindən sonra bu qərarı verdim. Əslində, belə bir qərar verməyə ordu məcbur etdi. Siz təsəvvür edə bilirsinizmi ordunun dayanmağın lazım olduğunu söyləməsi vəziyyətini”, deyə Nikol Paşinyan müraciətində xalqına çatdırıb.

Paşinyan “bu son dərəcə çətin bir qərardır. Reaksiyanın necə olacağını bilirdik. Ancaq alternativ yox idi", deyib.
Ermənistan baş naziri Nikol Paşinyan müraciətində bildirib ki, atəşkəs hərbi əməliyyatların başlanğıcında bağlanmayıb, rayonlar, yaşayış məntəqələri saxlanıla bilməyəndən, əldən veriləndən sonra bağlanıb.
“Biz elə bilirdik ki, atəşkəsi qarşı tərəf istəyəcək. Elə zənn edirdik ki, bunu edə bilərik və buna inanırdıq. Təəssüf ki, bu baş vermədi”, deyə Paşinyan təəssüf hissini də gizlətməyib.

“Hərbi resurs hər şeydə effektiv deyildi. Cəbhədə döyüşənlərin əvəzediciləri yox idi. Döyüşənlər dincələ bilməli idi. Cəbhə xəttində ardıcıl bir ay əvəzlənməyən insanlar var idi. Nəticədə, Ermənistan Respublikası və qondarma Dağlıq Qarabağ rəhbərliyi müharibəyə ən qısa müddətdə son qoyulması lazım olduğu barədə qərar Verdi. Çünki, əks halda, nəticələr daha pis olacaqdı”, deyə erməni baş nazir etiraf edib.

“Qarabağın statusunu bir növ əldə etmək, qazanmaq istəyirdik. Bu da müharibəyə səbəb oldu. Səfərbər olunanlar və ümumilikdə könüllülər döyüşməyə hazır deyildilər. Ordudan yayınmaq, qaçmaq, fərarilik problemini həll etmək də mümkün olmadı. Nəticədə, Müdafiə Ordusu əvəzləməyə tamamilə fürsət tapmadı, yekun da bu oldu”, deyə Nikol Paşinyan açıq-aşkar bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə