Şuşamızın düşüncələri: O dedi və elədi! RAKURS

Şuşamızın düşüncələri: O dedi və elədi! RAKURS

Gözün aydın olsun Azərbaycan, gözün aydın olsun Qarabağımız, gözün aydın olsun böyük Türk dünyası!

Bir zamanlar ağır və heç vaxt bağışlanılmayacaq xəyanətin qurbanı olan qeyrət qalası Şuşamız artıq bizdədir, Qarabağ Azərbaycan olduğu kimi, Şuşa da Azərbaycandır! Ali Baş Komandanımız, Sərkərdəmiz cənab İlham Əliyevin Şəhidlər Xiyabınından xalqa etdiyi müraciətində Şuşamıza “əziz” deyə müraciət etməsi isə onu göstərdi ki, 28 il yağı düşmən tapdağı altında inləyən, zillət çəkən, yad səs-küylərin içində gündə min dəfə ölən və dirilən qədim şəhərimiz yaşayır, diridir, sağdır! O, Azərbayan əsgərinin gəlişini gözləyirdi nə qədər çətin, nə qədər ağır olsa da, düz 28 il bu məşəqqətə düzdü, sinə gərdi. Baxmayaraq ki, 28 il onun ürəyinin başına, qalasına düşmən bayrağı sancılmışdı...

Şuşa və ruhlar, ruhlar və Şuşa...

Şuşamız yaşadı! Qoynunda böyütdüyü dahilərimizin ruhlarının sayəsində yaşadı. O, hər gün Üzeyirin, Bülbülün, Xanın, Natəvanın, Pənahəli xanın və daha kimlərin ruhları ilə söhbətlər edir, ruhlar ona, o da ruhlara ürək-dirək verir, ümidini üzmürdü. Şuşa və ruhlar, ruhlar və Şuşa...

Ancaq Şuşaya Bakıdan da səslər çatırdı. O səslərdən biri də “Biz səni azad edəcəyik, Şuşamız!”, deyə ucalırdı. O səs, məhz cənab Ali Baş Komandanın səsi idi, həm də Ulu Öndər Heydər Əliyevin ona etdiyi vəsiyyətin səsi. O səs və vəsiyyət bir ata sözü, valideyn tapşırığı idi övladına. Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur!

Ancaq Şuşa onu da bilirdi ki, ona qədər gələn yollar nə qədər çətin, qanlı-qadalıdır. Fəqət buna baxmayaraq, qəhrəman, şücaəti ilə dünyaya səs salan Azərbaycan əsgərinin ölümün gözünə dik baxa-baxa, mərdanə, qorxmaz, sevinə-sevinə, ard-arda Qarabağda aldığı zəfərləri duyunca hər gün ümidləri daha da artırdı. Kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız işğalçıdan təmizlənir, dədə-baba torpaqlarımız Azərbaycan əsgərinin nəfəsi ilə paklanırdı. Bax, beləcə, Şuşamız gözləməyinin əbəs olmadığını bilirdi. Bilirdi ki, yadlar, yağılar da artıq onun sinəsi üzərindən ayaqlarını götürüb qaçacaq!

Ən əsası isə ATA vəsiyyətinə əməl etdi və Ali Baş Komandan olaraq, qürurla..!

Şuşamız azad olunduğu gecə qoynunu əsgərlərimizə açdı. Düşmənin üzərinə hayqıraraq, 28 ilin hiddətini, qəzəbini bircə gecənin içində aslanlar təki döyüşləri ilə çıxaran Azərbaycan oğullarının gözlərinə ölüm görünmədi. Əsgər bilirdi ki, artıq Şuşası onu qoynunda doğma balası kimi qarşılayacaq. Bundan ötəsi isə, Azərbaycan var olsun, Vətən sağ olsun!

Şuşanın azad olunması xəbəri ildırım surəti ilə dünyaya yayıldı. Dünya bir daha Azərbaycanın gücünü, qüdrətini gördü, dərk etdi. Dünyaya məlum oldu ki, uzun illər səbrlə, təmkinlə dözdüyü o illər daha 30 il davam edə bilməzdi. Dünya anladı ki, Azərbaycan Prezidenti, xalqımızın lideri, sərkərdəsi cənab İlham Əliyev “Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq!”, “Azərbaycan heç vaxt imkan verməyəcək ki, ərazisində ikinci erməni dövləti yaransın!”, nəhayət, “Qarabağ Azərbaycandır və nida!” bəyanatlarını səsləndirərkən, həmin bəyanatları pafos xətrinə səsləndirmədi. O, əməli ilə sübuta yetirdi ki, dediyini edən Prezidentdir və etdi də, edəcək də! Ən əsası isə ATA vəsiyyətinə əməl etdi və Ali Baş Komandan olaraq, qürurla Onun məzarı başında Şuşa qələbəsinin məruzəsini etdi. Bu, tarixdir, hər dəfə görünə bilinməyəcək bir tarix!

Gözün aydın olsun Azərbaycan, gözün aydın olsun Qarabağımız, gözün aydın olsun böyük Türk dünyası!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə