İsrail nümayəndə heyəti RİTN-də olub

İsrail nümayəndə heyəti RİTN-də olub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan və İsrail İKT şirkətləri arasında biznes forumu keçirilib.

RİTN-dən SİA-ya verilən xəbərə görə, forumu açıq elan edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov qonaqları salamlayaraq, onları İsrailin Dövlət Bayramı münasibətilə təbrik edib.

Nazir müavini ölkə başçısı İlham Əliyev tərəfindən bu sahəyə göstərilən dövlət qayğısı haqqında danışmış, Azərbaycanda İKT sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. Milli telekommunikasiya peykinin orbitə çıxarılması, "Elektron Hökumət" layihəsinin icrası istiqamətində həyata keçirilən işlər barədə məlumat verən nazir müavini qeyd olunan istiqamətlər üzrə İsrail şirkətlərinin böyük təcrübəsinin olduğunu xatırladaraq gələcək əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğulayıb.

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lotem hər iki ölkə arasında əməkdaşlığın günü-gündən inkişaf etməsini yüksək dəyərləndirərək İKT sahəsində də əlaqələrin genişlənməsinin təqdirəlayiq hal olduğunu qeyd edib. Səfir keçirilən görüşlər çərçivəsində ayrı-ayrı şirkətlər arasında yeni əməkdaşlıq əlaqələrinin yaranacağına ümidvar olduğunu bildirib.

İsrailin telekommunikasiya nazirinin müavini Eden Bar Tal təmsil etdiyi ölkənin nümayəndələrinin arasında həm dövlət, həm də özəl şirkətlərin nümayəndələrinin olduğunu qeyd edərək imzalanacaq sazişlərin dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradacağını bildirib.

Daha sonra İsrail və Azərbaycan İKT şirkətləri ilə tanışlıq olmuş, qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, bir neçə gün ölkəmizdə olacaq İsrail nümayəndələri yerli şirkətlərlə danışıqlar aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə