"Son bir ayda Ermənistan hakimiyyəti uzun illər boyu Dağlıq Qarabağ və ətraf rayonlarda zorla yerləşdirdiyi mülki insanları yalan vədlərlə aldadaraq orada qalmalarını təmin etməyə çalışırdılarsa, indi isə, faktiki olaraq Xankəndi və digər ərazilərdə mülki erməni qalmayıb. Belə ki, sentyabrın 27-dən etibarən Azərbaycan Silahlı Qüvvələrinin başladığı uğurlu əks-həmlə və sülhə məcburetmə əməliyyatları son 20 ildə Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarımızda qeyri-qanuni məskunlaşdırılan erməniləri kütləvi surətdə köçə məcbur edib. Artıq Dağlıq Qarabağda yaşayan mülki ermənilər də aydın dərk edirlər ki, Azərbaycan Ordusu Ermənistan ordusunu yaxın zamanda tam məğlub edəcək". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Ekspertin sözlərinə görə, qondarma və marionet Dağlıq Qarabağ Respublikası "hökuməti" noyabrın 4-də hərbi əməliyyatlarla əlaqədar Xankəndidən Yerevana köçürülüb: "Qeyri-qanuni rejimin rəhbəri Araik Arutyunyan Ermənistana köçürülən vətəndaşlar üçün "sosial və inzibati xidmətləri həyata keçirən operativ qərargah"ın yaradıldığını da bildirib.
Azərbaycanın hər zaman olduğu kimi Cenevrə konvensiyalarını rəhbər tutaraq Dağlıq Qarabağda yaşayan mülki əhaliyə münasibətdə də humanist mövqe nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin apardığı saxta təbliğatın təsiri altına düşən mülki ermənilər münaqişə regionunu tərk etməyi üstün tutublar. Bundan əlavə, yüksək çinli məmurlar da bölgəni tərk edirlər. Bu cür fərarilərə qarşı "sərt tədbirlərin görüləcəyi" bildirilib və onların Xankəndini tərk edib Yerevana qaçması sadə xalq arasında kəskin etirazla qarşılansa da, əllərində ciddi informasiya olan erməni məmurlar artıq Xankəndi və Şuşanı tərk edirlər. Bu isə onların hərbi məğlubiyyətlərini dərk etmələridir".
Politoloq bildirib ki, inzibati resursların da nəticə verməməsi səbəbindən qondarma hökumətin Xankəndidən Yerevanda yerləşdirilməsi ilə bağlı qərar verilib: "Qondarma DQR hökumətinin Yerevana köçürülməsi isə sübut edir ki, bu qeyri-qanuni marionet rejim sırf Ermənistan rəhbərliyindən asılıdır. "DQR" hökumətinin Xankəndini tərk etməsi ilə qondarma rejiminin de-fakto mövcudluğuna son qoyulub və Yerevanın "DQR"nin "müstəqilliyini hansısa dövlətə tanıtdırmaq cəhdləri bundan sonra da uğursuzluğa düçar olacaq. Xankəndinin boşaldılması, məmurların bölgəni tərk etməsi Ermənistan cəmiyyətindəki vəziyyyəti gərginləşdirməklə yanaşı, həm də ordunun şəxsi heyətində ruh düşkünlüyünü daha da artırıb ki, bu da Paşinyanın rəqibləri tərəfindən onun ciddi hərbi-siyasi məğlubiyyəti kimi qiymətləndirilir".
Ş.Həsənova vurğulayıb ki, bu eyni zamanda "Dağlıq Qarabağda ikinci müstəqil erməni dövləti" iddialarının fiaskoya uğradığını simvolizə edən addım kimi səciyyələndirilir: "Həm də sübut olunur ki, Xankəndi və digər işğal edilmiş ərazilərimizdə yaşayış üçün hər hansı infrastruktur imkanları mövcud deyil. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları düşmənin strateji əhəmiyyətli infrastrukturunu sıradan çıxarmır və ona yalnız işğal etdiyi əraziləri tərk etmək şansı verir".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB