Yalanlar üzərində qurulan Ermənistan TƏHLİL

Yalanlar üzərində qurulan Ermənistan TƏHLİL

Ermənistan cəmiyyətində münaqişə və müharibə ilə əlaqədar artıq bir sıra müzakirələr başlayıb. "Müharibənin qarşısını almaq olardımı?" sualı indi Ermənistanda hər kəsi düşündürür. Nəinki düşündürür, ümumiyyətlə narahat edir və bu narahatçılıq səbəbi ilə öncə ifadə olunan sual hazırki Ermənistan hakimiyyətinə hədəflənib. Daha dəqiq desək, erməni cəmiyyəti müharibədə məğlubiyyətlərindən və bunun da ermənilər üçün acı nəticələr verdiyindən artıq əmindir və bu səbəbdən də, döyüşün başlanmasına səbəb olan hərəkətlərinə görə baş nazir Nikol Paşinyanı qınayır.

İşğalçı ölkənin ictimaiyyəti və siyasi dairələri təəccüb, təlaş işindədirlər. Ona görə təəccüb içindədirlər ki, bu vaxta qədər yanlış informasiyalarla, dezinformasiyalarla aldadıldıqlarını və dırnaqarası “qələbə” xəbərlərinin yalan olduğunu məğlubiyyətləri fonunda anlayırlar. Dırnaqarası “qələbə” qazanan ordularının, hərbçilərinin öz mövqelərini qoyub qaçdığını görən erməni cəmiyyəti vəziyyətin nə yerdə olduğunu, yəni onlara deyilənin əksi, məğlubiyyətə düçar olduqlarını çox yaxşı başa düşürlər və təəccübləri də buna görədir. Təlaş da eyni ilə məhz elə bu səbəbdəndir. Ələlxüsus, bu vaxta qədər arxayınlaşdırılan Dağlıq Qarabağın məcburi məskunları başa düşüblər faciələrini və onları nələrin gözlədiyinin, işğalçı rejimin onları güdaza verdiyinin fərqindədirlər.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arsrun Ovhannisyanın yalanları artıq bu ölkə vətəndaşlarını bezdirib. İndi bu nazirlik nümayəndəsinin dediklərini dinləyənlər yalnız tərsini düşünür. Çünki, müharibənin başladığı ilk gündən Ovhannisyanın dediklərinin birinin belə həqiqətə uyğun olmadığı dəfələrlə özünü göstərib və Ermənistanın Silahlı Qüvvələrinin qələbələrindən dəm vuran bu adamın hər xəbərinin arxasınca ermənilər mövqelərini itirdikləri barədə məlumat əldə ediblər. Hətta vəziyyət o yerə çatıb ki, ermənilər arasındakı müzakirələrə əsasən, baş nazirin “döyüşçü” arvadı Anna Akopyan məhz yalan danışmaq, dezinformasiyalar yaymaq “qabiliyyətinə” görə Arsrun Ovannisyanı mükafatlandırmaq, ona səlahiyyətli bir vəzifə verdirmək qərarına gəlib. Əslində, baş nazir arvadının belə bir qərara gəlməsi təəccüblü deyil. Çünki, yalanlar, dezinformasiyalarla, uydurmalarla özünü göstərməyə çalışan, bu yalanları dövlət siyasətində mühüm addım hesab edən, strategiyasının əsasını uydurma, böhtan təşkil edən ölkədə belə “bacarıq” sahibi elə Anna üçün də, Nikol üçün də göydəndüşmə sayıla bilər. Məhz bu səbəbdən də yalançı Ovhannisyan işğalçı ölkənin birinci şəxsi və onun döyüş meydanında silahlarla poz verən arvadının diqqətindən yayına bilməzdi.

Göründüyü kimi, indi də normal düşünməyə çalışan beyinləri təhrif olunmuş analitik materiallarla xarab edirlər. Nikol Paşinyan özündən əvvəlki hakimiyyətlərin torpaqları satdığı barədə xəbərləri dövriyyəyə buraxıb. Bununla da vəziyyətdən çıxmaq qərarına gəlib. Beləki, erməni baş nazir indi də belə görüntü yaratmağa çalışır ki, guya əvvəlki hakimiyyətlərin günahı üzündən müharibə qaçılmaz idi və guya sadəcə Nikol indi müqavimət göstərir.

Məsələ burasındadır ki, erməni baş nazirinin nə düşünməsindən, nə planlamasından asılı olmayaraq, artıq müharibə barədə, ermənilərin məğlubiyyətləri barədə, ümumiyyətlə Paşinyanın öncədən müharibənin qarşısını ala bilməsi barədə müzakirələr Ermənistan ictimaiyyətini kifayət qədər məşğul edir. Bu müzakirələr söz azadlığının məhdudlaşdırılması kontekstində xüsusilə nəzərə çarpır. Hökumətin, səlahiyyətlilərin tənqidi qanunla belə qadağan edildi, şərtlər qoyuldu. Bu şərtlər altında müzakirələrin mənası nədir? Qondarma rejimin keçmiş Ombudsmanı, hüquq müdafiəçisi Ruben Melikyan da bu sualı qoyur. O da düşünür ki, mövcud hökumət düzgün xarici siyasət aparsaydı, müttəfiq saydıqları Rusiya ilə münasibətləri korlamasaydı, təhlükələri vaxtında müəyyənləşdirsəydi, çalışsaydı, müharibənin bir şəkildə qarşısını almaq olardı.

Gizlətmək, gizlənmək erməni xislətində özünəməxsus yer tutur. Dünya bunun dəfələrlə şahidi olub. Ötən əsrin əvvəllərində Azərbaycanda soyqırım siyasəti yürüdən, Bakıda, Qubada, Şamaxıda və bir çox yaşayış məskənlərimizdə soyqırımlar törədən ermənilər sonradan buna başqa şəkildə görüntü verməyə çalışdığı bəlli bir tarixdir. Azərbaycanda qırğınlar törədən ermənilər dünyaya car çəkməyə başladılar ki, bu qırğınlar zamanı erməni əsillilər də qırılıb. Sual oluna bilər ki, bəs o zaman qırğınları kim törədib? Yəni, bu erməni toplumunda absurd fikir söyləməyin həddi-hüdudu, müəyyən bir çərçivəsi də yoxdur.

Son hadisələrdə, son günlərdə Gəncəni, Mingəçeviri, Tərtəri, Bərdəni, Ağcabədini, hətta Qəbələni, Xızını belə raket atəşinə tutan ermənilər utanmadan bildirirlər ki, onlar bu sadalanan yaşayış məntəqələrini raket atəşinə tutmayıblar. Maraqlıdır, “sən vurmadın, mən yıxılmadım”, deyimində deyildiyi kimi, bəs həmin sadalanan yaşayış məntəqələrində binalar, mənzillər necə dağıdılıb, insanlar, xüsusilə, azyaşlı uşaqlar, körpələr nəyə görə, hansı silah səbəbindən həyatlarını itirib, yaralanıb, evsiz-eşiksiz qalıblar? Absurd iddialar səsləndirməyin də bir həddi olar və bunlar özlərini və bütün dümya ictimaiyyətini nə hesab edirlər? Elə zənn edirlər ki, bütün dünya ictimaiyyəti foto və video görüntülərdə öz əksini tapan Gəncə, Mingəçevir, Bərdə, Tərtər və başqa yaşayış məntəqələrimizdəki mənzərəni görmədilərmi? Yaxud, bu sadalanan ərazilərdəki mənzərəni kimin törətdiyini bilmədilərmi? Özü də bu zamanda, müasir texnologiyaların, peyk imkanlarının dövründə.

Yalan məlumatlara, dezinformasiyalar yaymağa, təhrif etməyə alışan, buna bir növ sığınan Ermənistan hakimiyyəti doğru məlumatlardan çəkinir və qorxur. Xatırladaq ki, müharibənin ilk günlərində müstəqil medianın mütəxəssisləri və siyasətçilər birlikdə vəziyyəti müzakirə etməyə və müharibənin qarşısını almağın mümkün olub-olmadığı sualını qaldırmağa çalışarkən, Ermənistan hakimiyyəti bu medianı xain elan etdi. Belə məlum oldu ki, doğru xəbər vermək, doğrunu söyləmək erməin cəmiyyətinə xəyanət demək imiş onların təfəkkürünə görə.

Son günlərdə cəbhə xəttində olan xarici jurnalistlərin bir çoxu da erməni yalanlarını üzə çıxarır və dünyaya bəyan edir. Bəyan edir ki, bu ölkənin, bu dövlətin, bu xalqın belə tarixi saxtadır, yalandan uydurulmuşdur. Bu baxımdan Ermənistan yalanlar üzərində qurulan dövlət imicini artıq qazanıb. Müttəfiq dedikləri belə artıq nə bu ölkənin nə hakimiyyətinə, nə də xalqına etibar etmir. Düşmənçilik xislətinə bələd olma fonunda isə dostluqlarına inam yoxdur və Rusiyanın timsalında ermənilərin müttəfiqlərinin belə son mövqeləri bu baxımdan başadüşüləndir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə