Ortaq mənəvi dəyərlər Azərbaycançılıq ideologiyasının əsas bazasıdır - ANALİZ

Ortaq mənəvi dəyərlər Azərbaycançılıq ideologiyasının əsas bazasıdır - ANALİZ

Dünyamızda mənəvi-əxlaqı deqradasiya pik həddinə yaxınlaşır. Maddi dəyərlər mənəvi dəyərlərin önünə keçib. Müxtəlif zərərli ideologiyalar milli mənəvi dəyərləri sıradan çıxarmağa çalışır. Lakin bu sahədə biz dünyada ən yaxşı ölkələrdən biriyik. Bəs bu tendensiya kimlərdən, nələrdən qaynaqlanır, necə qarşısını almaq olar?

Hamıya aydındır ki, burda ictimai, kütləvi təbliğatın böyük rolu var. Əksər ölkələrdə televiziyalar və internet portalları cəmiyyətin bütün mənəvi-əxlaqı ehkamlarını, milli ailə institutunu məhv etməyi sanki qarşılarına məqsəd qoyublar.

Psixologiyanın dəyişdirilməsinə hesablanmış filmlərdə, seriallarda, şou proqramlarda, həmçinin internet portalların yaydığı materiallarda saysız subliminal mesajlarla qadın azadlığı adı altında durmadan fahişəlik, boşanmalar, nigahdankənar cinsi əlaqələr təbliğ olunur, həyat yoldaşına xəyanət etməyin yolları peşəkarcasına öyrədilir.

Bu işlə bütün dünyada qlobal mütəşəkkil dəstə məşğul olurlar. Hətta bu prosesin sürətlə aparılması üçün bəzi dövlətlər və beynəlxalq təşkilatlar öz büdcələrindən maliyyə vəsaitləri də ayrırırlar.

Milli mədəniyyətimiz və mənəvi dəyərlərimiz elmi-texniki, sosial-iqtisadi inkişafa mane olurmu? Bu suala sonda cavab verəcəyik, hələlik vəziyyəti nəzərdən keçirək. Avropa, Qərb dəyərləri adı altında bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir.

İnkişaf etmiş ölkələrlə digərlərini müqayisə edəndə deyirlər ki, görürsünüzmü, onlar mənəvi dəyərləri kənara qoyublar deyə necə inkişaf ediblər. Lakin bir ağıllı çıxıb onlara konservativ Yaponiyanı nümunə göstərəndə boğazları quruyur. İndi necə izah etsinlər ki, bir xalq öz milli dəyərlərini, milli mədəniyyətini, dinini, ənənələrini qoruyaraq da dünyanın ən inkişaf etmiş xalqına çevrilə bilir. Qısası, bu arqumentə bir quş.

İkinci arqument insan hüquqları adı altında cəmiyyətimizə dürtülən dəyərlərdir. Məsələn, qadın hüquqları, uşaq hüquqları, cinsi azlıqların hüquqları və s. Mən başa düşmürəm, bizim cəmiyyətdə qadınlar, uşaqlar, xəstələr əzilirmi? Psixi xəstələrin törətdiyi bəzi hadisələri nəzərə almasaq, xeyr!

Kişilərin həmişə onlara diqqətlə, qayğıyla, fədakarlıqla yanaşdığını görmüşük. Azərbaycan qadını həm evinin, ailəsinin xanımı olub, həm də cəmiyyətə xeyirli ictimai fəaliyyət göstərib. Qadın azadlığı budur, indi kommersiya TV-lərində, seriallarda təbliğ olunanlar deyil. Məncə, bir xanımın elmi ixtiralar etməsi üçün onun 1 qarışlıq mini-yubkada gəzməsi və ya müxtəlif kişilərlə intim münasibətlərdə olması tələb olunmur.

Bizim ailə institutumuzda və cəmiyyətimizdə qadının, qızın öz layiqli yeri var. Amerikalı və avropalıya azərbaycanlı kişinin öz anası, xanımı, bacısı, qızı uğrunda düşünmədən canını qurban verməsi bəlkə qəribə gələr, amma bizdə bu, müzakirəsi belə mümkün olmayan avtomatik reaksiya hesab olunur.

Bizdə uşaqlar döyülüb öldürülürmü? Xeyr! Sadəcə valideyn bəzən tərbiyəsi pozulmasın deyə uşağına qulaqburması verir. Əks halda, həmin uşağın axırı, məsələn, hippiyə, emoya, cinayətkara və ya narkomana çevrilər. Uşağını qorumaq, onun pozulduğunu gördükdə cəzalandırmaq valideynin borcu və haqqıdır.

Məgər dövlət cinayət törədən vətəndaşı cəzalandırmırmı? Məgər bəzi qayda və qanunlar, tələblər havayı yerəmi qoyulub? Niyə valideynin öz uşağını danlamağa, qulaqburması verməyə haqqı çatmamalıdır? Bəlkə 14 yaşlı qızcığaz gecə saat 3-də pritondan atasına zəng eləyib desin ki mənim bəzi vacib işlərim var, özüm kefim istəyəndə evə gələcəm?

Ya da bizdə cinsi azlıq nümayəndəsi şallaqlanırmı, ya da küçədə döyülürmü? Xeyr! Sadəcə onlar cəmiyyətə nümunə göstərilib başa çıxarılmır. Onlara vəziyyətdən asılı olaraq ya xəstə kimi, ya da əxlaqi cəhətdən pozğun adam kimi baxırlar. Haqlıdırlar da.

Yaxşı, bəs onda xaricdən idarə olunan bu “müasirlik kuklaları” nə deyib bizim ailə institumuzu dağıtmaq, cəmiyyət əxlaqını dəyişmək üçün təbliğat aparırlar? Çətin sualdır.

Dəyərlər dəyişib, dəyişir, dəyişəcək. Amma bu dəyişmə mütləq mənfi istiqamətdəmi olmalıdır? Müsbətə doğru dəyişmək olmazmı? Məgər mənəvi keyfiyyətlər maddi nemətlərdən istifadə, elmi-texniki inkişaf üçün problem yaradır? Yaratmır! Bəs onda nə baş verir? Əslində, nə baş verdiyi, necə baş verdiyi yox (bunlar məlumdur), niyə baş verdiyi müzakirə obyektidir.

Mənə aydın deyil, inkişaf etmək üçün mənəvi dəyərləri başqa sivilizasiyadanmı qəbul etməliyik, özümüzünkü yaramırmı? Yaramırsa, niyə Sovet dövründə, həm dəyərlər qorunurdu, həç də ictimai, sosial, mədəni, elmi, texnoloji inkişaf gedirdi?

Hər mədəniyyətin özünün psixoloji-ruhi-mənəvi dəyərləri var. Mənəvi dəyərlərin elmi texniki inkişafa heç bir maneçiliyi yoxdur. Olsaydı, məsələn, konservativ Yaponiya ilə rasional Amerika arasında elmi-texnoloji cəhətdən fərqlər çox olardı.

İnteqrasiya ancaq elmi-texnoloji, hüquqi-demokratik müstəvidə ola bilər. Milli-mənəvi dəyərlər inteqrasiya olmur, olmamalıdır. Hər xalqın öz dəyərləri, öz mənəviyyatı var və mənəvi dəyərlər heç hir halda elmi-texniki, sosial-iqtisadi inkişafa mane olmur, əksinə təkan verir.

Ümumiyyətlə, ölkədə qadın alverinin, narkotikanın, digər zərərli və təhlükəli halların təbliği qadağandırsa, onda milli və mənəvi dəyərtlərə qarşı təbliğat da qanunla qadağan olunmalı və sərt cəza təyin olunmalıdır. Mətbuat Şurası, Milli Teleradio Şurası mediada mənəvi dəyərlərə təcavüzə qarşı daha ciddi tədbir görməlidir. Bu, bir milli təhlükəsizliik məsələsidir. Necəmi?

Heç kəsə sirr deyil ki, ABŞ MKİ (CİA) şefi Allen Dallesin SSRİ-yə qarşı “Məhvetmə” planına bənzər doktrinalar hələ tam mənəvi deqradasiyaya uğramamış cəmiyyətlərə tətbiq edilir. Əxlaqsızlığın təbliği xüsusi mərkəzlər tərəfindən peşəkarcasına təşkil və idarə olunur. Bu qlobal prosesin effektiv aparılması üçün yüz milyardlarla dollar vəsait ayrılır.

Dallesin planından mövzumuza birbaşa aidiyyatı olan bəzi detallara nəzər salaq. “…Biz bütün gücümüzü insanların axmaqlaşdırılması və səfeh yerinə qoyulmasına yönəldəcəyik!

İnsan beynində xaos yaradaraq, onların dəyərlərini saxtalarıyla dəyişəcəyik və onları bu saxta dəyərlərə inanmağa məcbur edəcəyik. Necə? Biz orada öz həmfikirlərimizi, müttəfiqlərimizi tapacağıq.

Məsələn, incəsənət və ədəbiyyatdan tədricən onun sosial mahiyyətini çıxaracağıq… Ədəbiyyat, teatr, kino ən alçaq insani hissləri təsvir və mədh edəcək.

Biz insanların şüuruna seks, zorakiliq, sadizm, satqinliq kultunu, bir sözlə hər cür əxlaqsızlığı yeridən və yayan adamları dəstəkləyəcəyik…

Çox az adam nə baş verdiyini başa düşəcək. Lakin biz onları köməksiz vəziyyətə salacaq, gülüş obyektinə çevirəcəyik, onları şərləməyin və cəmiyyətin tör-töküntüsü adlandırmağın yolunu tapacağıq. Xalq əxlaqının əsaslarını təhrif edərək məhv edəcəyik.

…Biz bu yolla nəsli nəslin ardınca sarsıdacağıq. İnsanların üzərində uşaq, yeniyetmə yaşlarından işləyəcəyik, əsas stavkanı isə həmişə gənclərə edəcəyik- onları mənəviyyatca korlayacaq, onlardan həyasiz, heyvərə və kosmopolitlər düzəldəcəyik. Biz bunu bax belə edəcəyik!”.

Necə də tanış mənzərədir deyilmi? Hazırda bütün dünyada bunlar həyata keçirilir. Azərbaycanda bəzi dairələr bu istiqamətdə təbliğat aparır. Lakin dövlətimizin milli və mənəvi dəyərlərlə bağlı siyasəti qətidir və dönməzdir.

Azərbaycançılıq ideologiyasında milliliklə beynəlmiləlçiliyi bir vəhdət halında birləşdirən, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini həyata keçirdiyi strategiyanın prioriteti hesab edən ümummilli lider Heydər Əliyevin "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir, biz bunu qorumalıyıq, qoruyacağıq” tezisi ümummilli ideologiyanın əsas konseptual müddəalarından biridir.

Azərbaycançılıq ideologiyasının hazırki lideri, Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm dünya birliyinə inteqrasiyanı, həm də milli-mənəvi ruhu qoruyub saxlamağı ehtiva edir.

İlham Əliyev açıq şəkildə bəyan edir: “Azərbaycan məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemi ilə var olub və bundan sonra da olacaq”. Dövlət başçısı qloballaşma dövründə milli-mənəvi dəyərlərin, Azərbaycançılıq ideologiyasının daha çox aktuallıq qazandığını öz çıxışlarında vurğulayır.

Vahid mənəvi dəyərlərə malik cəmiyyətləri parçalamaq, qarşıdurma yaratmaq mümkün olmur. Azərbaycan xalqının böyüklüyü də bundadır- tarix boyu fərqli millət və din mənsubları bir arada mehriban şəraitdə yaşayıblar, onları birləşdirən dəyərlər ayıran dəyərlərdən xeyli çox olub.

Bu ortaq dəyərlər isə, etnik, dini, siyasi, sosial, mədəni mənsubiyyətindən asılı olamayaraq bu ölkədə yaşayan hər bir insan üçün ümumi ehkamlara söykənir. Bu ortaq dəyərlərin birləşdiyi vahid ideologiyanın adı isə Azərbaycançılıqdır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təblığı" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə