Xamenei Ermənistanın öz qoşunlarını geri çəkməsini tələb edib Rusiya mətbuatı yazır
İranın Ali dini lideri Ayətullah Əli Xamenei Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını geri çəkməsini tələb edib. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus vestikavkaza.ru saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İranın Ali dini lideri öz müraciətində Ermənistanın işğal etdiyi bütün əraziləri Azərbaycana qaytarmalı olduğu bildirib. O, Azərbaycana məxsus ərazilərin azad edilməsinə və ermənilərin təhlükəsizliyinə zəmanət verilməsinə çağırıb: "Ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsi zəruridir və buna diqqət etmək lazımdır".
Rusiyaya məxsus mətbuat səhifəsində xatırladılır ki, Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı hərbi əməliyyatları bərpa edib, Azərbaycan ordusu isə əks-hücum əməliyyatına başlayıb və uğurlu nəticələr əldə edərək, işğal altında saxlanılan bir çox əraziləri işğaldan azad edib. Bildirilir ki, indiyə qədər Cəbrayıl və Füzuli şəhərləri və bu rayonların əksər kəndləri, Zəngilan şəhəri və rayonun çox hissəsi, Qubadlı şəhəri və kəndləri, Tərtərin Suğovuşan və Talış kəndləri demək olar ki, tamamilə azad edilib. Hətta Rusiya mətbuatında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı terror hücumları həyata keçirdiyini, sərhədyanı yaşayış məntəqələrinin top atəşinə tutulduğu və cəbhə xəttindən uzaqda olan şəhər və kəndlərin orta mənzilli raketlərlə bombardman edildiyi barədə yazılar dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB