Dövlət doğma yurdlarına qayıdacaq insanların rifah halını indidən düşünür - ŞƏRH ÖZƏL
"Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun torpaqlarımızın erməni qəsbkarlarının işğalından azad edilməsi uğrunda apardığı əks hücumlar nəticəsində bir çox ərazilərimiz işğaldan azad olunub. Xüsusilə vurğulamaq lazımdır ki, burada su anbarları və hidroqovuşaqların da düşmən işğalından azad olunması əkin sahələrinə suyun verilməsi ilə nəticələnib. Bu eyni zamanda kənd təsərrüfatı sahəsinə də müsbət mənada təsir edən amil kimi dəyərləndirilir. Belə ki, Qarabağın işğaldan azad olunan şimal hissəsində Suqovuşanın, eyni zamanda cənubda su qaynaqlarının işğaldan azad olunması ölkəmiz üçün yeni prioritetlər müəyyənləşdirir". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Ekspert bildirib ki, bu ilin ortalarında, xüsusən yayın ən qızmar çağlarında ölkədə su çatışmazlığı var idi: "Xəzərin Kür ilə qovuşan hissəsində müxtəlif problemlər yaranmış və nəticədə Bakı şəhərinin su ilə təchizatında müəyyən fasilələr yaranmışdı. Salyan və Neftçala kimi rayonlarda da su çatışmazlığı problemi ilə üz-üzə gəlinib. Hazırda Silahlı Qüvvələrimizin əks hücum əməliyyatları nəticəsində işğaldan azad olunan torpaqlarda hidroqovuşaqların, su anbarlarının, dağ çaylarının, həmçinin bulaqların düşmən tapdağından azad edilməsi və Tərtər çayının sol sahili Xanarx kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə ilə bağlı tenderin elan olunması da onu göstərir ki, dövlətimiz cəbhəyanı bölgələrdə, həmçinin Qarabağın işğaldan azad olunan hissəsində kənd təsərrüfatının gələcək inkişafını prioritet istiqamət kimi müəyyənləşdirib".
İ.Hüseynov vurğulayıb ki, tender elan olunması bir daha onu göstərir ki, biz torpaqlarımıza böyük qayıdışı təmin edirik: "Cəbrayılın işğaldan azad olunan Cocuqmərcanlı kəndində yaşayış evlərinin, məscidin, məktəbin tikintisi də onu göstərdi ki, biz bütün işğaldan azad olunan torpaqları abadlaşdırırıq və həmin torpaqlara həyat qayıdır. Hal-hazırda Suqovuşandan Azərbaycanın bir sıra rayonları və geniş torpaq sahələri suvarılır. Yekun nəticədə isə həmin ərazilərdə məhsuldarlığın artırılmasına xidmət edir. Məsələnin siyasi və iqtisadi tərəfi ondan ibarətdir ki, həmin bölgədə yaşayan insanların yaşayış şəraiti daha da yaxşılaşır. Tender elan olunmasından sonra su kanallarının çəkilməsi və geniş ərazilərin suvarılması istiqamətində görülən ardıcıl tədbirlər kənd təsərrüfatı məhsullarının bazarlara çıxış imkanlarını da genişləndirəcək. Bu bir daha onu göstərir ki, dövlətin həmin torpaqlarla bağlı geniş planları var və həmin ərazilərə qayıdacaq vətəndaşlarımızın rifah halının indidən düşünür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB