Ermənilərdən çox “ermənilik” edənlər - MÖVQE

Ermənilərdən çox “ermənilik” edənlər - MÖVQE

Almaniyanın “dəmir kansleri” Otto Bismark 1872-ci il, aprelin 21-də çıxış edərkən “Roma Papasından artıq katolik olmaq” barədə qədim avropa məsəlini xatırlatdı vəbu deyim onun sayəsində xüsusilə məşhurlaşaraq günümüzün ən populyar məsəlinə çevrildi.

Sizi bilmirəm, ancaq mən kifayət qədər uzun çəkən yaşamım boyu Roma Papasından daha çox dindar olmağa çalışan katolikə rast gəlməmişəm.

Ermənilərdən çox ermənilik edən başqa millət nümayəndələrinəisəhər gün rast gəlirik.

Nə qədər ağır olsa da belələri ruslar içərisində xüsusilə çoxdur.

Onlar öz ədalətsiz və eybəcər iddiaları və onlardan da eybəcər, həyasız sifətləri ilə Rusiya telekanallarından hər gün evimizə soxulurlar.

Gözümüzü yağır eləyib erməni diasporunun yemlədiyi bu qırmızısifət şərəfsizlər!

Belə ermənilərdən çox ermənilik edən ruslardan biri Konstantin Zatulindir. Dövlət Dumasının deputatı, üstəlik, MDB işləri üzrə Komitənin sədrinin 1-ci müavinidir.

Cəfəng fikirləri ilə məşhur olan bu zat ermənilərə ürək-dirək vermək üçün bu günlərdə bəyan edib ki, “Rusiya Qarabağa hərbi qüvvələr desantını göndərə bilər”.

Bütün dövlətlərdə belə nadanların yaratdığı problemləri aradan qaldırmaqla mükəlləf olan vəzifəli şəxslər olur. Rusiyada Dövlət Dumasının Müdafiə məsələləri üzrə Komitəsinin sədrinin 1-ci müavini Andrey Krasov bu dəfə bu işi görmək və həmkarının sərsəm bəyanatını təkzib etmək məcburiyyətində qalıb. O da bəyan edib ki, Zatulinin uydurduqlarının həqiqətlə heç bir əlaqəsi yoxdur.

“Rusiya öz hərbi qüvvələrini Dağlıq Qarabağdakı hərbi münaqişə zonasına göndərməyi planlaşdırmır. Bölgədə rus desant əməliyyatının hazırlanması barədə iddia yalandır!”- deyib və əlavə edib ki, Zatulinin beləbəyanat vermək səlahiyyəti yoxdur.

Münaqişə zonasına sülhməramlı qüvvə kimi rus qoşunlarının yeridilməsi zərurəti barədə həm ermənilər, həm də onlardan artıq “ermənilik edən” ruslar çox danışırlar. Azərbaycan Ordusunun zəfər yürüşünün davam etdiyi son günlərdə bu cür təkliflər xüsusilə artıb.

Ermənistanın strateji müttəfiqi olan bir dövlətin hərbi qüvvələrinin sülhməramlı qüvvə kimi Azərbaycan ərazisinə yerləşdirilməsini mümkün sayanlara bir mühüm məsələni xatırlatmaq istəyirəm.

ATƏT-in(həmin dövrdə ATƏM adlanırdı) dövlət və hökumət başçılarının 1994-cü ilin dekabrında keçirilən Budapeşt sammitində “Dağlıq Qarabağ münaqişəsinə dair ATƏM-in rolunun müəyyənləşdirilməsi”adlı qətnamə qəbul olunub. Bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün sülhməramlı qüvvələrin yaradılması nəzərdə tutulub.

“Dağlıq Qarabağ münaqişəsinə dair ATƏM-in rolunun müəyyənləşdirilməsi” adlı qətnamənin 4-cü maddəsində deyilir ki, “münaqişədə olan tərəflərin rəyi ilə sülh sazişinin bağlanması çoxtərəfli sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan yaradır. Görüş iştirakçıları ATƏM-in sədrindən xahiş etmişlər ki, bu barədə planı mümkün qədər tez hazırlasın, o cümlədən sülhməramlı qüvvələrin tərkibi müəyyənləşdirilsin. Bu işdə ATƏM-in sədrinə Minsk konfransının və Minsk qrupunun həmsədrləri kömək edəcək və BMT-nin Baş katibi tərəfindən də yardım göstəriləcəkdir. Ümumi məsləhətləşmələrdən sonra ATƏM-in sədri Vyanada yüksək planlaşdırıcı qrup yaradacaq, bu qrup qüvvələrin miqdarı və xarakteri, komanda, nəzarət,rabitə qüvvələri və ehtiyatların yerləşdirilməsi, qoşulma qaydalarını və qoşulmaq istəyən dövlətlərlə müqavilə qaydalarını hazırlayacaqdır. BMT bu işə texniki yardım və ekspertlərlə kömək edəcək. ATƏM qüvvələrinin yerləşdirilməsi üçün Təhlükəsizlik Şurasından siyasi dəstək alacaqdır”.

Paşinyanlar, Zatulinlər və digərləri dəyişilməsi mümkünsüz olan bir həqiqəti birdəfəlik qulaqlarından sırğa eləyib assınlar: Azərbaycan Ordusunun zəfər yürüşü başa çatdıqdan sonra sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsinə ehtiyac yaranarsa ATƏT-in sədri çoxtərəfli qüvvələrin formalaşdırılmasına başlayacaq və qardaş Türkiyə digər dövlətlərlə yanaşı bu prosesdə aktiv iştirak etmək imkanı qazanacaqdır. Bir ölkənin hərbi qüvvələrinin Dağlıq Qarabağda sülhyaradıcı kimi yerləşdirilməsi Budapeşt sammitinin qəbul etdiyi mühüm qərarların kobud şəkildə pozulmasıdır. Nə beynəlxalq birlik, nə də Azərbaycan heç vaxt buna imkan verməyəcəkdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın çox zəif olduğu dövrdə, 1994-cü il, dekabrın 6-da, Budapeştdə bu mühüm qərarın qəbul olunması üçün ağır mübarizə apardı və ermənilərin kəskin müqavimətinə baxmayaraq məqsədinə nail oldu.

Azərbaycan ordusu və Ali Baş Komandan İlham Əliyev tərəfindən tariximizin ən şərəfli səhifələrinin yazıldığı bu günlərdə böyük Heydər Əliyevin xəyallarının reallaşmasına heç bir qüvvə mane ola bilməyəcək.

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə