Dövlətinə, dövlət başçısına, ordusuna inam, Qarabağ inancı xarüqələr yaradır ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı əsilsiz "status-kvo" və "təmas xətti"ni aradan qaldırdıqdan sonra, yalnız işğal bölgəsində, yalnız Azərbaycanda və hətta yalnız Qafqazda deyil, az qala dünyada yeni şəkillənmə yaranmağa başladı. Mənim bu sözlə mübaliğəyə vardığımı düşünənlər, bir zəhmət, dünyanın ən böyük hərbi platforması NATO-nun, bəşəri sülh və təh¬lüksəziliyin əsas ünvanı BMT-nin, Avropa Birliyinin, dünya neft nəhəngi BP-nin, nəhayət, ATƏT-in Minsk qrupu həmsədrlərinin, özəlliklə, (aid olduğumuz corğafiyanın, ümumən dünyanın ərazicə ən böyük dövləti, nüvəli) Rusiyanın, başqa qurum-quruluşların, dövlətlərin Ermənistan-Azər¬baycan elan¬olunmamış müharibəsinə tərəqqi etmiş münasibətinə diqqət edə bilər. Ya ədalətli mövqeyə yaxınlaşıblar, ya neytrallığa meyilləniblər, bir sözlə, işğalçının yanında durmadıqlarını deməkdən, nümayiş etdirməkdən çəkinmirlər." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

O, qeyd edib ki, elə götürək, nəhəng qonşu Rusiyanı və cəmi 3 il öncə Xarici işlər nazirinin dili ilə açıq şəkildə "Qarabağ Azərbaycanın daxili işi deyil" deyən Rusiyanın Prezidenti bu gün "Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz" deyir.
"Həmin Rusiyanın həmin Xarici işlər naziri eynən belə deyirdi: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox qərar qəbul edilib. İlk növbədə münaqişənin gərgin vaxtında BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş, atəşin dayandırılmasını tələb edən qətnamələri göstərmək olar. Bu qətnamələrin işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı tələbi qüvvədədir. Ancaq bu, heç bir halda güc yolu ilə olmamalıdır və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi ilə ahəngdarlıq təşkil etməlidir. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil".
İndi isə Rusiya daha ali səviyyədə deyir ki, hazırda müharibə Azərbaycan dövlətinin ərazisində gedir, beynəlxalq hüquqa görə bizim ora qarışmaq haqqımız yoxdur.
"Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub." – bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünən Valday forumunda onlayn çıxışı zamanı deyib.
Əlbəttə, öncəbhədə baş verənlər fonunda Azərbaycan-Türkiyə hərbi-siyasi münasibətləri indi maraqlı tərəflərin ən çox diqqət yetirdiyi mövzulardan biri, bəlkə də, birincisidir. Rusiya Xarici işlər naziri daha bu günlərdə Türkiyəni danışıqlar masasında arzu etmədiklərini, hətta, diplomatik nəzakəti də gözləmədən, Türkiyəni Rusiya üçün etibarlı tərəfdaş saymadığını işarə etmişdi. Budur, Rusiya prezidenti Vladimir Putin Güney Qafqazda baş verən proseslərdən, o cümlədən Türkiyə ilə münasibətlərdən danışarkən deyib: "Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır. Digər sahələrdə olduğu kimi hərbi texniki sahədə də belədir".
Nə baş verir? Daşıdığı səlahiyyətlər, malik olduğu informasiya, o informasiyaların emalı, təhlili imkanları baxımından Prezident Xarici işlər naziri ilə müqayisə oluna bilməz, əlbəttə. Əlbəttə, dövlətin mövqeyini, hadisələrin inkişafına baxışını məhz dövlət başçısı düzgün izah edir, onun sözü daha üstündür; ancaq onu da dana bilmərik ki, Lavrov özü də sıradan bir adam olmayıb, sadəcə proqnoz verən siyasətçi, təhlil aparan ekspert deyil. O, 16 ildir Rusiya Federasiyasının Xarici işlər naziridir və onun dedikləri gözardı edilə bilməzdi. Uzun sözün qısası, Lavrovun açıqlamaları yalnız fərdi duyğu-düşüncələrin məhsulu sayılmaz. Ola bilər, ifadə şəkli, sözlərə yüklədiyi tünd rənglər vardı, amma enində-sonunda sözləri, rəsmi Kremlin siyasi-diplomatik mətbəxinin ətrini, dadını-duzunu, yaxud duzsuzluğunu sezdirirdi...
Beləliklə, 27 sentyabrdan sürətlə dəyişən situasiya artıq Lavrovun deyil, onu vəzifəyə təyin edən Prezidentin sözləri ilə məqbul məzmunda şəkillənir. Bu şəkillənmənin mahiyyətini qısa şəkildə necə izah etmək olar? İlk növbədə, Azərbaycan mövqeyi ədalətlidir, Azərbaycan haqlı tərəfdir. Doğrudur, Azərbaycan həmişə ədalətli və haqlı olub, indi isə gücünü sahəyə yansıtmış tərəf olmaqla seçilir. Deyə bilərsiz ki, Azərbaycanın Ermənistandan güclü olduğu zatən bilinirdi, dəyişən nədir? Dəyişən odur ki, Azərbaycan əlverişli beynəlxalq vəziyyəti düzgün qiymət¬lən¬di¬rərək, gərəkən addımları atdı. Azərbaycan işğala məruz qalan tərəf olsa da, güclü ola-ola, sülh danışıqlarında təmkin, səbr nümayiş etdirə-etdirə, sülh arayışlarına uzunmüddətli dəstək və töhfələr verə-verə dünyanı fakt qarşısında qoydu. İşğalçı bizdən gücsüz ola-ola, öz Müdafiə nazirinin timsalında nümayişkəranə şəkildə "yeni müharibə - yeni ərazilər" formulu ilə çıxış etdi, "guya demokrat" baş nazir Paşinyan daha nümayişkəranə şəkildə "Qarabağ Ermənistandır. Nöqtə" dedi. Bu azmış kimi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı su yoluna döndərdi, gəlib bizim Şuşada, bizim suyu içib, bizim havanı udub, hələ bir də bizim havaya yallı getdi, sərxoş halda bizə acıq verdi. Bununla da ürəyi soyumayan Paşinyan işğal bölgəsində qanunsuz məskunlaşmanı sürətləndirdi, iri infrastuktur layihələr icra etdi, özünü Qarabağın baş hakimi-mütləqi kimi aparmağa həvəsləndi. Hələ bizimlə ironiya da etdi, "danışıqlar istəyirsizsə, mənimlə yox, gedin, Arutyunyanla danışın" həyasızlığını etdi. Ardınca, Tovuza qanlı, təlafat və dağıntılı hücum, Goranboya kəşfiyyat-diversiya qrupu göndərmək Paşinyanın qudurğanlığının hədd-hüdud tanımadığını əyani göstərirdi. Hər dəfə də Azərbaycan Prezidenti mühüm beynəlxalq platformalarda, o cümlədən BMT tribunasından dünyanı xəbərdar edirdi, təcavüzkara "Dur!" deməyə çağırırdı. Cənab İlham Əliyev dünya birliyini xəbərdar edirdi ki, təcavüzkar cəzlandırılmadıqca, yeni təcavüzkarlıqlara həvəslənir.
Nəhayət, 27 sentyabr, istirahət günü, səhər saat 06.00-da Ermənistan silahlı qüvvələrinin işğal altındakı torpalqrımızdan növbəti irimiqyaslı hücumu, o cümlədən mülki əhaliyə atəş açması bardağı daşıran son damla oldu! Artıq söz Azərbaycan ordusununuydu! İldırımsürətli əks-hücumla düşmənin bütün hərbi-siyasi miflərini darmadağın edən müzəffər ordumuz yeni situasiya yaratdı. Bu situasiyanın diplomatik-siyasi tamamlanmasını Ali Baş Komanadanımız, hərb cəbhə¬sində olduğu kimi, bütün cəbhələrdə də, o cümlədən öyrədilmiş, "ev tapşırıqlı" suallarla çıxış edən bəzi xarici TV-lərə müsaibələrdə də mükəmməl şəkildə həyata keçirir. Azərbaycan bütün sahələrdə vahid komanda halında fəaliyyətdədir. Azərbaycan dövlət-xalq birliyinin təntənəsini yaşayır. Azərbaycan Prezidentinin sarsılmaz siyasi iradəsi əsgərimizə, diplomatımıza, sıravi vətəndaşımıza güc-qüvvət verir! Azərbaycan irəliləyir!
Bax, yaxın-uzaq dövlətlərin, doğma-yad qurum-quruluşların mövqeyində tərəqqi də ilk növbədə məhz bu amillərlə şərtlənir!
Burada, əlbəttə, qardaş Türkiyənin hərbi, siyasi-diplomatik, iqtisadi cəhətdən bizlərə sevinc və qürur bəxş edən yüksək inkişaf səviyyəsinə çatması da çox önəmli rol oynayır. O yüksək səviyyəsi ilə "Bütün şərtlərdə Azərbaycanın yanındayıq, "Bir millət iki dövlət"ik, gərəkirsə, "Bir millət, bir dövlət" kimi də hərəkət edərik!", ismarıncı müstəsna rol oynayır. Uzaqdakı qardaşımız Pakistanın, strateji müttəfiqimiz Ukraynanın, Bosniya-Hersoqovinanın, Əfqanıstanın, ortaq türk qurum-quru¬luşlarının, TürkPA, Türk Akademiyası, TÜRKSOY Bəyanatları, Azərbaycanın sədrlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatının mövqeyi özünə¬məxsus rol oynayır.
Bax, bütün bu olanlardan sonra bizim qarşımıza nə ilə çıxsınlar, nə tələb etsinlər? –
Səbrmi? Səbri artıqlaması ilə göstərmişik. Təmkin? Onun da ən yaxşı örnəklərini yaratmışıq. Danışıqlarmı? Heç vaxt imtina etməmişik danışıqlardan. Ədalətmi? Onu da biz axtardıq, tapmadıq, indi özümüz təsis edirik, özümüz. Bəlkə referendum... status?.. Çox gecikmisiz, əfəndilər, çox!
Bizim daxili işlərimizə qarışmayacaqsız, məhz daxili işlərimizə..!
Azərbaycanda yaşamaq istəyən Qarabağ erməniləri ilə Xarici işlər, Müdafiə nazirlikləri deyil, Daxili İşlər Nazirliyimiz və Prokurluğumuz məşğul olacaq. Azərbaycan Respublikası Konsti¬tuasiyasını qəbul edən, hərbi cinayətlərdə iştirak etmədiyini sübut edən sadə ermənilər qanun¬ve¬riciliyin tələblərinə uyğun şəkildə "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi" üçün müraciət edər, müraciətinə baxılar...
Başqa sözü olan varmı? Buyursunlar! Biz onları Şuşada, Cidır düzünə dəvət edər, orada söhbət edərik, görək nə deyirlər. Məsələn, bizim Qarabağda bərpa edəcəyimiz turizm obyektlərinə öz ölkələrindən ildə nə qədər turist göndərə bilərlər? Yaxud "Şuşa Beynəlxalq Musiqi Festivalı"nda neçə ansamblla iştirak edəcəklər və s. Öz dövlətinə, öz ordusuna, Ali Baş Komandanına sarsılmaz inam Qarabağ inancı xarüqələr yarada bilir!..", deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə