"Prezident erməni ideoloqların layihələrini məhv etdi" Məlahət İbrahimqızı

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz hər gün yeni-yeni ərazilərimizi işğaldan azad edir. Cənab Prezident Azərbaycan xalqına son müraciətində Zəngilan şəhərinin və digər bir sıra yaşayış məntəqələrinin aza edilməsi müjdəsini verdi. Bundan başqa, dövlətimizin başçısı mütəmadi olaraq tvitlərdə qələbə müjdələrini çatdırır. Bu qələbə müjdələri xalqımızın hədsiz sevincinə səbəb olur. Çünki 30 illik torpaq həsrətimizə son qoyulur”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan həmişə sülh tərəfdarı olub, dövlətimizin başçısı bunu dəfələrlə bəyan edib. Çünki müharibə itki, dağıntılar deməkdir. Cənab Prezident hər zaman qeyd edib və bu gün də erməni cəmiyyətinə mesaj verir ki, ölkəmiz sülh tərəfdarıdır. Ermənistan işğal etdiyi torpaqlarımızdan ordusunu çıxararsa, regionda davamlı sülh təmin olunacaq və bölgə daha da inkişaf edəcək. bu inkişafdan Ermənistan da faydalanacaq.

Millət vəkilinin sözlərinə görə, bu çağırışlara baxmayaraq, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin həllinə maraqlı deyil, destruktiv mövqe nümayiş etdirir. O deyib ki, Ermənistan hakimiyyəti öz xalqını fəlakətə aparır, hakim eilta indiyə qədər erməni diasporunun və lobbisinin hesabına azğınlaşıb: “Ona görə də, dövlətimizin başçısı erməni xalqına müraciət edərək həmin regimi məsuliyyətə cəlb etməyə çağırıb. Erməni xalqı bu terrorçu rejimdən xilas olmalıdır. Amma Paşinyanın erməni xalqına son müraciəti göstərdi ki, o, sülhə hazır deyil, əksinə insanları müharibəyə səsləyir. Biz isə Vətənimizin bütövlüyünü bərpa edirik. Əgər erməni qoşunları xoşluqla torpaqlarımızdan çıxsa, hərbi əməliyyatlar dayanacaq. Bundan sonra sülh təmin edilərək bölgədə quruculuq işləri başlayacaq, 1 milyon azərbaycanlı öz doğma torpaqlarına qayıdacaqlar. Cənab Prezident qeyd edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Bu torpaqlar işğalçılardan təmizləndikdən sonra erməni vətəndaşlarımızı da firəvan həyat gözləyir, onlar ölkəmizin digər vətəndaşları kimi bütün hüquqlarla təmin olunacaqlar”.

M.İbrahimqızının fikrincə, hazırda apardığımız mübarizə bizim qurtuluş savaşımızdır: “İnanıram ki, tezliklə zəfər bayrağımızı Xankəndidə, Şuşada asacağıq. Bu, tarixdə çox mühüm hadisədir. Azərbaycan xalqının bu mübarizəsi işğaldan əziyyət çəkən digər xalqlar üçün də motivasiya olacaq. Eyni zamanda, bu mübarizəmiz Ermənistanın havadarlarına da bir dərsdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı bu mübarizə erməni ideoloqlarının yüzillərlə mövcud olan layihələrini məhv etdi. Hesab edirəm ki, onlar bundan sonra bu haqda heç vaxt düşünməyəcəklər. Müdrik rəhbər, dövlət xadimi İlham Əliyevin adı isə böyük sərkərdə kimi də dünya tarixinə yazılacaq”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə