"Azərbaycan bir məsələdə danışıqlara qatıla bilər ki..." ÖZƏL-MÖVQE

"Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlaması, sülhə hazır olmaması və Qəbələ, Siyəzənə raketler atılması Qarabağ məsələsində hər hansı danışıqlarda Azərbaycanın güzəştə getməsini istisna edir. Azərbaycan bir məsələdə danışıqlara qatıla bilər ki, heç bir muxtariyyət verilmədən dinc ermənilər gəlib adi vətəndaşlar kimi yaşaya bilər". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, NATO və digər Avropa ölkələri Azərbaycanın apardığı əks-hücum əməliyyatlarında neytraldır və beynəlxalq hüquqa istinad edirlər: "Məhz Ermənistan prezidenti Armen Sarkisyanın NATO Baş katibi ilə görüşündən əliboş qayıtması, Alyansın bu məsələdə obyektiv mövqeyinə söykənir. Həmçinin uzun illərdir ki, məhz Ermənistanın təcavüzkar siyasətindən dolayı NATO Cənubi Qafqazda möhkəmlənə bilmirdi. Belə olan təqdirdə A. Sarkisyanın bu səfəri nəticəsiz olmalı idi.

NATO rəsmisinin Qarabağ məsələsi ilə verdiyi açıqlamada göstərir ki, Azərbaycan artıq muxtariyyətin verilməsində maraqlı deyil. Qeyd edim ki, bundan sonra Yenilənmiş Madrid prinsipləri, Baza prinsipləri və muxtariyyət məsələləri arxivdə qaldı. Bu həll variantları yalnız danışıqlar mərhələsində qüvvədə idi. Müharibədən sonra hansı danışıqlar ola bilər ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.

Azərbaycan artıq müharibə ilə rayonları alır və Ermənistanın tam məğlubiyyətindən sonra 5+2 və yaxud digər həll variantlarına qayıtmaq mümkün deyil. Prezident İlham Əliyev də ermənilərə muxtariyyət verməmək məsələsində prinsipial mövqeyə malikdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...