Ermənistan hakimiyyətindən hesabat tələb olunur TƏHLİL

Bir zamanlar küçə və meydanlarda demokratiyadan, söz azadlığından, xalqla bir olmaqdan və açıq siyasət aparmaqdan dəm vuran beli çantalı küçə nümayişçisi, hakimiyyəti zəbt etdikdən sonra, yəni hal-hazırda təmsil etdiyi xalqı aldadır, bir çox məqamları gizlədir. Ələlxüsus, işğal etdikləri Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlarını, qələbələrini, bunun fonunda erməni hərbçilərinin məğlubiyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi vətəndaşlarından gizli saxlayır, yalan, təhrif olunmuş məlumatlarla, dezinformasiyalarla onları aldadır. Görünən budur ki, Paşinyan hər zaman açıqlıq siyasəti, xalqla dürüst dialoq tərəfdarı kimi çıxış etməsinə baxmayaraq, indi tamamilə dürüst davranmır.

Hazırda Ermənistan cəmiyyəti bir çox məqamlara aydınlıq gətirilməsini tələb edir və bu, işğalçı ölkənin mediasında da öz əksini tapır. Məsələn, Ermənistana məxsus armenianreport.com saytı yazır ki, Dağlıq Qarabağda təmas xəttində bir aya yaxındır ki, şiddətli döyüşlər gedir və çoxlu sayda erməni hərbçiləri ölür, mülki insanlar əziyyət çəkir, amma bu barədə informasiyalar onlardan gizlədilir. Qeyd olunur ki, dünən Ermənistanın baş nazirinin hər bir erməniyə müraciət səsləndirməsi, onların hərbi qeydiyyat komissiyasına gəlmək və qorunmaları üçün ayağa qalxmaq çağırışı bir çox məqamlara aydınlıq gətirir. Həmçinin qeyd olunur ki, son günlər baş verən bəzi diplomatik məsələlər təhlil edilərkən, müəyyən nəticələr ortaya çıxır ki, bu nəticələr ermənilər üçün məyusedici və həyəcanvericidir.

Düşmən mətbuatı Paşinyanın hər gün müxtəlif dünya liderlərinə zəng etdiyini də yazır. Etiraf edilir ki, Rusiya, Fransa, Almaniya, Kanada və digər ölkələrin rəhbərlərinə erməni baş naziri dəfələrlə zəng vursa da bu söhbətlərin mahiyyəti xalqa açıqlanmır. Yəni gizlədilir. Çünki, heç bir uğurlu nəticə, ümidverici məqam hasil olunmur. Əks halda, heç şübhəsiz ki, batmaqda olan və saman çöpündən yapışmaq məcburyyətindən qalan işğalçı ölkə hakimiyyəti bu barədə bar-bar bağırar, Nikolun populizmi yeni bir müstəvidə işə düşərdi. Əgər bu belə deyilsə, deməli, vəziyyət heç də onun arzuladığı kimi deyil və məhz bu səbəbdən həmin məqamlar erməni cəmiyyətindən gizlədilir ki, bunu da həmin cəmiyyət çox gözəl anlamağa başlayıb.

Hazırda erməni cəmiyyəti Nikol Paşinyanın bərk məşğul olduğunu başa düşür. Hətta, koronavirus epidemiyasının sürətlə yayılması qarşısında aciz durumunu da dərk edir. Xatırladaq ki, son sutka ərzində Ermənistanda virusa yoluxma statistikası bu ölkə vətəndaşlarını şoka salıb və gün ərzində 2306 nəfərin koronavirus infeksiyasına yoluxması epidemiyanın bu ölkəni kosmik sürətlə cənginə aldığını təsdiq edir. Heç şübhəsiz ki, koronavirusun bu dinamik yayılma tempi hərbi uğursuzluqlar altında olan ölkənin rəhbərliyinin gündəlik problemlərinə, daha dəqiq desək, bəlalarına əlavə edilib.

Bu məqamlarda erməni cəmiyyətini düşündürən ən çox nə ola bilər? Paşinyanın dünyanın aparıcı siyasətçiləri ilə danışıqlarının nədən ibarət olması işğalçı ölkə vətəndaşlarını narahat etməyə bilərmi? Bu qədər məğlubiyyətlərin, itgilərin fönunda erməni cəmiyyətinin atəşkəsə nail olmaq istəyi, daha döğrusu, arzusu başadüşüləndir, amma bunun müqabilində mövcud hakimiyyətin onlara nə vəd etdiyi vətəndaşlarını daha çox maraqlandırırsa da bütün bunlar Paşinyan və onun hakimiyyət komanası tərəfindən gizlədilir, ya da təhrif olunaraq verilir. Döyüşü dayandırmağın, sülhün və ya heç olmasa barışığın “qiyməti”nin nə qədər və nədən ibarət olması bu işğalçı ölkə vətəndaşlarını necə maraqlandırmaya və yuxularını ərşə çəkməyə bilər?
Maraqlıdır, qondarma Dağlıq Qarabağ respublikasının əldəqayırma başçısı Arayik Arutyunyan Ermənistan ərazisində əməliyyat qərargahı yaradırsa, hansı danışıqdan söhbət gedə bilər və danışıq aparmaq istəyən tərəf bu addımı atarmı? Deməli, danışıq, razılaşma işğalçı tərəfin ağlından belə keçmir və bunu erməni cəmiyyəti özü hamıdan yaxşı başa düşür. Əbəs yerə deyil ki, Nikol Paşinyan bundan sonra Qarabağ probleminin siyasi bir həll yolu olmadığını bəyan edir. Absurd vəzyyət həm də onunla əlaqədardır ki, erməni baş nazirin belə bir bəyanatından sonra bu ölkənin hakimiyyəti, siyasi-hərbi rəhbərliyi xarici işlər naziri Zohrab Mnatsakanyanı Moskvaya və Vaşinqtona göndərir. Çox güman ki, baş nazir danışıqlar görünüşü yaratmağa çalışır?

Başqa bir diqqət çəkən məqam da baş nazirin müavini Şavarş Köçəryanın açıqlaması ilə bağlıdır. Onun dünənki açıqlamasında bildirilir ki, KTMT-yə müraciət etmək üçün Ermənistan təcavüzə məruz qalmalıdır və göründüyü kimi belə bir təcavüz barədə onlar məlumat verə bilmirlər, çünki, təcavüzdən söhbət gedə bilməz və bu ancaq işğalçıların özlərinə aiddir. Bəli, Ermənistan təcavüzə məruz qalmayıb və Azərbaycan öz torpaqlarını işğaldan, elə məhz təcavüzdən azad edir ki, buna ermənilər təcavüz donu geyindirə bilmirlər, bunu bacarmırlar. Əks halda haray-həşirlərindən qulaq batardı. Düməli, başqalarının qulağını doldurmaq istəyən bu toplum özü belə bunu deyə bilmir bu qədər həyasızlıqlarının fonunda.

Ermənistanın prezidenti də qəribə davranır. Brüsselə gedir, orada Avropa Şurasının prezidenti Josep Borrell və NATO baş katibi Jens Stoltenberg ilə danışıqlar aparır. Armen Sarkisyan yoxsa Avropa elitasına müraciət etmək istəyir? Görəsən, Ermənistan prezidenti hansı nəticələrlə qayıdıb? Qərb Paşinyan oyunbazlığından sonra, indi ermənilərlə hansı oyunu oynamağa hazırlaşır? Ermənistanı və erməniləri indi hansı oyunun qurbanı olmaq gözləyir? Bu suallar daha çox erməni cəmiyyətini maraqlandırır indi. Maraqlandırmaqla yanaşı narahat edir. Çünki, ikicə il öncə işğalçı ölkənin əhalisi kütlə şəklində meydanlara daşıdılaraq beli çantalı bir səriştəsizin, bacarıqsızın əlində alətə döndərildiyi qənaətinə gəlməyən yoxdur və onların narahatlıqları da başadüşüləndir. Məhz bu baxımdan da erməni cəmiyyəti Sərkisyandan və ilk növbədə Paşinyandan bu danışıqların təfərrüatlarını, planlarını, məqsədlərini və etdiklərini ictimaiyyətə təqdim etmələrini gözləyir. Görünən budur ki, Paşinyan hər zaman xalqa, kütləyə açıqlıq siyasəti barədə danışmasına baxmayaraq bu vədinə də əməl etmir, indi Ermənistan vətəndaşları ilə heç dürüst davranmır.

Zohrab Mnatsakanyanın da Vaşinqtonda və Moskvada konkret nəyi müzakirə etdiyini bilmir ermənilər. Amma bilmək istəyirlər. Paşinyanın özünün Dağlıq Qarabağ problemi ilə bağlı dünya liderləri ilə mütəmadi olaraq nə danışdığını da, Sarkisyanın NATO rəhbərliyi ilə nədən danışdığını da bilmək arzusundadırlar. Bu xalq bunları bilmək isyətir ki, sonra öz nəticələrini çıxarmağı bacarsın. Heç olmasa nəyə hazırlaşacağını bilsin. Bu, onların atalarının, qardaşlarının əbəs yerə qanı ilə zəbt etdikləri ərazilərin təslim edilməsi ola biləcəyi də istisna deyil. Çünki, sonda bununla nəticələnəcəyini özləri hamıdan yaxşı bilirlər. Amma, bütün bunlarla yanaşı, hesabat verməli olduğu qənaətindədirlər və düşünürlər ki, Ermənistan hakimiyyəti, hərbi-siyasi rəhbərliyi erməni xalqına hesabat verməlidir. Düşünürlər də yox, artıq Ermənistan hakimiyyətindən hesabat tələb olunur. Deməli, erməni cəmiyyətinin, indi siyasi elitaya cavablardan daha çox sualı var. Və vətəndaş olaraq rəhbərlərinin onların taleyini necə həll etdiyini bilmək hüququna malikdirlər. Məsələ burasındadır ki, bu hüquqdan istifadə edəcəkləri məqamda Ermənistan hakimiyyətinin vəziyyəti bundan daha acınacaqlı olacaq. Çünki, ən azından 8 yüz nəfərdən bir qədər artıq canlı qüvvə itgisi verdiyini deyən erməni hakimiyyəti, şəxsən Nikol Paşinyan və onun komandası 10 mindən çox əsgər ölümlərinə, daha doğrusu, 10 mindən artıq hərbçinin qırğına verilməsinə görə bu əsgər analarının qarşısında cavab verməli olacaq ki, bu da müharibə məğlubiyyəti fonunda daha böyük kataklizmlər vəd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə