112 ton qızıl üçün silah və əsgərlər yığırlar - ŞOK İDDİA

Ermənistanla toqquşmalarda döyüş meydanında böyük üstünlük qazanan Azərbaycan ordusu addım-addım qələbəyə doğru irəlilədikcə, işğal olunmuş ərazilərdə qanunsuz qazanc əldə edən şirkətlərdə böyük çaxnaşma başlayıb. Bu şirkətlərə ən öndə liderliyi bölgədəki qızılın yüzdə 99-una nəzarət edən Rusiyanın "GeoProMining Gold" şirkətidir.

"GeoProMining Gold" şirkətinin prezidenti Roman Xudoliy və şirkətin yerli nümayəndəsi Ruzanna Qriqoryan

Qarşıdurmaların şiddətləndiyi ilk vaxtlarda istehsalını dayandıran şirkətin, Azərbaycanın vəziyyəti nəzarəti altına almasından sonra milyardlarla dollarlıq qızıl ehtiyatından əl çəkməmək üçün bölgəyə çoxlu sayda silah və muzdlu əsgər toplamağa başladığı iddia edilir. Həmin şirkətin Dağlıq Qarabağ bölgəsində istismar etdiyi mədəndə 112 tondan çox qızıl ehtiyatının olduğu məlumdur. SİA xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin təxribatından sonra 27 sentyabrda əks-hücuma keçən və 26 gün ərzində işğal olunmuş 3 şəhər, 1 qəsəbə və 94 kəndi geri alan Ordumuz bölgənin taleyini həll edəcək Şuşa şəhərinə yaxınlaşmaqdadır.

Kəlbəcər, Laçın, Ağdərə və Zəngilan tutulduqdan sonra Azərbaycan Laçın dəhlizini tam nəzarətə götürəcək və mütəxəssislər Şuşanın geri alınmasından sonra danışıqlar masasının qurulacağını vurğulayırlar.

Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsi müxtəlif yeraltı sərvətlər və qızıl və mis mədənləri ilə zəngin bir bölgə kimi tanınır. Bölgədə qızıl, mis, sink və dəmir kimi qiymətli metalların 150-dən çox ayrı yatağının olduğu və bu yerlərin qanunsuz olaraq işlədildiyi və məhsulların bir çox ölkəyə ixrac edildiyi məlumdur.

"Yeni Şafak" qəzetinin müxbiri Kenan Biterin verdiyi xəbərə görə, Dağlıq Qarabağ bölgəsindəki qızıl ehtiyatlarının 112 tondan çox olduğu və qızılın 99 faizinin Rusiya şirkətləri tərəfindən istismar edildiyi və dünyaya satıldığı bildirilir. Bu şirkətlərdən ən böyüyü "GeoProMining Gold"-dur. Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanın kəskinləşməsindən sonra şirkət təhlükəsizlik səbəbi ilə mədənlərdə istehsalını dayandırıb və işçilərini müddətsiz məzuniyyətə göndərib. Ancaq bölgədən alınan son məlumatlara görə, Rus şirkətinin mineral yataqları ilə zəngin bölgədəki milyardlarla dollarlıq qızıldan asanlıqla əl çəkməyəcəyi iddia edilir.

Uzun illərdir işğal altındakı Kəlbəcərin qızıl yataqlarını istismar edən şirkətin, külli miqdarda silah və muzdlu toplayaraq bölgənin tam azad olmasının qarşısını almağa çalışdığı iddia edilir. 27 ildir Azərbaycanın sahib olduğu torpaqlardan qızıl çıxararaq milyardlarla dollar qazanan şirkət, Kəlbəcər bölgəsindəki qızıl mədən yataqlarını itirməklə böyük bir iflas yaşayacaq. Məsələ burasındadır ki, Ermənistan indiki və keçmiş hökumətində təmsil olunan bir çox siyasətçi "GeoProMining Gold" şirkətinin idarə heyyətində təmsil olunur.

Digər tərəfdən, Kəlbəcər tamamilə azad edildikdən sonra Azərbaycan hökumətinin mədənlərin istismarı ilə, eyni zamanda indiyədək vurulan zərərə görə təzminat ödənilməsi ilə bağlı tədbirlər görəcəyi qaçılmazdır. Şirkətin rəhbərləri bunun fərqindədirlər

İşğal olunmuş Azərbaycan ərazilərindəki mədənlərin istismarı və ixracı ilə bağlı hesabatların hazırlanması və beynəlxalq məhkəmələrdə müvafiq şirkətlərə qarşı yüzlərlə cinayət işi açılması planlaşdırılır. Azərbaycanın bu işlərdən külli miqdarda təzminat qazana biləcəyi xüsusi vurğulanır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə