Ermənilərin barbarlığını sübut edən çoxlu faktlar var - MÜSAHİBƏ

I Qarabağ müharibəsi zamanı mülki və hərbi əsirlərlə rəftar Ermənistan dövlətinin bir daha təcavüzkar və terror dövləti olduğunu əyani və hüquq cəhətdən sübut edir. Əsirlərlə rəftar və işgəncələr o cümlədən saya-hesaba sığmayan erməni vəhşiliyi ilə əlaqədar AMEA Şərşqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının SİA-ya müsahibəsini təqdim edirik:

- Əsirlərlə rəftar və işgəncələr haqda erməni vandalizmi haqda hansı faktlar var?

- Ümumiyyətlə, əsirlərlə rəftar tarixdən bugünə kimi istrər həbiçilərə, istərsə də mülki əhaliyə qarşı ermənilərə həm yad bir hüquqi termindir, həm də ermənilərin düşünülmüş şəkildə insanlığa, bəşəriyyətə etdiyi cinayətlərdən birdir.
Ermənistanın hərbi-siyasi rəhbərliyi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli və düşünülmüş şəkildə soyqırımı və vandalizm siyasətini yeridir. Minlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı istər yerli, istərsə də xarici ölkələrdə olan faktlar, araşdırmalar, sənədlər, beynəlxalq və regional təşkilatlarım hesabatları göstərilir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş - onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış “xaç” nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan faktların bir qismi:
* Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni "həkimləri" tərəfindən çıxarılmış, nəticədə Şövqi şikəst olmuşdur.
* Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni "həkimi" Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur, nəticədə Arzu Hacıyev şikəst olmuşdur və 2003-cü ildə dünyasını dəyişib.
* Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə 4 mln. rus publuna ailəsinə satmışlar.
* Dadaşova Zəminə Göyüş qızı ermənilər tərəfindən girov götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən çirk eləmiş və onun bədənində çürümə prosesi getmişdir. Hazırda Zəminənin sol qolu işləmir. Girov götürülən zaman isə ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə İbadovanı yerindəcə güllələmişlər.
* Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr vermiş, mismar kəlbətini ilə onun 16 dişini çıxarmışlar.
* Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şirinova Şərqiyyə Rza qızının 8 qızıl dişi mismar kəlbətinlə çəkilmişdir. O, altı ay davamlı işgəncələrə məruz qalmışdır.
* Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Məmmədova Biniş Rəsul qızı və 69 yaşlı İsmayılova Sara Miriş qızı girov götürülüb, Xankəndi hərbi hissəsində saxlanılmışdılar. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər.
* Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb və sonradan yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyidini gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada olan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə bu günədək məlumat yoxdur.
* 1930-cu il təvəllüdlü Ağdam rayon sakini Abbasov Əli Rəsul oğlunu erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
* Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri Ağayev Mürvət Fətiş oğlunu döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışlar.
* Hərbi əsirlər - Daşdəmirov Novruz Məhəmməd oğlu və Qarayev Namiq Cavanşir oğlunu mütəmadi döyülmə, bədənlərinə qızdırılmış cismlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılmışlar.
* Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdir.
* Yaralı vəziyyətdə əsir götürülmüş Məmmədov Əbdüləzim Məcnun oğlunu rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.
* Məmmədov Mayıl Məhəmmədəli oğlunun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğa vurulmuşdur.
* Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Hüseynov Cavid Ağa oğlunun çənəsi və qabırğaları sınmışdır. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə kislota tökmüşlər.
* Yeddi aylıq Babək İlyasovun anası Afət Mirzəyeva və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələnmişlər. Qəlpələrdən Babəkin sağ gözü yaralanmışdır, lakin buna baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən qaytarmışlar. Hazırda Babəkin bir gözü kordur.

Bütün bunlar bir daha ermənilərin nə qədər vandal, qəddar, terrorist olduğu bir daha bütün sahələrdə özünü göstərir. Təbii ki, Ermənistan və onu dəstləyən qüvvələrin siyasətinə baxmayaraq, Azərbaycan xalqı və Şanlı Ordumuz bütün şəhidlərimizin qanını alacaq. Bu gün bu missiyanı Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli şanlı ordumuz qısasını alır və almaqda da davam edəcəkdir.

- Təcavüzkar Ermənistanın işğal zamanı əsir götürülmüş mülki əhaliyə qarşı hansı terrorları olub?

- Böyük dövlətləriun və regional güclərin dəstəyilə tarixi Azərbaycan torpaqlarında yerləşdiriklə ermənilər azərbaycanlılara qarşı həmişə terror, təcavüz və etnik təmizləmə siyasəti həyata keçirmişlər, bu siyasət bugün də davam edir.
1993-cü ildə yaradılmış Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 23 il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı toplanmış materialların təhlili deməyə əsas verir ki, Ermənistan Respublikası "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun əlavə protokollarını, Haaqa Konvensiyası və onun protokolarının tələblərini kobud surətdə pozaraq Azərbaycan vətəndaşlarına qarşı məqsədli surətdə təcavüzakar və soyqırımı siyasəti yeridir. Dinc əhalinin kütləvi şəkildə əsirlər boyu yaşadıqları ərazilərdən silah gücünə qovulması, yaşayış məntəqələrinin, tarixi abidələrin, qədim qəbiristanlıqların dağıdılması, insanların kütləvi şəkildə qətlə yetirilməsi, girov götürülməsi, dözülməz işgəncələrə məruz qoyulması, heysiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver obyektinə çevrilməsi söylədiklərimizə əyani bir sübutdur.
1992-ci ildə Xocavənd rayonunun işğalı zamanı Ermənistan hərbçiləri Qaradağlı kəndindən girov götürülmüş 118 nəfər dinc sakinini Xankəndinə apararkən onlardan 33 nəfərini yolda güllələmişlər. Qətlə yetirilənlər arasında 10-12 yaşına qədər uşaqlar və qadınlar da olmuşdur.
Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda girov götürülmüş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə öldürülmüş, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilmiş, Kəlbəcər rayonunun "Tunel" adlanan yerində güllələnən dinc sakinlər iz itirmək məqsədi ilə yük avtomobilinin üstünə yığılaraq maşınla bir yerdə yandırılmışdır. Bu günahsız soyqırım qurbanlarının böyük hissəsi qadınlar və uşaqlar idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 PDM (piyadaların döyüş maşını), 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. "Xocalının işğalına dair istintaq materiallarından" məlum olur ki, Xocalının işğalı zamanı Ermənistan və Rusiya hərbçilərinin qətlə yetirdiyi 613 Xocalı sakininin 63 nəfərini azyaşlı uşaqlar, 106 nəfərini isə müxtəlif yaş hədlərində olan qadınlar təşkil etmişdir. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Hazırda (01.10.2016-cı il tarixə olan məlumat) 186 nəfər (onların arasında 31 uşaq (11 qız), 59 qadın, 33 qoca (20 qadın) var) Xocalı sakini itkin düşmüş şəxs kimi axtarışdadır. İtkin düşmüş həmin 186 nəfərdən 95 nəfərinin ermənilər tərəfindən əsir və girov götürülməsi barədə şahid ifadələri əldə mövcuddur. 95 nəfərin arasında 12 uşaq (2 qız), 23 qadın, 11 (7 qadın) qoca var. Aparılmış əməliyyat - istintaq araşdırması zamanı sübut olunmuşdur ki, şəhərə hücumda 366-cı alayın milliyətcə erməni zabiti, mayor Oqanyan Seyran Muşeqoviçin (hazırda Ermənistan Respublikasının Müdafiə naziridir) komandanlığı altında olmuş 2-ci taboru, Yevgeni Nabokixinin komandası altında 3-cü taboru, 1-ci taborun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak etmişdir.
Hadisədən sonra əldə olunmuş bəzi meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa, girovluqdan qaçmağa müvəffəq olmuş sakinlərin ifadələrinə, eləcə də digər dəlil sübutlara əsasən, ermənilər ələ keçirdikləri dinc sakinlərə ağlasığmaz işgəncələr verir, onlara qarşı qeyri-insani davranış nümayiş etdirirmişlər.

- Azərbaycan Respublikasının əsir və girovlarla bağlı hansı tədbirlər görülür?

- Qərargahı Bakıda yerləşən Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü yardım və xidmət göstərən qeyri-kommersiya təşkilatıdır və dövlət qanunlarına əsasən idarə olunur. Onların missiyası "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və insanlığın gücünü bir araya gətirərək həssas insanlara xidmət etməkdir". Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təsis edilmişdir. 1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti keçmiş SSRİ Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir. 1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin, 1993-cü ilin mayında isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycanda nümayəndəliyi açılmışdır. 1994-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq respublikamızda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi humanitar təşkilat kimi təsdiq edilmiş, 1995-ci il noyabrın 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyəti rəsmən tanınmışdır. Həmin il noyabrın 26-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının daimi, bərabərhüquqlu, həqiqi üzvü seçilmişdir. Bundan başqa, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında Fövqəladə Hallara Hazırlıq və Yardım Komissiyasına üzv seçilmiş, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Kiyev və Berlin konfraslarının işçi qrupu çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti həmsədr kimi çıxış etmişdir. 2004-cü ilin 31 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında" sərəncam imzalamışdır
Bundan başqa, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əsas məqsədləri bunlardır: Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir; əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir; Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir; əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işin vəziyyəti barədə məlumatlar, ümumiləşdirilmiş arayışlar və müvafiq təkliflər hazırlayır; əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar digər dövlətlərin nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, zəruri hallarda rəsmi görüşlər keçirir; Cenevrə Konvensiyalarının tələbləri pozulduğu hallarda, bu konvensiyaların müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması barədə təşəbbüs göstərir; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir; əsirlikdən və girovluğdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiya üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məktub, ərizə və müraciətlərə baxılmasını təmin edir; Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür; hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində çəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir; Komissiya fəaliyyətini aşkarlıq zəminində qurur, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır; Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.

- I Qarabağ müharibəsində ermənilərin insanlığa sığmayan hərəkətləri necə olub?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı statistik məlumatlarda qeyd olunur ki, Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3890 nəfəra) hərbçilər - 3171 nəfər, mülki şəxslər - 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca), kişilər - 3623 nəfər, qadınlar - 267 nəfər. Qeydiyyata alınmış itkinlərdən əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər - 872 nəfər, hərbçilər - 605 nəfər, mülki şəxslər - 267 nəfər (29 uşaq, 98 qadın, 112 qoca), kişilər - 774 nəfər, qadınlar - 98 nəfər. Əsir və girovluqdan azad edilmiş şəxslər - 1480 nəfər, hərbçilər - 378 nəfər, mülki şəxslər - 1102 nəfər (224 uşaq, 357 qadın, 225 qoca), kişilər - 1123 nəfər, qadınlar - 357 nəfər olmuşdur.
1988-2005-ci illərdə 1368 Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edilmişdir. Bunlardan 169 nəfəri uşaq, 338 nəfəri qadın, 286 nəfəri qocalardır. Faktlar və sənədlər göstərir ki, itkin düşmüş 4852 vətəndaşdan ən azı 783 nəfəri (18 nəfər uşaq, 46 nəfər qadın, 69 nəfər qocalar) ermənilər tərəfindən əsir, yaxud girov götürülmüş, lakin bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilmişdir. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilmişdir. Əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət Beynəlxalq işçi qrupu və BQXK bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülməsi və sonrakı taleləri barədə məlumatların gizlədilməsinə dair faktları təsdiq edirlər.
Azərbaycan tərəfinə daxil olan məlumatlar göstərir ki, qeyd olunan siyahıdakı şəxslərin böyük əksəriyyəti erməni əsirliyində öldürülmüş, yaxud işgəncə və xəstəliklərdən vəfat etmiş, az bir hissəsi isə indi də gizlədilərək Ermənistanda və işğal olunmuş ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə olunurlar.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının erməni vandalimizminin əsirlərlə rəftarı haqqqında internet səhifəsində belə qeyd edilmişdir: “Etik nöqteyi-nəzərdən və girovluqdan azad edilmiş hər iki cinsdən olan insanların müəyyən hissəsinin sağ olmasını (konfidensiallıq prinsiplərini) nəzərə alaraq, Ermənistan hərbçiləri və muzdlu terrorçu-quldur birləşmələri tərəfindən onlara qarşı müxtəlif formalı qeyri-insani, o cümlədən cinsi təcavüzlər barədə məlumatlar Dövlət Komissiyası tərəfindən heç bir sənəddə və arayışda açıqlanmır. Qeyd olunanlar Ermənistan hərbçiləri tərəfindən törədilmiş cinayət faktlarının müəyyən bir hissəsidir”.

- Hazırda girov saxlanınanlara münasibət necədir? Beynəlxalq hüquqda hansı qanunlarda öz əksini tapıb?

- Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il 12 avqust 12-də Cenevrə Konvensiyası (11 Qətnamadən ibarət 1949-cu il tarixli Cenevrə Diplomatik Konfransının qətnamələri, 13 maddədən ibarət Tibbi Yardım və Təhlükəsizlik Zonaları və Əraziləri Haqqında Saziş Layihəsi (I Əlavə), 8 maddədən ibarət Kollektiv Yardıma aid Qaydalar layihəsi (II Əlavə), 1949-cu il 12 avqust 12-də Cenevrə Konvensiyaları və onlara əlavə protokollar (I Əlavə. Əlavə tibbi yardım zonaları və yerləri haqqında Saziş layihsəsi) və1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar, Hərbi əsirlər ilə rəftara dair 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyası ( I Əlavə. Yaralı və Xəstə hərbi əsirlərin birbaşa Vətənə qaytarılması və neytral ölkələrdə yerləşdirilməsi haqqında nümunəvi Saziş (110-cu maddəyə bax), II Əlavə. Qarışıq tibbi komissiyalar haqqında Əsasnamə (112-ci maddə bax), III Əlavə. Kollektiv yardıma aid qaydalar (.73-cü maddəyə bax), 14 may 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” Konvensiya və əlavə protokolar, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının, BMT Baş Assambleyasının 1962-ci il 14 dekabr tarixli, 1803 (XVII) saylı bəyannaməsi və. s-lər sənədlər qəbul edilib ki, Birinci Qarabağ müharibəsində Ermənistan hərbi-siyasi rəhbərliyi tarixi torpaqlarımızda mili-mənəvi dəyərlərimizə, tarix abidələrimizə, məscidlərimizə, mülki əhaliyə qarşı beynəlxalq səviyyədə təsbit olunmuş qərar, protokolların tələblərinə zidd hərəkətlər ediblər. Onların bu beynəlxalq hüquqa və insanlığa qarşı siyasəti Şanlı ordumuzun azad etdiyi ərazilərə baxararkən bir daha şahidi oluruq. Çox təəssüf ki, biur sıra dövlətlər, beynəlxalq və regional təəçkilatlar “Beynəlxalq Humanitar Hüquqda Neytrallıq” qeyd olunan prinsipə əməl etmirlər.
Bildiyiniz kimi, oktyabrın 10-da Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilsə də, Ermənistanın hərbi-siyasi rəhbrəliyi atəşkəsi kobud və qəddarcasına pozmuşdur. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunmuşdur. Bu razılaşmanın birinci bəndi humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunmasını nəzərdə tutur.
Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı - dünya üzrə təxminən 97 milyon nəfər könüllünü, üzvü və işçi heyətini əhatə edən beynəlxalq humanitar hərəkat olub, insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və ondan qorumaq məqsədi ilə yaradılıb. Hərəkat hüquqi cəhətdən biri-birindən müstəqil olan, lakin ümumi əsas prinsiplərlə, məqsədlərlə, simvollarla, nizamnamələrlə və idarəetmə qurumları ilə birləşmiş müxtəlif fərqli təşkilatlardan ibarətdir:
Beynəlxalq Qırmızı Xaç Komitəsi - xüsusi xeyriyyə təşkilatı olaraq 1863-cü ildə İsveçrənin Cenevrə şəhərində Henri Dünan və Gustav Moynier tərəfindən yaradılıb. Təşkilatın 25 üzv komitəsi beynəlxalq humanitar hüquqa uyğun olaraq beynəlxalq və daxili silahlı münaqişə qurbanlarının həyat və ləyaqətlərinin qorunmasında xüsusi hüquqa sahibdir. Təşkilat üç dəfə (1917, 1944, 1963) Nobel Sülh Mükafatına layiq görülüb. Beynəlxalq Qırmızı Xaç Və Qırmızı Aypara Cəmiyyətlər Federasiyası isə 1919-cu ildə yaradılıb və hazırda hərəkat daxilində 190 Milli Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti arasında fəaliyyətləri koordinasiya edir. Bu federasiya beynəlxalq səviyyədə Milli cəmiyyətlərə dəstək verir. Beynəlxalq Federasiyalar Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir. Federasiya 1963-cü ildə (o zaman Qırmızı Xaç Cəmiyyətlər Liqası adlanırdı) BQXC ilə birlikdə Nobel Sülh Mükafatına layiq görülüb.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar olaraq BQXK 1992-ci ildən etibarən ölkəmizdə fəaliyyət göstərir. Təşkilat əsas diqqəti itkin düşmüş şəxslər və münaqişə və ya təhlükəsizlik səbəblərinə görə əsir götürülmüş şəxslərə verir və təmas xətti və Ermənistanla beynəlxalq sərhəd boyunca yaşayan icmalara yardım və onların dəstəklənməsi istiqamətində işləyir. BQXK beynəlxalq humanitar hüququn həyata keçirilməsi və onun silahlı və təhlükəsizlik qüvvələrinin treninqlər və tədris proqramlarında tətbiqini təşviq edir. BQXK Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə tərəfdaşlıq şəraitində işləyir və onun potensialının möhkəmləndirilməsini hədəfləyir.
Azərbaycan Qırmızı Aypara Cəmiyyəti və Böyük Britaniya Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə BQXK təmas xətti boyunca kəndlərdə yaşayan əhalinin məşğuliyyətlərini dəstəkləməyə davam edib. Bura istehlak və suvarma üçün su ehtiyatlarından istifadə, yaşam imkanlarının verilməsi, evlərin təmiri vasitəsilə təmas xətti boyu atəş hallarına qarşı daha yaxşı müdafiənin təmin edilməsi aid olub. Münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi prioritet olaraq qalır. BQXK Əsir və itkin düşmüş şəxslər üzrə Dövlət Komitəsinə itkin düşmüş şəxslərin ailələrindən müvafiq məlumatların toplanması üzrə mərkəzləşdirilmiş sistemin yaradılması və istifadəsi və bu proses boyunca texniki yardımın göstərilməsi istiqamətində yardım göstərir. Komitə əməliyyatlar başlayana qədər Azərbaycanda 4046 şəxs itkin düşmüş kimi qeydə alınıb.

- Müsahibəyə görə, AMEA Şərşqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblıya təşəkkür edirik. Gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə