Azərbaycan bu gün özünə, ordusuna, Ali Baş Komandanına güvənir - ŞƏRH

“Azərbyacan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi ilkin mərhələdə-1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni işğalçı qruplaşmalarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdi və onların heç biri həyata keçirilmədi. Halbuki, onların keçirmək imkanları var idi”. SİA-nın məlumatına görə bunu açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu gün biz digər regionlardakı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunması ilə bağlı konkret mexanizmlərin qurulduğunu və bu qətnamələrin yerinə yetirildiyinin şahidiyik: “Azərbaycana münasibətdə isə əksi baş verdi. Ona görə də bu gün Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edir. Öz haqlı davasında böyük zəfərlər qazanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını həyata keçirir. Ona görə də mən düşünürəm ki, bu da bir növ BMT-nin nüfuzunun bərpasına xidmət edir. Çünki Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunmamış qalmışdı. Bu gün Azərbaycan Ordusu təkcə öz torpaqlarını erməni işğalçılarından azad etmir, eyni zamanda beynəlxalq hüququn tələblərini yerinə yetirir. Bu günə qədər BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünün müdafiə haqqını yerinə gətirir ki, bu da bütün dünyada istər hüquq kontekstində, istər dövlətlərararası münasibətlərdə, istərsə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar kontekstində haqlı addımlardır, təqdir olunmalıdır və təqdir olunur”

Ekspertin fikrincə, ötən müddət ərzində Azərbaycan öz suveren ərazilərini bərpa etmək üçün hüquqi bazanı bir qədər genişləndirib və onu hansısa hüququa əsaslanaraq, ittiham edə biləcək mümkün perspektiv arqumentlərin hamısını istər beynəlxalq təşkilatlardan, istər erməniləri, işağlçılığı himayə edən dövlətlərdən alıb: “Bu gün Azərbaycan ötən illər ərzində hüquqi müstəvidə və qlobal ictimai rəydə haqlı olduğunu o qədər dəqiq və əsaslı şəkildə bütün subyektlərin diqqətinə çatdırıb ki, indi heç kəs Azərbaycanın bu addımlarını qınaya bilmir. Mən düşünürəm, əslində, bu gün baş verən hərbi müstəvidə bizim azadlıq hərəkatımıza vaxtilə beynəlxalq hüququn dəstəyinin təmin olunması hadisəsi idi ki, bu gün bizi gücləndirir”.

Deputat BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olduğunu diqqətə çatdırıb: "Hansıki, o 5 daimi üzvdən 3-ü problemi həll etmək üçün mandat almış ATƏT-in Minsk qrupunun həmsədrləridir. Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa ötən proses ərzində problemin həll ilə bağlı qətiyyətli mövqe ortaya qoya bilmədilər. Yəni Minsk qrupunun fəaliyyəti uğrusuz oldu. 28 ildə, 1992-ci ildən bu günə qədər heç bir uğur əldə edə bilməyən bir qurumun fəaliyyəti fiasko deməkdir".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsi sırf milli kontekstdə bizim üçün daha böyük qurur, milli özünə inam, ordumuza güvən hadisəsidir: "Ona görə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması bizə belə bir tarixi şans yaratdı. Yəni Azərbaycan bu gün artıq beynəlxalq hüquqa, vastəçilərə güvənmir, özünə, ordusuna, Ali Baş Komandanına güvənir. Bu məsələ xeyli vaxt itirsə də, qazanılan zəfərlər tarixi hadisə, bizim qürurumuzdur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...