"Azərbaycan bu gün artıq beynəlxalq hüquqa, vasitəçilərə güvənmir" ÖZƏL-MÜNASİBƏT

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi ilkin mərhələdə-1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni işğalçı qruplaşmalarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdi və onların heç biri həyata keçirilmədi. Halbuki onların reallaşdırılması imkanları var idi”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün biz digər regionlardakı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunması ilə bağlı konkret mexanizmlərin qurulduğunu və bu qətnamələrin yerinə yetirildiyinin şahidiyik: “Azərbaycana münasibətdə isə əksi baş verdi. Ona görə də bu gün Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edir. Öz haqlı davasında böyük zəfərlər qazanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını həyata keçirir. Ona görə də mən düşünürəm ki, bu da bir növ BMT-nin nüfuzunun bərpasına xidmət edir. Çünki Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunmamış qalmışdı.

Bu gün Azərbaycan Ordusu təkcə öz torpaqlarını erməni işğalçılarından azad etmir, eyni zamanda, beynəlxalq hüququn tələblərini yerinə gətirir. Buna paralel olaraq həm də BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünün müdafiə hüququnu təmin edir ki, bu da bütün dünyada istər hüquq kontekstində, istər dövlətlərararası münasibətlərdə, istərsə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar kontekstində haqlı addımlardır, təqdir olunmalıdır və olunur. Ötən müddət ərzində Azərbaycan öz suveren ərazilərini bərpa etmək üçün hüquqi bazanı bir qədər genişləndirib və onu hansısa hüquqa əsaslanaraq, ittiham edə biləcək mümkün perspektiv arqumentlərin hamısını istər beynəlxalq təşkilatlardan, istər erməniləri, işağlçılığı himayə edən dövlətlərdən alıb.

Azərbaycan ötən illər ərzində hüquqi müstəvidə və qlobal ictimai rəydə haqlı olduğunu o qədər dəqiq və əsaslı şəkildə bütün subyektlərin diqqətinə çatdırıb ki, indi heç kəs Azərbaycanın bu addımlarını qınaya bilmir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var və faktiki olaraq onlardan 3-ü problemi həll etmək üçün mandat almış ATƏT-in Minsk qrupunun həmsədrləridir. Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa ötən illər ərzində problemin həll ilə bağlı qətiyyətli mövqe ortaya qoya bilmədilər. Yəni Minsk qrupunun fəaliyyəti uğrusuz oldu. 28 ildə, 1992-ci ildən bu günə qədər heç bir uğur əldə edə bilməyən bir qurumun fəaliyyəti, əslində, fiasko hadisəsəidir. Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsi isə sırf milli kontekstdə bizim üçün böyük qurur, milli özünə inam, ordumuza güvən hadisəsidir. Ona görə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması əslində bizi hazırki addımları atmağa məcbur etdi. Yəni Azərbaycan bu gün artıq beynəlxalq hüquqa, vastəçilərə güvənmir, özünə, ordusuna, Ali Baş Komandanına güvənir və müzəffər ordumuz torpaqlarımızı işğaldan azad edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...